Qardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.

Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.


Vaqeən çox çətin məsələdir. Mən and içərəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkil işə rast gəlməyib Biçarə nə eləsin? Və baronessa Rozen xanıma nə cavab versin? Buna hicab məsələsi deyərlər, zarafat deyil! Burada politika lazımdır.

Məlum şeydir ki, burada İsmayılbəyin cavabı iki qism ola bilərdi: ya hə, ya yox; yəni “Tərcüman” sahibi Rozen xanıma cavab verə bilərdi ki, “ey möhtərəm xanım, islamı qəbul eləməkdə və müsəlman kişisinə ərə getməkdə gözüm üstündə yerin var; amma söz yox ki, müsəlman olandan sonra, gərək üzünü örtəsən və naməhrəm kişilərə görsənməyəsən”.

Aya bu cavabı “Tərcüman” sahibi verə bilərdi, ya yox?

Mən deyirəm ki, verə bilməzdi: ondan ötrü ki, əgər İsmayılbəy belə cavab versəydi, o vaxt İsmayılbəyi yavıqdan tanıyanlar da yapışardılar onun yaxasından və deyərdilər: “Ey əzizim, sən ki, hicab məsələsini belə kəşf eləyirsən, bəs nə səbəbə…”.

Hədisi dust nəguyəm məgər behəzrəti dust
Ki aşina süxəni aşina nigah darəd.

Mən sözümün qurtaranında bir neçə nöqtə qoydum, yəni mətləbi axıra kimi söyləmədim; çünki aralıqda yad adamlar var: dostun da sirrini yada vermək – namərdlikdir.


Bəli, ya gərək İsmayılbəy belə cavab verə idi, ya da deyə idi ki, gözəl xanım, heç eybi yoxdur, sən islamı qəbul elə və bir nəfər mömün kişiyə də ərə get, sonra istəyirsən üzüaçıq gəz, istəyirsən üzüörtülü gəz. O baxar sənin ağlına, şüuruna, qabiliyyətinə, tərbiyənə, insaniyyətliyinə, səliqənə, məzaqına və xülaseyi-kəlam, nə cür kefindir, elə də rəftar elə.

Yox, bu cavabı “Tərcüman” sahibi verə bilməzdi.


Bəs nə eləyim? Elə yazma, – cavanlar inciyərlər, belə demə, – qırmızı saqqallar inciyərlər, mən də acıqdan deyərəm ki, “nəmidanəm”.

Qoy Rozen xanım yazsın bu məsələni prixod mollalarından və müctəhidlərdən xəbər alsın; əgər belə cavab gələr, – belə eləsin, elə cavab gələr, – elə eləsin.

Kaş mənim yaxam qurtarsın!

Cənab İsmayılbəy belə deyir və belə eləyir: özü baronessa Rozen xanıma cavab vermədən, deyir: “Qoy məsələyə müctəhidlər cavab versinlər”, yəni bundan bu çıxır ki, “mən bilmirəm”: yəni bundan bu çıxır ki, otuz il “Tərcüman” qəzetini yazan və indi də “Aləmi-nisvan” məcmuəsini çıxardan bir mühərrir hicab məsələsini öyrənməyib.

Bəs yazıq Molla Nəsrəddin başına nə kül ələsin? “Tərcüman” sahibi İsmayılbəyin möhtərəmə qızı Qafqaza gəlib müsəlman xanımlarını azadlığa və üzüaçıq, kişilərə görsənməyə dəvət eləyəndə hələ Molla Nəsrəddin anadan olmamışdı; amma Qafqazda hicab məsələsi söhbəti düşəndə lənəti əvvəl qabaqca Molla Nəsrəddinə oxuyurlar. Molla Nəsrəddin də “Tərcüman”ları köməyə çağıranda, onlar da özlərini qoyurlar bicliyə. İndi bəs mən nə eləyim və sözümü kimə deyim?

Nələr çəkdim, əzizim, sormadın hali-pərişanım.
Böyük bir dərdə düşdüm, qılmadın tədbiri-dərmanım!
Bu işlər boyləmi qalsın, sözün nə, ey gözəl canım,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım?!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 8 avqust 1910, №31

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Rəndə

Bəli, qızlarımızın da oxumağı getdi işinə.Bir ildən artıqdır ki, mahalları gəzirdim (yəni bir işim də yox idi, ancaq veyillənirdim). Mahallarda çox şeylər gördüm və bunu da gördüm ki, qızlarımız dəxi oxumurlar. Bunun səbəbini mən çox qurdaladım və hərə bir cür bəyan etdi: bir paralarından bunu eşitdim ki, qızların oxumamaqlarının səbəbi budur ki, inqilabdan bu yana məktəblərdə heç oğlan uşaqlarını da oxudan yoxdur. Bir neçələri də qızların oxumamaqlarına belə səbəb qoyurdular ki, onsuz da dərs kitabları və təlim şeyləri tapılmır; tapılanda da oğlan uşaqlarına heç çatmır ki, hələ qız uşağına da çatsın. Oğlanları da qoyub qızlara paylasalar, oğlanlar yumruqlayıb qızların əlindən alacaqlar.

2 min
Ağ çörək və kərə yağ

Al gəldi, Mozalan qardaş, sən ac fəhlə sözü danışırsan, amma qulaq ver gör mən nə deyirəm: “Baki[nski] raboçi” qəzeti yazır ki, bir gün ağaların biri mədənlərə gedəcək imiş ki, fəhlələrə nəsihət eləsin. Xülasə, camaat cəm olur, gözləyir, gözləyir, gözləyir, gözləyir, ağa gəlmir. Axırda fəhlələr başlayırlar əsnəməyə və istəyirlər dağılalar. Birdən telefon zəng çalır:– Hı, kimsən?

1 min
İnqilab lazım

“Dostumuz Məmmədəlini əbəs yerə özümüzdən kəmiltifat edib İrandan qovduq. Nə oldu nəticəsi: bir dılğır parlaman.Bunan bir şey olmayacaq, yenə inqilab lazım”.

1 min
Yer yoxdur

Mən ölüm diqqətnən oxuTiflis–Bakı dəmir yolu əlahiddə və müstəqil bir hökumətdir. Bu hökumət heç kəsə tabe deyil: nə Gürcüstana, nə Azərbaycana, nə İrəvana və nə də Moskvaya.

3 min

Poems by other poets · Satire