Şeytan, şeytan, şeytan…

Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış – evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq.

Belə fərz edək ki, indi rəməzan daxil oldu. Vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, əğniyalarımıza?, qolu çomaqlılarımıza və qoçularımıza rəhmət oxuyub, axırda deyəcəklər: “allah şeytana lənət eləsin!”.

Balaca uşaqlarımızı “xortdan”dan və “damdabaca”dan qorxuzan kimi, müsəlmanları “əyyami-tüfuliyyət”də? şeytandan qorxuzublar ki, bir-birini öldürməsin və bir-birinin toyüğünü oğurlamasın.

Balaca uşaqlar gecələr yatmayıb şıltaq eləyəndə, anaları istəyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər, ya görsünlər niyə uşaq ağlayır və bəlkə uşağı birə sancır, ya bəlkə bir özgə dərdi var. Tənbəl analar uşağı xortdandan qorxuzublar ki, səsini kəsib yatsın. Uşaq, doğrudur, sakit olub, amma on beş yaşa çatana kimi uşaq elə bilib ki, dünyada bir xortdan var ki, gecələr gəlib ağlayan uşaqları götürüb aparır qaranlıq meşələrə… Həmçinin böyüklərimiz…

Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “şeytan” adında onun bir düşməni var ki, həmişə istəyir onu yoldan çıxartsın. Müsəlmanın təsəvvüründə bu şeytan bir hiyləgər məxluqdur, başında bir taskülah var, məsələn, Naxçıvanda balaca uşaqlar başlarına qoyan kimi bir şeydir və bu taskülahın ucu mizdir və ucundan zınqırov asılıb və bu şeytanın gödək paltarı var və şeytanın quyruğu var; gözündən biclik yağır və bir gözü də kordur. Bir gün bu kor şeytan istədi Bəni-İsrail qövmündən Bər Sisa adında bir abidi yoldan çıxartsın və fikirləşdi, fikirləşdi, axırda bir qızı xəstə elədi və qızın qohumlarına dedi ki, bu qızın davası həmin abidin əlindədir. Qızı apardılar abidin yanına və məlun şeytan abidi yoldan çıxartdı.

Və yenə rəvayətdir ki, İstambulda iranlı və qafqazlı hürriyyətpərəstləri beş yüz lirə cəm eləmişdilər ki, göndərsinlər Təbrizin füqərasına və istəyirdilər bu pulları Qastilla adında bir Rum taciri vasitəsilə göndərsinlər, amma kor şeytan gedib iki nəfər şəxsin paltarını geyib (bu iki nəfərin biri “dəstmalçı” və biri də Hacı Həsənəlidir), bəli, bu iki nəfərin paltarını geyib, gedib Qastillaya gizlincə deyib ki, bu pul gedir Səttarxana patron-tüfəng almağa, xəbər verərik Rəhimxana sənin evini və kantorunu Təbrizdə dağıdar. Bu minvalla kor şeytan qoymur yığılmış pullar göndərilsin Təbrizə.

Özgə bir millət düşməndən ehtiyat eləyəndə müsəlman şeytandan qorxur; özgələri meşədə ayıdan ehtiyat eləyəndə müsəlmanın yadına “div” düşür; çöllərdə birisi qurddan qorxanda müsəlman “quli-biyabani”dən qorxur; özgə millət bir qaranlıq yerdə heç bir şeydən qorxmayanda, otuz beş yaşında igid müsəlman “cin”dən qorxur. Cindən, pirdən, mardan, cəldən, siyahdan, hənacədən, tərfandan, sələbdən… dünya və aləmdən müsəlman qorxur.

Həmişə müsəlman Allahı köməyə çağıranda deyir ki, “bari pərvərdigara, sən məni şeytandan saxla!”, “pənah aparıram Allaha şeytanirəcimdən”.

“Tərəqqi”nin “Həmin adam”ı elə xəyal eləməsin ki, burada şeytandan murad Qarabağ və Naxçıvan şeytanlarıdır.

Burada şeytandan murad həmin kor şeytandır ki, taskülahından zınqırov asılıb; həmin kor şeytandır ki, müsəlman kitablarının hamısında onun tərifi var; haman kor şeytandır ki, indi bu saat Qarayazı kəndində “molla davası” salıb və axırda iş o yerə çatıb ki, mollaların ikisi də gəliblər Tiflisə və hərəsi dalına üç kəllə qənd alıb, biri qəndi daşıyır konsulxanaya, biri daşıyır şeyxülislamın idarəsinə.

Allah şeytana lənət eləsin!

Hələ çox çəkər…

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 15 sentyabr 1908, №37

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire