Təzəlikdə Amerikada “Hiyufant” vilayətində təzə təsis olunan elektrik stansiyasına bəzi axmaqlar möcüz ad qoyurlar. Guya bu illətə ki, həmin elektrik stansiyasına iki yüz milyon at qüvvəsi əmələ gətirəcək. İyirmi milyon kilovat işıq verəcək və Şimali Amerikanın cəmi zavod və mədənlərinin yarısını işlətməyə və işıqlandırmağa qadir olacaqdır.

Bu barədə Bakıda on yeddinci klubun zalında ramazanın 23-də professor Nikolayev tərəfindən müfəssəl məruzə oxundu ki, möcüz o deyil. Möcüz odur ki, həmən gecə qubalılar məscidində bir nəfər ləzgi istəyirmiş minbərə çıxıb xütbə oxusun. Elə ki, ağzını açıb, birdən yıxılıb və həmən saat can verib, ölüb. Həmən saat camaat həyəcana gəlib, bu işi möcüz hesab edib və fövri şeyx cənablarına üç yüz otuz manat pul yığıb, verib, dağılıblar.

Möcüz budu, bax! Ay axmaqlar!


İkinci möcüz

Orta əhya gecəsi Bakıda iki yerdə leksiya oxunub. Biri Hacı Pirverdi məscidində, biri maarif evində. Məsciddə leksiya oxuyan Hacı molla Əbdürrəhim qazi cənabları idi. Maarif evində təzə Moskvadan gələn professor və məşhur mühəndis Vasilyevskidir.

Professor cənabları belə rəvayət edirmiş ki, indiki halda Almaniyada və Amerikada ixtira olunan radio hikməti vasitəsilə dəryanın kənarında əyləşib və böyük-böyük ümman dəryalarında cəmi gəmiləri kapitansız, yəni gəmilərdə bir nəfər olmaya-olmaya onları dəryada hər tərəfə ki, lazımdır, dolandırmaq mümkündür. Hətta hərbi donanmaları elə idarə eləmək mümkündür ki, onların içində qurulan toptüfəng və qeyri-bir atəşli və barıtlı partlayıcı şeylər lazım olan vaxt partlasın və öz vəzifəsini əmələ gətirsin.

Guya buna da möcüz ad qoyublar. Amma o bikarların xəbəri yoxdur ki, həmən gecə Qazi cənabları həmən Hacı Pirverdi məscidində ağılları heyran qoyan fəsahəti ilə bir belə dərin mənalı rəvayət söyləyirlər. Guya bir günləri İranda bir qəsəbədə pahdarlar odun daşıyan atlardan bir qran və eşşəkdən on şahı alırmışlar. Əhali görüb ki, bu iş dəxi sərf eləmir. Odunu dallarında daşımağa başlayıblar. O vədə qoçaq pahdar deyib; xob, iş ki, belə oldu, mən də sizin dördünüzü bir eşşək ayağından hesab edib, dördünüzə on şahı alacağam.

Bunu fərmayiş edib, qurtarandan sonra axund cənabları bunu da əlavə edib ki, bir gün həzrəti-risalətpənah meraca gedən vaxt qabiqövseynə yetişib, görür ki, iki nəfər iranlı oturub, birinin yanında buxça və əlində arşın, birinin yanında palan.

Həzrət soruşur:

– Siz kimsiniz?

Buxçalı cavab verir:

– Mən təbrizliyəm, gəlmişəm mal satmağa.

Palanlı da deyir:

– Mən Sarab və Ərdəbil hambalıyam.

Məsciddə İran camaatı bunu eşitcək yerindən durub, qazi cənablarına bihörmət sözlər deyib, məsciddən dağılıb, gedir.

Lağlağı

“Molla Nəsrəddin”, 25 aprel 1925-ci il, №17

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oruc yeyənlər

Orucluq yetişəndə mənim heç kəsə o qədər yazığım gəlmir, nə qədər ki, oruclarını yeyənlərə.Vallah, o cür ki, mən görmüşəm, orucu yeməkdənsə tutmaq min qat asandır.

5 min
Orucu batil eləyən şeylər

Mərvdə cənab mövlana hacı Məhəmməd Bağır ağa hər gün məsciddə minbəri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min peyğəmbərə and içə-içə camaatı inandırır ki, qəzet oxumaq orucu batil elər. Mən biləsi bu məsələyə diqqət eləmək lazımdır.Tutaq ki, Lənkəranda sərçeşmeyi-ülumi-rəbbani fəxrül-üləma hacı Cabbar ağa Nəsirbəyovun müridləri bu günah əməldən uzaqdırlar; amma yenə oructutanlardan gah bir qəzet oxuyan mənim gözümə sataşır. Məgər bunlar yazıq deyillər?!

5 min
Məclisi-milli

Cənab Molla Nəsrəddin! Nömrə on səkkizdə məclisi –məşvirətdə – olan cənabların şəmayili-mübarəkini çəkib nişan vermisiz və zimnidə əcəlli-mərifətləri dəxi məlum olunub. Vəli bəzi əşxas çoxdan çox talibdir ki, siz o məclisin əczasının ismi-mübarəklərini yazıb və söhbətü məşvərəti-məclisi dəxi bəyan buyurasız məclisdə olan məşvərətlər bu vəz ilə idi. Cənab əczanın ismləri: Cənab Ximyazətül-üləma,Ağa Cəfər Dəbbağ, Ağa Məhəmmədhüseyn Səbbağ, Ağa Məhəmmədtağı Xəbbaz, Ağa Nəcəf Əttar və Ağa Sadıq Dəllak.

2 min
Bir adam lazımdır

Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin” düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar.Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu.

1 min

Poems by other poets · Satire