İkinci məclis
İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. Kəndin camaatı təmamən buraya cəm olub. Adamlar qarışıb bir-birinə: o bununla danışır, bu onunla danışır. Kişilərin yanında uşaqlar da var. Məşədi Ağakişi oğlu Əsəd ilə buradadır. Xəbər verilir ki, “nəçərnik gəlir”. Guya qurbağanın gölünə daş atdılar. Camaat haman dəqiqə sakit olur. Səs-səda kəsilir. Əvvəl Hacı Namazalı “çəkil-çəkil” deyə-deyə gəlib durur bir tərəfdə; sonra çavuş Nəzərəli “çəkil”, “çəkil” deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə.
Bundan sonra çavuş yüzbaşı Pirverdi bəy “çəkil” deyə-dyə əlində şallaq gəlib durur bir tərəfdə. İndi də gəlirlər: Naçalnik, Pristav, Dilmanc Mirzə Məhəmmədqulu, məktəblərin inspektoru, qazı, müəllim Həsənov və Danabaş kəndinin mollası Molla Movlamverdi.
Qazı (bir qədər qabağa gəlib, qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb). Əlhəmdü lillahil-əhədil-vahidil-mütəqəddəsi min külli ziddin və niddin. Əlhəmdü lillahil-ləzi hüliyə ənbiyaəlmürsəlin bi-əhsəni hilyətil-müttəqin, fə-sələvatüllahi-əleyhi və əleyhim ədədi ənfasil-müsəbbihin minəl-məlaikəti vənnasi əcməin və lənətüllahi əla ədaihim məlaüs-səmavat vəl-ərzin. Allahümərfəzikri və əəl şəni və əizzəti bi-əzzətikə və əkrimii bikərəmikə beynə yedəykə və beynə xəlqikə və lənətüllahi əla-qövmiz-zalimin, amin ya rəbbəl-aləmin! Bə çün qüdrəti-kamileyi cəhan afərin bəabadaniyiməmaliki-məhruseyi-Rusiyyə təəllüq girift, şəhriyari-cəvan bəxt varisi-tacü təxt şahani-cahangüşay, xülaseyi-səlatini-namdar sülaleyi-Romanof sədrüs-səlatin, bədrül-xəvaqin, zillüllahi fil-ərzin, əssultan Nikolay Aleksandroviç əz on cayi ki, əz cüzi və külli hiç əmri əz ümuri-xudra məaf nəmidarəd, binayi-təlimxaneyi ki, ibarət bəistillahi-rus uşqolayi-qəryeyi-vilayəti Danabaş istiqrar və istikşaf mifərmayənd. “Amin” deyən dillər lal olmasın.
Camaat (birdən). Amin!..
Qazı. Köməklik istərik cəmi işlərdə Allahın adı ilə ki, mehribandır…
Camaat (birdən). Amin!..
Qazı. Cəmi məxluqata lazım olan nemətləri rəhm edəndir…
Camaat (birdən). Amin!
Qazı. Göydə Allahın və yerdə padşahi-mehribanımızın zəhmət və şəfəqqətinə möhtacdır cəmi ərbab və zərurat!..
Camaat (birdən). Amin.
Qazı. Sələvat və səlam ola göylərin padşahına ki, ərrahmanir-rəhimdir və yerlərin padşahı şəhri-yari-xurşid-ayət Nikolay Aleksandroviçə.
Camaat (birdən). Amin!..
Qazı. Onun xatuni-mükərrəməsi Aleksandra Fyodorovnaya!
Camaat (birdən). Amin!..
Qazı. Vəliəhdi-əflatuni fitnət Sergey Aleksandroviç və cəmi övladi-əmcadına və xanəvadeyi-şahanəsinə!..
Camaat (birdən). Amin!..
Qazı. Bari-ilahi, hifz elə yerin-göyün afatından bizim alicənab, mehriban nəçərnik həzrətlərini, alimiqdar spexdur ağanı və cəmi ümənayi-ümurati-səltənəti duayi-xeyir ilə yad edək. Vəllahü vəliyyət-tövfiq, amin!
Camaat (birdən). Amin!..
Qazı kənara çəkiləndən sonra Naçalnik dilmanc Mirzə Məhəmmə dqulunu yanına çağırıb, üzünü tutur camaata.
Naçalnik. Zabota ob obrazovanii poddannıx vxodit v zadaçi vsyakoqo blaqoustroennoqo qosudarstva, a potomu vo ispolnenie predpisaniya, Eqo prevosxoditelstva naçalnika qubernii ot… (qoltuğundakı portfeldən bir kağız çıxardır, baxır) 17 maya 1895 qoda za №14365 ya postavlen v neobxodimost okazat administrativnoe sodeystvie. Eqo Vısokorodiyu (üzünü inspektora tutur) qospodinu inspektoru narodnıx uçiliş kolledjskomu sovetniku İvanu Evlampieviçu Duxotvortsevu, na kotoroqo Direktsiya narodnıx uçiliş vozlojila vısokuyu missiyu otkrıtiya odnoklassnoqo zemskoqo normalnoqo uçilişa v selenii Danabaş. Vçemje uezdnım, uçastkovım i selskim doljnostnım litsam na strojayşe vmenyayu obyazannost k pervomu çislu predstoyaşşeqo sentyabrya mesyatsa obespeçit novootkrıvaemuyu şkolu dostatoçnım komplektom detey mujskoqo pola, a pristavu çetvertoqo uçastka svoevremenno donesti mne o rezultatax prepodovaemoy nıne mnoy slovesnoy instruktsiy (Naçalnik nitqini qurtaran kimi yüzbaşı Pirverdi bəy çığırır).
Pirverdi bəy. Yaşasın nəçərnik ağa!
Camaat (birdən). Yaşasın!
Dilmanc Mirzə Məmmədqulu. Ey Danabaş kəndinin camaatı! Qulaq asın, görün nə deyirəm. Bilirsiniz naçalnik cənabları nə fərmayiş edir? Buyururlar ki, Danabaş kəndinin çamaatı hələ indiyə kimi qaranlıq aləmində qalıblar. Naçalnik həzrətlərinin sizə rəhmi gəlib və bu gün hədsiz zəhmətlər çəkib və Danabaş kəndinə təşriflər gətirib, bu xəyal ilə ki, burada, bu gün bir uşqol binası qoya və bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxarda, işıqlıq aləminə daxil eləyə. Bə bir də, ey camaat, bunu da bilin və eşidin ki, yer üzündə pərvərdigari-aləm nə qədər şəhərlər və kəndlər xəlq edib hər nə qədər vilayətlər yaradıb, onlar cəmisi elmin sayəsində çoxdan işıqlıq aləminə daxil olublar; məhz qalıb Danabaş kəndi. İnşaallah, əgər xudavəndi-aləmin lütf və mərhəməti olar, naçalnik cənabları burada bu gün bir darülelm binası qoyar, ta ki, sizi bu darülfünunda təhsil olunan fünunun vasitəsilə işıqlıq şərbəti içib, mədəniyyət aləminə daxil olasız.
Molla Movlamverdi (bir qədər qabağa gəlib). Ey cəmaətiqəryeyi-Danabaş! Bizə hamılıqnan lazımdır hər gün və hər gecə ibadət vaxtında bari-pərvərdigarə həmd və səna edək ki, biz nə qədər xoşbəxt bəndəyik ki, bizim vilayətə belə hakim təşrif gətirib ki, ibarət olsun bizim cənab nəçərnik ağadan və spextır ağadan. Bu özgə bir şey deyil, məgər ki, Allah-taalanın bizə lütfü mərhəməti. Yaşasın nəçərnik ağa!
Camaat (bir səs ilə). Allah ağaya ömür versin.
İnspektor (yeriyir qabağa və rusca deyir). Milostivıe qosudari! V seqodnyaşniy den ya sçitayu sebya sçastlivım, çto stoyu pered vami, danabaşinstami i prinimayu s vami blizkoe uçastie v stol velikom prazdnestve, kak otkrıtie novoy şkolı, etoqo deystvitelnoqo fermenta kulturı i sivilizatsii. Ya vam zaviduyu, ibo ne popal detstvom svoim v tot pedaqoqiçeskiy mir, koqda pedaqoqika i pedaqoqiçeskaya psixoloqiya sdelali krupnıe şaqi i nametili, izuçiv vse ziqzaqi detskoy psixoloqii, dvijeniy eqo duşi, vernıe puti pravilnoqo, rasionalnoqo, selesoobraznoqo, vospitıvayuşşeqo, eqo obuçeniya, koqda vse priemı posledneqo vo vsex detalyax eqo vıvodyatsya leqko iz printsipov i polojeniy eksperimentalnoy pedaqoqiki i psixoloqii, ponimaya eto poslednıe v şirokom i blaqorodnom smısle etoqo slova. Uvajaemıe danabaşintsı, vı seqodnya v prazdniçnom nastroenii, i radost vaşa velika i ponyatna; ibo dlya vas vaşa davnişnyaya, davnojelannaya meçta seqodnya vılivaetsya v formu realnoqo fakta. Da, vı sçastlivı seqodnya, imenno s seqodnyaşneqo dnya, koqda pedaqoqi, boleya duşoy vmeste s vami, izıskali, nakonets, porazitelno tonkiy metod obuçeniya, tonkiy do toqo, çto vsyakaya i kajdaya abstraktnost , otvleçennost, krasivo pravilno odevaetsya v konkretnost; yavlyayas svoeqo roda laboratoriey dlya priqotovleniya soznatelnıx qrajdan rodinı i vernıx poddannıx qosudarstva, ona – eta şkola, v to je vremya vıvedet vaşix detey iz kruqa kosneyuşix v nevejestve i priobşit ix k obşey mirovoy kulture. Ona razvyajet im yazık i vvedet v mir qosudarstvennoy jizni, nauçiv ix qovorit i ponimat vsyakoqo russkoqo, vsyakoqo adminstratora, proxodyaşeqo çerez selo soldata, da, soldata...
“Saldat” sözünü eşitcək Məşədi Ağakişi yavaşca yapışır oğlu Əsədin əlindən və xəlvətcə çamaatın içindən çıxardıb aparır. Habelə burada olan kəndlilərdən Kərbəlayı Qulamalı oğlu Mustafanı xəlvətcə aparır və Məşədi He ydər oğlu Nəcəfi aparır. Kəndlilər də “saldat” sözündən təşvişə düşüblər. Məşədi Ağakişi gedəndə çavuş Nəzərəliyə xəlvətcə nə isə deyir...
…perebroşennoqo iz dalnix quberniy Velikoy Rossii k vam v çelyax oqracdeniya vaşix interesov. Zakançivaya svoyu reç, prinoşu vam svoe pozdravlenie.
Naçalnik (yüzbaşıya). Çto je, spisok malçikov uje qotov?
Mirzə Məhəmmədqulu (yüzbaşıya). Hazırdırmı uşaqların siyahisi?
Pirverdi bəy kağızı aparıb verir naçalnikə, o da verir Mirzə Məhəmmədquluya.
Naçalnik (Mirzə Məhəmmədquluya). Perevodçik, oqlasite etot spisok.
Mirzə Məhəmmədqulu. Camaat, bu gün cənab naçalnikin hökmü mocibincə burada bir siyahi qərar verilib; hər kəsin ki, uşkolaya göndərməli oğlu var, bu siyahidə namizəd olunub ki, ibarət ola zeyldəki əhalidən: əvvələn, Kərbəlayı İmamqulu Kərbəlayı Əli oğlu.
Kərbəlayı İmamqulu çıxır qabağa və iki qat baş yendirir.
Mirzə Məhəmmədqulu Kişi, bu saat Zeynal oğluvu gətir naçalnikin hüzuruna.
Kərbəlayı İmamqulu (üzü naçalnikə və iki əli döşündə). Ay nəçərnik ağa, belə qurban olsun sənə mənim oğlum Zeynal. Mehriban padşahımızın yolunda oğlumu nəinki saldatlığa verərəm, mən onu qurban da kəsərəm. Amma Zeynalın yeddi yaşı hələ tamam olmayıb, bunu camaat da bilir. Onun nə ləyaqəti var gedib saldatlıq eləsin, tüfəng götürsün?
Mirzə Məhəmmədqulu (təəccüblü və acıqlı). A kişi, nə danışırsan? Saldat nədi, tüfəng nədi? Hansı müfsidlər sizi başdan çıxardıblar? Oğlun oxuyub adam olacaq, mərifət sahibi olacaq. Dəli deyilsən ki, bu sözləri danışırsan? Bizi məəttəl eləmə; bu saat get, oğlunu gətir, yoxsa peşman olarsan.
Camaat içində qalan, bir-iki uşaq da yox olur. Kərbəlayı İmamqulu bir qədər fikir eləyib, çıxıb gedir.
Mirzə Məhəmmədqulu (siyahını oxuyur). Kabla Heydər Kabla Kazım oğlu (Kərbəlayı Heydər qabağa gəlib baş əyir). Bu saat oğlun Süleymanı gətir cənab naçalnikin hüzuruna.
Kərbəlayı Heydər. Ağa ərzim var.
Mirzə Məhəmmədqulu (acıqlı). Kabla Heydər, qonaqları məəttəl eləmə, bu saat oğlunu gətir; yoxsa naçalnik cənablarının o qədər vaxtı yoxdu ki, sizin nağıl-hekayələrinizə qulaq versin.
Kərbəlayı Heydər yavaş-yavaş çıxır.
Mirzə Məhəmmədqulu (siyahını oxuyur). Məşədi Ağakişi Qasım oğlu. (Məşədi Ağakişi gəlir qabağa). Oğlun Əsəd buradadırmı?
Məşədi Ağakişi. Xeyr, ağa, mənim oğlum Əsədi bu saat yorğan-döşəkdə qoyub gəlmişəm; bax, çavuş Nəzərəli də Allah şahididi. (Çavuş Nəzərəliyə göz eləyir).
Mirzə Məhəmmədqulu (oxuyur). Kabla Qulamalı Yərməhəmməd oğlu.
Camaat içindən Kərbəlayı Qulamalı qabağa gəlib baş əyir.
Mirzə Məhəmmədqulu. Oğlun Mustafa haradadır?
Kərbəlayı Qulamalı. Ağa, mənim oğlum yoxdur.
Kəndlilərdən bir neçəsi gülüşür və bir-birinin üzünə baxır.
Mirzə Məhəmmədqulu (təəccüblə). Necə yoxdu? Bəs Mustafa adlı sənin oğlun yoxdu?
Kərbəlayı Qulamalı. Xeyr, ağa, sözüm var. Ərz olsun ki…
Yüzbaşı Pirverdi bəy daldan gəlib Kərbəlayı Qulamalının peysərindən bir yumruq salıb deyir:
Pirverdi bəy (Kərbəlayı Qulamalıya). Bu saat oğlun Mustafanı get gətir cənab nəçərnikin hüzuruna!
Kərbəlayı Qulamalı kor-peşman çıxır gedir.
Mirzə Məhəmmədqulu (siyahiyə baxır). Məşədi Fərəculla Məşədi Murtuza oğlu.
Bir cavab gəlmir və ortalığa bir səs çıxmır. Yüzbaşı təşvişə düşüb camaata göz gəzdirir.
Pirverdi bəy (Mirzə Məhəmmədquluya). Cənab Mirzə, Məşədi Fərəculla özü bir qoca kişidi; elə bilirəm ki, bu gün heç kənddə də deyil. İki ulağı var, çarvadarrıx eləyir. Adam göndərərəm, bu saat oğlunu gətirərlər. (Nəzərəliyə). Ədə, Nəzərəli, qaç bu saat Məşədi Fərəcullanın oğlu Cəfəri tap gətir bura. Ədə, özünü gözlə, yaman sərp itləri var, səni tutarlar.
Naçalnik (Mirzə Məhəmmədquluya). Çto je, poka ni odnoqo malçika net na litso?
Mirzə Məhəmmədqulu. Yüzbaşı, sənin üçün çox eyib olsun ki, neçə saatdır biz burada məəttəlik, sən bu yekəlikdə kənddən burada indiyə kimi bir uşaq hazır eləməmisən! Bəs sən necə yüzbaşısan? Cənab naçalnik səndən bərk narazıdır.
Bu sözlərdən sonra yüzbaşı və çavuş Nəzərəli başlayırlar kəndliləri şallaq ilə vurmağa və vura-vura deyirlər: get, bu saat uşağını gətir, yoxsa dərini soyaram! Bu heyndə araya iki uşaq gətirirlər. Kənarda ağlaşma səsi gəlir. Həmin iki uşağın anaları “bala vay!” deyib ağlayırlar. İki kişi, həmin uşaqların ataları, uşaqların əllərindən tutub yavaşca ağlayırlar. Ruslar təəccüblü baxırlar.
İnspektor (gedib uşaqların üzlərini əlləyir). Vot xoroşie malçiki.
Molla Movlamverdi. Ay bacılar, ay qardaşlar! Axı sizin ağlamağınız bicadır; səbəb bu ki, uşaqlarınıza heç bir cəhətdən afət yetişməyəcək, savayı ondan ki, inşallah, xudavəndi-aləmin lütfü mərhəməti olsa, elm təhsil edib, nurani aləminə daxil olmaqla feyziyab olacaqlar. Allah-taala öz birliyi xatirəsi üçün sizə səbr versin.
Müəllim Həsənov (camaata). Cəmi millətlərin təlaşı bu olubdur ki, obrazovanya tapsınlar, obrazovannı olsunlar; amma siz hələ indiyə kimi gör nə qədər dalda qalmısız ki, nə qədər nevecestvennisiz ki, bir surətdə bunu hələ anlamamısınız ki: uçenie svet, ne uçenie tma.
İnspektor. Vot, vot, soverşenno verno!
Hacı Namazalı (yeriyir qabağa və Mirzə Məhəmmədquluya). Cənab Mirzə, ağalara ərz elə nahar hazırdı, buyursunlar otağa; ta qalan uşaqlar da nahar qurtarınca cəm olsunlar.
Mirzə Məhəmmədqulu naçalnikə yavuq gəlib, ona alçaqdan bir neçə söz deyir və həmçinin qeyri qonaqları da otağa dəvət edir. Naçalnik, inspektor, qazı, Molla Movlamverdi, pristav və bunların dalınca Hacı Namazalı gedirlər. Camaat tökülür Pirverdi bəyin üstünə və başlayır yalvarmağa; biri deyir: “Aman günüdü, oğlumu azad elə”, biri deyir: “Oğlum naxoşdu, siyahidən pozdur”. Övrətlər ağlaşır və bu övrətlərin yanına bir neçə də çarşovlu övrət gəlib ağlaşırlar. Kişilərdən də ağlayan var. Səs-küy çoxalır, çamaat qarışır bir-birinə. Pirverdi bəy və Nəzərəli gahdan bir bəzi kəndlilər ilə pıçıldaşırlar və habelə bəzilərini də şallaq ilə vururlar. Həmin qışqırıq ilə pərdə salınır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-danabas-kendinin-muellimi-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Payız fəsli daxil oldu. Dərslər başlandı. İndi müəllimlərimizin barəsində bir az söhbət eləsək, heç pis olmaz.Hər kəs yüz ildən sonra Qafqaz müsəlmanlarının məktəb işlərindən xəbərdar olmaq istəsə, onlar üçün bu bir neçə sətri yazmaq olar:
ŞeytanŞeytan, şeytan, şeytan…Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış – evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq.
Müsəlman adlarıBu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər.Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”.
HümayunQəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.
Poems by other poets
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Səhneyi-mübarizeyi-həyatda şanlı insanlarGirdbadi-həyat önündə bəşər,Müttəsil, mütəssil digirləniyor,