İranda ləqəblər
Bunu heç kəs inkar etməz ki, İranın bu dərəcədə tərəqqi tapmağına və qeyri məmləkətlər içində şöhrət qazanmağına ancaq və yenə də ancaq ləğəblər səbəb olubdur. Vaqeən, bu saat dünyanın hər bir yerində İranın ləğəblənmiş əşxasının söhbəti düşəndə hər bir kəs quruyub qalır və çünki oralarda bu qism böyük adamlar az tapılır, onunçün paxıllıqlarından az qalır canları çıxsın (cəhənnəmə çıxsın, gora çıxsın).
İndi mən ərz edim, gör qeyri bir məmləkətdə belə-belə baş sahibləri var, ya yox. Məsələn:
Qəzənfərül-mülk – bu ağa haman vücuddur ki, Atilladan başlamış Napalyon, Gindenburq və Ənvər paşa bu ağadan təlim tapıb, bu vücudun dəstpərvərdələridir.
Vəkilül-məmalik – Avropa müharibəsindən sonra Parisdə qərar verilən tarixi sülh konfransında cəmi dövlətlər Vudro Vilsonu biqabiliyyət bilib, konfrans sədarətinə həmin ağanı dəvət etdilər (hələ bu da çəm-xəm eləyib getmirdi).
Həkimi-əzəm – İngiltərədə Oksford darülfünununda tibb leksiyaları irad edirdi. Bunu ağanın şagirdlərindən məşhur doktor Huxman, doktor Şavelli, doktor Ribyan, Rakud, Nelapus və qeyriləri rəvayət edirlər.
Zərğami-xəlvət – oxuculardan üzr istəyirəm, çünki cəmi xəlvət ləğəblərini məna etməkdən həya edirəm – şayəd övrət-uşağın nəzərinə çata, yaxşı olmaya.
Müzəyyənüs-sultan – yəni sultanı bəzəyən. İndi bunu da Allah bilir ki, nə tövr və nə vaxt bəzəyir; dəxi bizə məlum deyil.
Filosofül-məmalik – Sokratın, Dekartın və Karl Marksın filosofiyalarını tənqid elədi və yer üzündə bu dairədə birinci olaraq ictihad etdi (Bari xudaya, sən özün hifz elə).
Fəthül-məmalik – Yeni dünyanı, Cənubi Avstraliyanı və Qütbişimalidə çox aləmlər fəth etdi.
Lisanüd-dövlə – İranın danışmağı məhz bu ağanın vücuduna bağlıdır və çün ağa, əğləb övqat, tiryək nəşəsi aləminə müşərrəf olur, o səbəbdən yüz ildən artıqdır ki, İran lal hesabındadır.
Hərdəmxəyal
“Molla Nəsrəddin”, 20 rəcəb, 1339 (31 mart 1921), №4
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-iranda-leqebler
Use ← → keys to move, R for a random poem
More by this author
İrəvandan bir belə kağız aldıq:“Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”.
PoçtxanaMən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gənə dəmir yolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana elə bil ki, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var. Tiflisdən Gəncəyə gedən var, Şəkidən Şirvana gedən var – dəxi poçt nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdiver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər.
Həmşəri və saldatS a l d a t : Həmşəri, zaçem tvaya qamsum tatar şaxsey-vaxsey başqa qinjal prapal.H ə m ş ə r i : Ağa saldat, patamu qamsı tatar zorba başqa rejim rabatay; məsələn, erməni takoy çalavert, qorxax, musurman qorxax bilməz, patamu indi qamsım urus, firənk, erməni, gürcü pasmatri musurman şaxsey-vaxsey mnoğo-mnoğo kriçit, kriçit, başqa vsyo qinjal, başqa vsyo qəmə, rejim, rejim, şaxsey rejim, patamu vsyo ingilis, vsyo urus, vsyo firənk qamsum gəlib pasmatri kakoy zorba pasmatri musurmandan qorxub delayet, tvoyo urus şto? Burnundan adin nemnoşko qan gələn kimi kriçit, ay umirat, ay doxtor, umirat. Patamu musurman zorba.
Allaha şükür olsunAllaha şükür olsun ki, axırı Bakıda da əmin-amanlıq bərqərar oldu. Doğrudan da, mən həmişə Bakının işlərini eşidəndə xarab olardım: həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verirdi, heç bir yanda olmayan və eşidilməyən bir iş idi: gün olmazdı ki, küçə və bacada adam ölməsin, adam yaralanmasın, adam oğurlanmasın, heç kəs cürət eləyib küçəyə çıxa bilmirdi. Millətlər içində biabır olmuşduq. Xülasə, indi Allaha min şükürlər olsun ki, bunların hamısı bir günün içində götürüldü. Xudayi-taala dərgahından istədiyim budur ki, şəhər rəislərimizin və idarə üzvlərinin və cəmi şəhər rişsəfidlərinin bir neçəsinin ömrünü tulani eləsin.Vaqeən, insan fikirləşdikcə şad olur, düşündükcə qəmgin olur, qüssə etdikcə sevinir və sevindikcə az qalır ki, insan dəli-divanə olsun və bunların hamısı keçəndən sonra adamın ruhu şad olur.
Poems by other poets · Satire
Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Neçin verməyir? ("Bircə bu məşrutəni şah neçin verməyir?")Bircə bu məşrutəni şah neçin verməyir?Gah verir filməsəl, gah neçin verməyir?
Sahib-zühurEvini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”