Həmşəri
Bakıdan otuz nəfər həmşəri mənə şikayət edir ki, onları şahiməğfurun təziyəsində məscidə qoymadılar. Kağızın məzmunu budur: “Biz otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri. Bir dövlətli hacı gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir bəy gəldi, həmçinin, bir xan gəldi, həmçinin; sonra hər bir rəğbətli adam gəldi, “buyur, buyu” eləyib aparıb oturtdular minbərin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri, hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmşərisiz, siz durun qapının ağzında!” Sonra hey bir ucdan çay, qəhvə, paprus daşıyıb düzdülər ağaların qabağına… Amma biz axıra kimi durduq qapının ağzında”.
Bu kağıza otuz həmşəri qol çəkib.
Ey həmşərilər, ey mənə kağız göndərən otuz nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm.
Mən indiyə kimi heç bilməzdim həmşəri nədir; mən ancaq bunu bilirdim ki, həmşəri fəhlədir, hambaldır, kankandır, biçinçidir, nökərdir, su daşıyandır, qəlyana od qoyandır, tulambarçıdır. Mən indiyə kimi elə bilirdim ki, həmşəri milçəkdir, torpaqdır, daşdır, kol-kosdur; amma heç bilməzdim ki, həmşəri də adamdı.
Əvvəllər İranın bir kəndinə yolum düşəndə görərdim ki, o kəndin ağası, ya mollası buğdanı doldurub ambarlara, amma kənddə rəiyyət görsənmir. Soruşardım: “bunlar hara gedib?”, cavab verərdilər ki, “acından dağılıblar Rusiya torpağına”.
Bu işləri görəndə mən elə bilərdim ki, həmşəri adam deyil; elə bilərdim ki, həmşəri araba atı kimi bir heyvandı.
Əvvəllər həmşəriləri təziyə məclisinə, ya qeyri məclislərə qoymayanda, həmşərilər çömbələrdilər qapının astanasında və dinməzsöyləməz oturub başlarını salardılar aşağa və öz-özlərinə deyərdilər:
– Allah, şükr olsun dərgahına!
Mən o vədələr elə bilərdim ki, həmşərilər qoyun-quzudurlar. Amma indi Bakıda həmşəriləri təziyə məclisinə qoymayanda, götürüb Molla Nəsrəddinə şikayət yazırlar.
Ey mənə kağız yazan həmşərilər, açın qulağınızı və görün mən sizə nə deyirəm! Əgər istəyirsiniz ki, sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl eləyəsiniz.
Əvvələn, ay İrani-viranın xaki-pakının yetim balaları həmşərilər! Əvvələn, gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni Məhəmmədvəli gərək yapışsın Həsənin əlindən, Həsən – Kərbəlayı Qasımın əlindən, Kərbəlayı Qasım – Usta Cəfərin əlindən, Usta Cəfər – Məşədi Haqverdinin əlindən. Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birinin əlindən; yəni birləşsinlər!
Saniyən, ey mənim yoldaşlarım, cırıq-mırıq həmşərilər! Elə ki, bir-birinizin əlindən yapışdınız, o vədə, söz yox ki, yenə mənə kağız yazıb soruşacaqsınız ki, “indi bəs nə eləyək?” və o vədə mən sizə bu sözləri yazacağam; mən sizə yazacağam ki, keçən vaxtlarda vətənpərəsti-həqiqi və alimi-yeganə cənab Mirzə Melkumyans məzlumlar barəsində bir kitab yazıb; mən sizə yazacağam ki, tapın həmin kitabı və açın qabağınıza və oxuyun. Oxuyandan sonra həmin kitabı vurun qoltuğunuza və Arazı hoppanın, keçin tarmar vətəninizə və orada açın bir tərəfdə həmin kitabı və bir tərəfdə İbrahim bəyin “Səyahətnamə”sini, oxuyun, oxuyun, oxuyun!
Və oxuyandan sonra bir qədər fikir edin.
Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım həmşərilər! Əgər istəyirsiniz ki, sizi də adam bilib məclislərə qoysunlar, gərək mənim bu nəsihətlərimə əməl edəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı bundan başqa sizdən ötrü nicat yolu yoxdu.
Bircə sözüm qaldı.
Qorxuram İranın hürriyyətinə ümidvar olub yenə yatasınız. Yox, İranın hürriyyətinə çox da bel bağlamayın! Yaxşısı budur qulaq asın, görün bizim “Hop-hop” bu barədə nə deyir:
Nolur şirin məzaq etsə məni həlvayi-hürriyyət,
Yesəm bir loğma ondan, söyləsəm oxqay, hürriyyət!
De xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət.
Yığıb da doldururlar kisə-kisə bağlanır möhkəm,
Vururlar tillə dağdan da aşır balayi-hürriyyət.
Zibəs çoxdan bəri mövqündə idim mən bu həlvanın,
Dedim: yaran, nolur versəz mənə bir payi-hürriyyət!
Sözüm xoş gəlməyib təhvildarə söylədi: Güm şov!
Bədəsti kutəh ən nəxl məcu xurmayi-hürriyyət!
Nəmidani ki, in dilbər bu gün məxsusi-İran əst,
Tü xud naməhrəmi bər şahidi zibayi-hürriyyət?
Kəmali-yəs ilə məhrum olub bir yanda əyləşdim,
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.
Svistok qışqırıb kəşti rəvan oldu, baxırdım mən,
Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət –
Ki nagəh bir qara bayraq açıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət.
Oxurkən xətti məlum oldu: kəştibanı qərq olmuş,
Qalıb dəryada heyran kəştiyi-dəvayi-hürriyyət.
Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı vayi-hürriyyət!
Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!
Molla Nəsrəddin
“Molla Nəsrəddin” 19 yanvar 1907, №3
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-hemseri
Use ← → keys to move, R for a random poem
More by this author
Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.
Əzizim Həmidə! (1924)Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın.Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəllimin pansionunda qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü bütün ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı).
Əzizim Münəvvər! (1924)Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm.C.
Əzizim Midhət! (1924)Məktubunu aldım. Sən Bakıya gələnə qədər sənə velosiped almağa söz verirəm; bu şərtlə ki, bütün yayı fars dili müəllimindən dərs alasan. Əgər yayda Turşsuda olsan hər halda, fars dilini bilən bir adam tapıb, ondan dərs ala bilərsən. Həmçinin sən məktəb dərslərini də təkrar eləməlisən. Ənvər də həmçinin. Sən, habelə, Radiklə məşğul ol. Gərək anan səndən tamam razı olsun.Sentyabrın əvvəlində ananı Bakıya gətir.
Poems by other poets · Satire
Bir müdirin ki, keçməyə qolunaQolu bulvarda bir gözəl sənəmin,
Sahib-zühurEvini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
Mollanın fırıldaqlarıRamazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma