İndi hürriyyət zəmanəsi olmağa görə biz lazım bilirik ki, hürriyyətə dəxli olan bəzi çətin sözləri məna eləyək ki, oxucularımız oxuyanda başa düşsünlər.

Hürriyyət – yəni azadlıq, yəni hər bir kəs hər nə eləsə azaddır. Məsələn, İranda bir tərəfdən millət vəkilləri yapışsınlar vəzirlərin yaxasından ki, gərək bizim iznimiz olmamış heç bir qərardad eləməyəsən, bir yandan da hökumət qərar qoyur ki, məcmuələri yandırsınlar.

Üzv – yəni bir-birinin boğazını üzmək. Bəzi məmləkətdə millət məclisi yapışıb hökumətin boğazını üzür, bəzi yerdə də hökumət yapışıb millət məclisinin boğazını üzür.

Nitq – yəni beistılahi-rus, “nitka” kimi (yəni sap kimi) uzun-uzadı söz danışmaq.

Əncümənyəni incimə məndən. Məlum şeydir ki, bir neçə adam bir yerdə cəm olanda orada bir inciklik çıxır. Məhz bu səbəbdən indiyətək müsəlman içində bir yerə yığışmaq məsləhət görülməyib.

“Molla Nəsrəddin” 19 yanvar 1907, №3

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci məclis

Danabaş kəndinin kənarında xirmən. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kəndli Məşədi Ağakişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. Məşədi Ağakişi əlində yaba, küləşi eşələyib qarışdırır. Bir vələ iki öküz qoşulub; Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. Tayanın kölgəsində bir köpək yatıb, dilini çıxardıb istidən ləhləyir. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məşədi Ağakişi başına dəsmal bağlayıb; ata və oğul, isti olmağa görə, köynəkçəkdirlər. Hər ikisinin ayağında çarıq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi ki, qonşuları Kərbəlayı Mirzalı tələsik xırmanə çatıb, tövşüyə-tövşüyə xəbər verir.Kərbəlayı Mirzalı. Məşədi Ağakişi, bilirsən nə xəbər var? Evin tikilməsin, bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə əlli atdı gəldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nə sirdi?

7 min
İkinci məclis

İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. Kəndin camaatı təmamən buraya cəm olub. Adamlar qarışıb bir-birinə: o bununla danışır, bu onunla danışır. Kişilərin yanında uşaqlar da var. Məşədi Ağakişi oğlu Əsəd ilə buradadır. Xəbər verilir ki, “nəçərnik gəlir”. Guya qurbağanın gölünə daş atdılar. Camaat haman dəqiqə sakit olur. Səs-səda kəsilir. Əvvəl Hacı Namazalı “çəkil-çəkil” deyə-deyə gəlib durur bir tərəfdə; sonra çavuş Nəzərəli “çəkil”, “çəkil” deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə.Bundan sonra çavuş yüzbaşı Pirverdi bəy “çəkil” deyə-dyə əlində şallaq gəlib durur bir tərəfdə. İndi də gəlirlər: Naçalnik, Pristav, Dilmanc Mirzə Məhəmmədqulu, məktəblərin inspektoru, qazı, müəllim Həsənov və Danabaş kəndinin mollası Molla Movlamverdi.

10 min
Üçüncü məclis

Üçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-dəyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir.Birinci arvad. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).

16 min
Dördüncü məclis

Dördüncü məçlis vaqe olur Danabaş kəndində təzə açılan məktəbdə. Bir geniş kəndli evində düzülüb təzə rənglənmiş skamyalar; hərəsinin üstündə oturub iki nəfər kəndli uşaq; səkkiz yaşından on beş yaşına kimi. Şagirdlərin cəmi on ikidir. Baş tərəfdə qoyulub yazı taxtası, qara rəng ilə boyanmış, qabaqda var miz, yanında bir sandalya (stul). Divarlara bir neçə heyvanat şəkli düzülüb; qabaq divardan bir yekə at şəkli asılıb. Şagirdlərin qabağında Müəllim Həsənov əlindəki kitaba hərdənbir baxa-baxa durub dərs deyir. Kənarda divar dibində çömbəlibdir Qasım kişi, Kərbəlayı Qulamalı Və Kərbəlayı Heydər. Şagirdlərin adları: Əsəd Məşədi Ağakişi oğlu və Qasım kişinin nəvəsi. Mustafa Kərbəlayı Qulamalı oğlu, Süleyman Kərbəlayı Heydər oğlu və qalan doqquz uşaq ki, ataları burada yoxdu, bunlardır: Zeynal, H ə - sənqulu, Cəfər, Səbzalı, Novruz, Həsən, Tarqulu, Qulamhüseyn, Zülfəli. Cəmi şagirdlər öz kəndli libaslarındadır.Uçitel (şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Əllərinizi yuxarı qalxızın! (Uşaqlar əllərini yuxarı qalxızıb duaya hazırlaşırlar). Dərsdən qabaq vacib olan duanı mən oxuyum, siz də mənim dalımca deyin. (Uçitel özü də əllərini qaziyül-hacata qalxızıb bu duanı oxuyur, şagirdlər kəlmə-kəlmə onun dalınca oxuyurlar). Allahümmərzüqna elmən nafiən və hifzən kamilən və zehnən şamilən və fəhmə zəkiyyən və təbən rəziyən və tövfiqən litəhsilil-ülum, Allahümməftəh əleyna əbvabə fəzlikə və səhhil əleyna elmikə və ehsanikə və rifətikə ya ərhəmərrahimin. Amin! Amin! (Şagirdlərə) Oturun!

11 min

Poems by other poets · Satire