Birinci məclis
Danabaş kəndinin kənarında xirmən. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kəndli Məşədi Ağakişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. Məşədi Ağakişi əlində yaba, küləşi eşələyib qarışdırır. Bir vələ iki öküz qoşulub; Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. Tayanın kölgəsində bir köpək yatıb, dilini çıxardıb istidən ləhləyir. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məşədi Ağakişi başına dəsmal bağlayıb; ata və oğul, isti olmağa görə, köynəkçəkdirlər. Hər ikisinin ayağında çarıq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi ki, qonşuları Kərbəlayı Mirzalı tələsik xırmanə çatıb, tövşüyə-tövşüyə xəbər verir.
Kərbəlayı Mirzalı. Məşədi Ağakişi, bilirsən nə xəbər var? Evin tikilməsin, bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə əlli atdı gəldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nə sirdi?
Məşədi Ağakişi (təəccüblü). Nə danışırsan?
Əsəd vəldən yenib kəndə tərəf baxır.
Kərbəlayı Mirzalı. Sən öləsən, nəçərnik də gəlib, silisçi də gəlib, qazı da gəlib, miravay sud gəlib, uşqol gəlib. Atamın goru haqqı doğru deyirəm. Hələ bunlardan savayı genə çox adam gəlib.
Məşədi Ağakişi (əlini alnına qoyub kəndə tərəf baxır). A kişi, belə şey olmaz?!
Nuru (tövşüyə-töyşüyə çatır xırmana). Sən öləsən, Məşədi Ağakişi kənddə qiyamətdi. Mən, doğrusu, dayana bilmədim; gedirəm görüm uşaqlar nə qayırır. Nəçərnik gəlib kəndə. Yenicə də o qədər böyük gəlib ki, lap məhtəl qalmalı işdi. Allah axırını xeyir eləsin. (İstəyir getsin).
Məşədi Ağakişi (Nuruya). Nuru, sən Allah, dayan görüm bu nə işdi. Yəni axı kimdi kəndə gələnlər?
Nuru. Sən öləsən, Məşədi Ağakişi, mən deyirəm Rusetdə nə qədər böyük adamlar var, hamısı gəlib kəndə. Bax, nəçərnik də gəlib, pristav da gəlib, silisçi də gəlib, spextor da, qazı da... Nə bilim, uçqoldu-nədi, o da gəlib. Yəni doğrusunu deyim ki, mən öz gözümnən görmədim ha! Bunları da mənə Məşədi Yarməhəmməd dedi; amma mən ancaq uzaqdan gördüm ki, bir topa atdı çaparaq girdilər kəndə.
Kərbəlayı Mirzalı. A kişi, necə Məşədi Yarməhəmməd dedi? Niyə, mən kor deyiləm ki? Yoxsa nəçərniki tanımıram? Silisçini tanımıram? Mən özüm hamısını gözümnən gördüm.
Hümmətəli (əlində çubuq tələsik gəlir bu adamların yanına və üzünü tutur Nuruya və Kərbəlayı Mirzalıya). Nə xəbərdi? Deyirlər kəndə ğoburnat gəlib?
Kərbəlayı Mirzalı. Yox, ğoburnat deyil, nəçərniknən çox böyük adamlar gəlib.
Nuru (Kabla Mirzalıya). Kabla Mirzalı, axı mən eşitdim ki, ğoburnat özü də gəlib?
Kərbəlayı Mirzalı. Xeyr, ğoburnat yalandı.
Məşədi Ağakişi. Allahü-əkbər, çox qəribə işdi! (Əsədə) Ədə, qoyma, qoyma! Kor deyilsən ki! Öküzlər küləşi yedilər. (Əsəd qaçır öküzlərin yanına).
Kərbəlayı Fətəli (tələsik gəlib soruşur). A kişi, bu nə xəbərdir? Deyirlər kəndə çox böyük gəlib?
Nuru (gedə-gedə). Gəlib, gəlib. Allah axırını xeyir eləsin (çıxıb gedir).
Kərbəlayı Fətəli. Kabla Mirzalı, deyirlər kəndə saldat qoyacaqlar, ağlın nə kəsir?
Kərbəlayı Mirzalı. Vallah, məhtəl qalmışam. Axı bu qədər adam nə səbəbə birdən tökülə kəndə?
Adamlar hamısı kəndə tərəf baxır.
Hələ bir şey görsənmir. Allaha pənah.
Bir qədər də baxaydan sonra kəndlilər gəlib çömbəlirlər tayanın kölgəsində.
Məşədi Ağakişi. Kabla Mirzalı, gəlin oturun görək bir; axı sən bu işləri gərək bizdən yaxşı biləsən. Bu böyüklər nədən ötrü kəndə gəlsinlər? Bəlkə saldat tutacaqlar? Axı qabaqlarda bir belə danışıq var idi.
Hümmətəli. A kişi, yox, yox; saldat söhbəti yoxdu. Görəsən, niyə gəliblər? Saldat söhbəti yoxdu.
Məşədi Ağakişi. Kabla Mirzalı, sən nə deyirsən? Mən axı qorxuram saldat tutmaq məsələsi ola. Bə niyə ermənilərdən tuturlar?
Kərbəlayı Mirzalı. A kişi, sən Allah boş-boş danışma; bilmədiyin sözü axı nə səbəbə danışırsan? (Üzunü tutur Əsədə). Ədə Əsəd, get o bardaqda su var, gətir, bir az içək. (Kişilərə). Saldat-zad söhbəti yoxdu; indi Allah bilir niyə gəliblər? Saldat məsələsi yoxdu və bir də (Əsəddən bardağı alıb çəkir başına) və bir də müsəlmanlardan saldat tuta bilməzlər.
Məşədi Ağakişi. Yəni necə tuta bilməzlər?
Kərbəlayı Mirzalı. Xeyr, tuta bilməzlər; mən sənə deyirəm ki, tuta bilməzlər. Sən ermənilərə baxma ki, ermənidən tuturlar. Erməni qorxaq bir millətdi və bir də padşahı-zadı yoxdu. Amma müsəlmandan tuta bilməzlər. (O tərəfə-bu tərəfə baxır). Xeyr, tuta bilməzlər.
Hümmətəli. Kabla Mirzalı, səni Quran, səni kitab, bu sözləri buraxın getsin; qoyun oturmuşuq, oturaq.
Məşədi Ağakişi. Doğrusu, lap mat qalmalı işdi. Belə mən ona təəccüb eləmirəm ki, nəçərnik, yainki pristav gəliblər kəndə. Axı biz uşaq deyilik. Biz görmüşük ki, kəndə nəçərnik də gəlib, pristav da gəlib, hətta ğoburnat da gəlib, silisçi də gəlib; amma söz burasındadır ki, bu qədər adam niyə elə bir gündə gəliblər? Belə şey, doğrusu, biz görməmişik.
Kərbəlayı Mirzalı. Mən onu demirəm; o hələ özgə məsələdi. Mən deyirəm ki, burada saldat-zad söhbəti yoxdu; çünki, axı bir dəqiqəliyə belə fərz edək ki, bəli, saldat tutmaqdan ötrü gəliblər; bəs qazı niyə gəlib? (Əlindəki çubuğu bir dəfə vurur yerə). Bəli, nə eybi var, tutaq ki, qazını da gətiriblər ki, çamaatı dilə tutsun; öyüd-nəsihət eləsin ki, iş yumşaqlıqnan keçsin. Çox yaxşı, bəs silisçi niyə gəlib? (Ağacı vurur yerə). Bəs spextır niyə gəlib? (Ağacı vurur yerə) Uşqol niyə gəlib? Xeyr, burada özgə bir mətləb var. Hər nə isə, Allah axırını xeyir eləsin. (Durur, kəndə tərəf baxır, yenə oturur).
Hümmətəli. Xeyr, saldat tutmaqdan ötrü deyil; yəqin ki, özgə işdi.
Məşədi Ağakişi (üzünu tutur Hümmətəliyə). Balam, bu qədər tapmaca deyincə, bir adam qaçsın, kənddən xəbər gətirsin. Vallah nə var ki! Adamı yeməyəcəklər ki, bir dəqiqəlik işdi.
Kərbəlayı Mirzalı. Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngülayaqsan; gələsən qaçıb bir xəbər gətirəsən.
Hümmətəli. Mən, doğrusu, gedərdim; amma xirmənimiz sahibsizdir, qoyub gedə bilmənəm.
Məşədi Ağakişi. A balam, getmirsən, getmə; ta yalan niyə deyirsən? Odu, xirməninizi Həsənəli döyür; ta yalan niyə deyirsən? Bir yolluq de ki, getmirəm, qorxuram.
Hümmətəli (Məşədi Ağakişiyə). Yaxşı, bir saatlığa tutaq ki, mən qorxuram; mən boynuma alıram ki, qorxuram. Bəs sən niyə getmirsən? Sənin qıçların ki çolaq deyil!
Məşədi Ağakişi bu sözlərə çavab verməyib, başlayır çubuğu və kisəni cibindən çıxardıb doldurmağa.
Kərbəlayı Mirzalı (uzaqda bir qaraltı görub əlini qoyur alnına). Ədə, kənddən bir atdı çıxdı, gör zalım oğlu nə çapır! Görək hara gedir.
Hümmətəli (baxır uzağa). Budu, bir atdı da onun dalıyca getdi, bunlar yəqin adam axtarırlar.
Məşədi Ağakişi (baxır uzağa). Kabla Mirzalı bu nə iş ola?
Kərbəlayı Mirzalı. Pənah Allaha.
Hümmətəli (baxır uzağa). Kabla Mirzalı, atlılar sürdülər düz Hacı Namazalının xirməninə.
Məşədi Ağakişi (baxır uzağa). Siz öləsiz, düz Haçı Namazalının xirməninə sürdülər. Kişinin halını qatacaqlar.
Hümmətəli (haman tərəfə baxır). Siz öləsiz, elədi. Bax, o da Hacı Namazalı özüdü; papağının ucalığı burdan da görsənir. Ədə, kişini qatıblar atın qabağına, aparırlar. Kişinin evi yıxıldı.
Məşədi Ağakişi. Elədi, elədi.
Kərbəlayı Mirzalı. Balam, kişinin çarxı çönüb. Bir həftə deyil ki, arvadı öldü; hələ yasdan başı ayılmayıb; indi də görəsən başına nə iş gələcək.
Hümmətəli (uzada-uzada). Bəli, bu iş ayrı işə oxşayır; burada yəqin ki, bir əngəl var.
Məşədi Ağakişi. Kabla Mirzalı, axı deyəsən, atdıların biri bizə tərəf çöndü?
Hümmətəli (xirməndən uzaqlaşır). Siz öləsiz, bizə, tərəf gəlir.
Kərbəlayı Fətəli, Kərbəlayı Mirzalı və Hummətəli üçü də atlı gələn səmtə baxa-baxa çıxıb gedirlər. Əsəd qaçır, özünü soxur tayanın dibinə. Məşədi Ağakişi gedib çıxır vəlin ustə və “ho-ho” deyə-deyə başlayır öküzləri sürməyə.
Məşədi Ağakişi (Əsədə). Bala, qorxma, inşallah bir zad olmaz.
Əsəd (titrəyir). Dədə, qorxuram məni saldat aparalar!
Məşədi Ağakişi. Bala, qorxma, Allah kərim Allahdı.
Yüzbaşının çavuşu Nəzərəli at üstə, çaparaq yetişir xırmana, atını sürür düz Məşədi Ağakişinin yanına, atdan tullanır yerə, əlindəki şallağı qalxızır göyə ki, Məşədi Ağakişini vursun, amma Məşədi Ağakişi cəld əlini uzadıb, yapışır şallağın sapından. Əsəd ağlayır.
Əsəd (ağlaya-ağlaya). Vay, dədə!
Məşədi Ağakişi (çavuşa). Vurma, vurma! Nəzərəli, qadan alım, vurma!
Nəzərəli (Əsədi görcək ona tərəf). Çıx ordan, bu saat gəl, düş qabağa, vələdüzzina oğlu vələdüzzina!
Əsəd qorxa-qorxa gəlir Nəzərəliyə tərəf.
Nəzərəli (Məşədi Ağakişiyə). Gəl oğlunu sal qabağa gedək!
Məşədi Ağakişi qorxusundan bir söz deməyib, arxalığını tələsik geyir; oğlunun arxalığını verir ona və düşür yola. Amma öküzləri yada salıb, istəyir dayana, bir söz deyə, Nəzərəli genə şallağı qalxızır yuxarı.
Məşədi Ağakişi (Nəzərəliyə). Yox, yox! Vurma! Gedirəm.
Üçü də yola düşür. Əsəd qolunu üzünə basıb, yavaş-yavaş ağlayır. Nəzərəli hələ atını minməyib yedəyində çəkir.
Məşədi Ağakişi Nəzərəli, səni and verirəm Allaha, həyə Əsədi saldat aparacaqlarsa, bir yolluq de ki, evim yıxıldı.
Nəzərəli (yenə şallağı qalxızır yuxarı). A kişi sənə deyirəm dayanma get!
Məşədi Ağakişi. Yox, yox, gedirəm, gedirəm (Gedirlər).
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-danabas-kendinin-muellimi-birinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Fatma xalaDünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.
Təzə xəbərTükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?
QuzuMəmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.
Poems by other poets
Yenə də kövrəldi körpəcə könlüm,Dil açdı danışdı gör necə könlüm.
Həmişə əli qılınclı təmizliyimi qorudum…Həmişə əli qılınclı təmizliyimi qorudum,Bu həyatda ən birinci təmizliyimi qorudum…
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,