Lal oyunu
Allah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq.
“Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı.
Bu günlərdə Şamaxı məktəblərində müəllimin biri uşaqlara rus dilini belə öyrədirmiş: müəllim müsəlman uşaqlarından soruşub “isladki” nədir? Müsəlman uşaqları biliblər ki, “isladki”, yəni şirin deməkdir. Amma qorxublar müsəlmanca deməyiblər və mat qalıb baxıblar müəllimin üzünə. Müəllim cibindən bir tikə qənd çıxardıb qoyub uşaqların birinin ağzına və deyib “vot isladki”, yəni “bax, şirin buna deyərlər”.
Sonra müəllim genə soruşub “qorki” nədir? Uşaqların bir parası bilirmiş ki “qorki” acı deməkdir, amma bir kəs səsini çıxartmayıb (çünki lal oyunu qaydası ilə müsəlmanca bir söz də danışmaq olmaz). Bəli, müəllim görüb ki, uşaqlar dinmirlər, yavaşca cibindən bir balaca kağıza bükülmüş bir atım “kinə” çıxardıb (haman kinə ki, qızdırmalıya verərlər) istəyib qoysun uşaqların birinin ağzına, uşaq istəməyib kinəni yesin. Müəllim uşaqlara hökm eləyib, bu biədəb uşağı çığırda-çığırda yıxıblar yerə və kinəni zornan doldurublar uşağın ağzına. Elə ki, uşaq başlayıb ağız-gözünü turşutmağa, müəllim deyib: “Bax “qorki” buna deyərlər”.
Bir gün də küçədən keçənlər baxıb görüblər ki, məktəbdə uşaqların hamısı bir-birilə öpüşür. Sonra məlum olub ki, uçitel istəyirmiş uşaqlara “tselovat” sözünün mənasını öyrətsin. Bir neçə məşədi bunu görcək məktəbin rəisinə ərizə aparıb veriblər ki, “biz də rusca oxumaq istəyirik”.
Qərəz ki, heç belə dərs olmaz!
Dəli
“Molla Nəsrəddin”, 22 sentyabr 1908, №38
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-lal-oyunu
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan.Müzəffər uşaqlara yolpulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal.
Münəvvər! (23 mart 1929)Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.
Əli Həsən! (26 noyabr 1929)Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Əli Məhzun yoldaşa!1929*Mən qabaqlarda Ruhullaya da demişdim ki, öz barəmdə bir şey yaza bilmərəm, savayı ondan ki, anadan olmuşam min səkkiz yüz yetmişinci ildə (1870), Naxçıvan şəhərində. On üç yaşadək mollalar yanında dərs almışam, sonra Qori seminariyasına daxil olub, 1888-ci ildə oranı tamam edib kəndlərdə müəllimliyə məşğul olmuşam. Ta ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir il çalışıb, 1906-cı ildə “Molla Nəsrəddin”i bina etmişəm.
Poems by other poets · Satire
Eldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Bilməm nə görübdür bizim oğlan oxumaqda?!Bilməm nə görübdür bizim oğlan oxumaqda?!Dəng oldu qulağım!
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.