Müsəlman teatrı
Bugünkü şənbə gecəsi Tiflis teatr heyəti Mixailovskidə “Vetsel” teatrında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” nam komediyasını mövqeyi-tamaşaya qoydular.
Qeyrətli oyunçular öz rollarını lazımınca bacarıb, hər kəsin məmnuniyyət və alqışını cəlb elədilər. Hərçənd arvad rolları təbii halınca deyildilərsə də, bu da o qədər qüsur sayıla bilməz. Çünki bu xüsusda uzun-uzadı biliyə və təcrübəsi olmayan kişilərdən arvadlardan təftari-nazükanə, müamilə və şivəyixüsusiyyətlərini gözləmək təbii ola bilməz. Bu cəhət və oynayanların minidə bir belə şeylərə məşğul olduqları nəzəri-insaf və mizanə alınarsa, demək olar ki, himmətli cavan oyunçularımız öz rollarını çox yaxşı ifa etdilər.
Teatr camaatla xınca-xınc dolu idi. Təəssüf, çox təəssüf ki, oyun nə qədər yaxşı idisə də, camaatın tərtib və oturuşları o dərəcə biqayda və səliqəsiz idi. Hətta bu qaydasızlıq o mərtəbədə idi ki, budəfəki teatra zatən çox az gələn mötəbər familiya və şəxslər birinci pərdədən sonra teatrdan çıxıb getməyi özlərinə fərz bilirlər. Birinci pərdədən sonra camaatın qarşılıqlı, biqaidə hərəkət və vəziyyətləri daha ziyadə artdı. Hər kəs harada keyfi istəyirsə orada otururdu. Nə vaxt canı istəsə tütün çəkirdi. Hələ biletlərə baxmaq üçün bəzi cavanların təyini, teatra altı aylıqdan 10-12 yaşına qədər pək çox məktəb uşaqlarının qəbulu əfv edilməz, çox böyük bir qüsur idi. Ümidvarız ki, bundan sonrakı teatrlarımızda tərbiyəvi familiyaları müsəlman teatrlarından nifrət etdirəcək bu kimi qaydasızlıqlar və qüsurlar olmaz.
“Şərqi-Rus”, 28 noyabr 1904, № 234
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-muselman-teatri
Use ← → keys to move, R for a random poem
More by this author
Tarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.Xülasə.
İki almaAxşam vaxtları gəzməyə çıxanda, hərdən bir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaqla bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da deyirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.
Qurbanəli bəyMirzə Allah sənə rəhmət eləsin!**Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.
Saqqallı uşaqBu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.