Qəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.

Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.

Doğrudur, Qafqaz şəhərinə təzə konsul varid olanda cəmi iranlılar uşaq kimi qaçırlar konsulun pişvasına. Nəinki ondan ötrü qaçırlar ki, Zəhiri-Hümayuna aşiqdirlər, xeyr, Zəhiri-Hümayunu hələ onlar görmüyüblər. Ondan ötrü qaçırlar ki, konsulun gözünə görsənsinlər və bir vaxt konsul onlara zülm eliyəndə desinlər: “Ay namərd, axır sən bizim şəhərə təşrif gətirən günü mən bir cüt başmaq yırtdım!..”

Aşkar işdir ki, hələ hamballar və əttarlar Zəhiri-Hümayun cənablarını tanımırlar. Zəhiri-Hümayun cənablarını ancaq biz tanıyırıq. Bizə məlumdur ki, bu cənab Hacı Müfaxirüddövlənin bacısı oğludur və bir vaxt Təbrizdə Acı körpüsünü tərəziyə qoyub satanda Zəhiri-Hümayun cənabları daşların hesabını tuturdu.

“Zəbani-ingilisira bətövri mükəmməl dara həstənd, cinon çe dər Bombay təhsili-ümumi-cədidəra baingilis nəmudə…”

Allah yalançının evini dağıtsın!

Qardaş, gəl əyri oturaq, düz danışaq. Mükəmməl ingiliscə bilən konsulu nə səbəbə Bəndər-bişəhr kimi yerə göndərmirlər, göndərirlər İrəvana. İrəvan həmşərisinə “ədə qırışmal, gəl bilet al” deməkdən ötrü məgər mükəmməl ingiliscə bilmək də lazımdır? Sən yazırsan ki, konsul cənabları ingilis dilini Bombeydə təhsil eliyib. Amma vəbalı deyənlərin boynuna olsun, deyirlər ki, Zəhiri-Hümayun cənabları ömründə heç Bombeyi görmüyübdür də. O ki qaldı rusca bilməyi, bu barədə heç sözum yoxdur, ola bilər ki, Təbrizdə Acı körpü məsələsində rusca bir az bilməyi lazım görüb Şapşal rəfiqindən rusca bir az dərs alıb. Amma bəndəyə məlum olan budur ki, yavuqlarda konsul cənabları Tiflisdə fayton ilə konsulxanaya düşəndə faytonçu ilə pul hesabını kəsməkdən ötrü küçədən keçən bir yad adamdan soruşurdu ki, “aşna, sən Allah, sən rusca bilirsən, gəl bu faytonçu ilə mənim hesabımı kəs”.

Vəbalı görənlərin və eşidənlərin boynuna.

Rüşəvət alıb, ya bir dəfə “mən ölümə” aldanıb Hümayunlar barəsində qəzetələrə uzun təriflər yazmaq çox asandır, amma bu zibilləri təmizləmək bir az çətindir.

Bir də bir belə söz gözümə sataşdı ki, guya cənab konsul İrəvana gəlibdir “bəraji-pərəstariyi-müştiyirüəya-İran”.

Amma mən elə qanıram ki, bu sözlər konsul barəsində tamamən böhtandır və böhtan danışmaq da yaxşı iş deyil.

Bunlar keçəndən sora hələ sən bir mənə de görüm, necə utanmadın o qədər Təbriz sözlərini götürüb qəzetəyə yazdın?

Vallah, eyibdi!..

Lağlağı

“Molla Nəsrəddin”, 22 sentyabr 1908, №38

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tiflis müsəlmanlarının hürriyyət naminə şənlikləri

“Həyat”ın 88-ci nüsxəsində teleqraflar cərgəsində Tiflisdən vurulmuş belə bir teleqraf var: “Tətilçilərlə müsəlman dükançıları [arasında] müsadimə vüqu buldu... ”Bu xəbəri oxuyan özgə şəhərlərdəki müsəlman qardaşlar əlbət inanıb mütəəssif olacaqlar. Halbuki qərəzkaranə yazılmış yalan bir xəbərdir. O günü bir müsəlman qəssabı ilə digər bir kişinin əhəmiyyətsiz şəxsi münaziələri oldu. Amma müsəlman dükançıları ilə tətilçilərin arasında əsla müsadimə olmayıbdır. Görünür, belə adi bir vüquatı böyüdüb camaat müsadiməsi kimi göstərməkdə bir qərəz, bir fitnə var.

3 min
Müsəlman teatrı

Bugünkü şənbə gecəsi Tiflis teatr heyəti Mixailovskidə “Vetsel” teatrında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” nam komediyasını mövqeyi-tamaşaya qoydular.Qeyrətli oyunçular öz rollarını lazımınca bacarıb, hər kəsin məmnuniyyət və alqışını cəlb elədilər. Hərçənd arvad rolları təbii halınca deyildilərsə də, bu da o qədər qüsur sayıla bilməz. Çünki bu xüsusda uzun-uzadı biliyə və təcrübəsi olmayan kişilərdən arvadlardan təftari-nazükanə, müamilə və şivəyixüsusiyyətlərini gözləmək təbii ola bilməz. Bu cəhət və oynayanların minidə bir belə şeylərə məşğul olduqları nəzəri-insaf və mizanə alınarsa, demək olar ki, himmətli cavan oyunçularımız öz rollarını çox yaxşı ifa etdilər.

1 min
Binəsiblər

Bunlar çoxdur: bircə Zaqafqaziyada bunlar yüz minlərlə hesablanır. Onlar dilənçilərə oxşayırlar. Həmişə cırım-cındırda, ac, yorğun. Onlar bizim həmvətənimiz deyildirlər, qonaqdırlar. Onlar buraya uzaq məmləkətlərdən işləmək üçün gəlmişlər və işləyirlər. Amma onlar son dərəcə yazıqdırlar. Çünki heç kəs onları sevmir, heç kəs onların fikrini çəkmir, onların qeydinə qalmır. Onları, buraxıb gəldikləri yerdə də sevmirlər, bizdə də sevmirlər.Nə üçün onları sevmirlər? Bunu heç kəs bilmir. Mən isə belə fikir edirəm: onları onun üçün sevmirlər ki, onlar cındır paltarlıdırlar, çünki onlar acdırlar.

2 min
Xeyir-dua

İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz.

3 min

Poems by other poets · Satire