İranın Batum konsuluna başıbağlı məktub
Özgə oxucularımızdan xahiş edirik bu məhrəmanə məktubu oxumasınlar
Fədayət şəvəm!
Ay rəhmətliyin oğlu, sənin də başuva bir özgə sənət qəhət olub, gedib oturubsan Batumda və deyirsən ki, “mən gərək konsul olam”. A kişi, sən Allah, boşla! Əzizim, boşla! Atam, boşla! Gözüm boşla! Qardaşım, boşla! Sən Allah, boşla qoysun getsin!
Bir mənə de görüm, fikrin nədir? Sən Allah, boşla! Səni tarı, boşla!
Hələ bir mənə de görüm, fikrin nədir! Nə qədər xoşbəxt konsul olsan, Ərfəüddövlədən ki, artıq olmayacaqsan?! İndi bir gör o kişinin axırı nə oldu: odur, İstambuldan yazıb Tiflisə ki, “mənim cəmi əmlakımı dəyər-dəyməzə satın, pul eləyin və göndərin qoyum ingilis bankına; ondan ötrü ki, Tehranın millət məclisi yapışacaq yaxamdan və var-yoxumu alıb, xəzinə malı eləyəcək, özümü də məhkəməyə verəcək”.
Bir bax gör, əzizim, daha bundan sonra konsulluğun nə ləzzəti? Keçənlər keçmiş ola; hanı indi xeyir-bərəkət?! Həmşəri başını qovzayıb yuxarı, qulaqlarını qırpıdıb; heç yavığına getmək mümkün deyil.
A kişi, sən Allah, bir mənə qulaq as.
Dünən küçə ilə keçərkən bir həmşərini itələdim, yıxıldı palçığa. Ayağa qalxıb, az qaldı hirslənsin və mənim üstümə elə qabardı ki, deyəsən bu da adamdı?
Daha, qurbanət şəvəm, bundan sonra nə konsulbazlıqdı?
Allah baisin evini yıxsın! Allah rus-yapon davasını icad edənlərin balalarını mələr qoysun! Hardan çıxdılar o yəcüc-məcüc yaponlar, o adama oxşamayan yaponlar, o iki ulağın arpasını bölə bilməyən yaponlar, o elmi-cəbr və kimyadan xəbəri olmayan yaponlar? Hardan bunlar gəlib, qarışqa kimi töküldülər Mancuriya çöllərinə və başladılar ruslarla zarafat eləməyə. Axırda ac-uc əmələlər gördülər ki, rus hökumətinin başı qarışıb və Şeytanbazar müsəlmanları deyən kimi, yapışdılar xozeyinlərin yaxasından ki, bizim müzdümüzü artırın. Şeytanbazar müsəlmanları doğru deyirlər ki, Rusiya iğtişaşı heç bir şey deyil, məhz məvacib davasıdır.
Qərəz, sözümüz orada deyil. Sözümüz orasındadır ki, Rusiyanın müzd davası sirayət elədi bizim İrana, indi də ki, işlər gəlib buraya dayandı. Dəxi ində nə istəyirsən, fədayət şəvəm? Dəxi indi bu camaatdan sən nə gözləyirsən?
Yaxşı, hələ tutaq ki, konsul olmaq istəyirsən. Nə eybi var, ol, heç eybi yoxdur. Amma, əzizim, axır bir şeyi yaxşı eləmirsən. Yox, vallah, belə olmaz.
Yaxşı, tutaq ki, konsul olmaq istəyirsən. Bəs niyə yatırsan? Pəh, bu yaxşı olmadı! Sən Allah, belə eləmə, küsərəm səndən.
Yaxşı, tutaq ki, yuxun gəlir, yatırsan. Nə eybi var? Amma, ay qardaş, bir oyanmaq da ki, axır lazımdı. Pəh, sən Allah, belə eləmə, inciyərəm səndən.
Yaxşı, tutaq ki, oyanmaq istəmirsən. Amma axı olmaz! Bura Maku deyil, Naxçıvan deyil. Həmşərilər qoyarlarmı bu qədər yatasan?! Qərəz, ta mən sənə nə deyim. Əgər mənim pəndimi qəbul eləsən, yığışdır püst-pələngi və qoy get Xorasana, Türküstana ya bir özgə yerə. Yoxsa Batumdan mənim gözüm su içmir.
Get dolanginə, xamsən hənuz,
Konsul olmağa çox hünər gərək.
Sən görən deyil Ənzəli, Zünuz,
Boylə işlərə baxəbər gərək.
Keçdi ol zaman padşahdınız,
Padşah nədir, qibləgahdınız,
Həmşərilərə bir ilahdınız,
İndi bəsdi ta, ta yetər gərək!
Bax rəiyyətə, bax gədalərə,
Yer-göy ağlayır hər nidalərə,
Guş qılginən bir sədalərə,
Hər yetimə sən ol pədər gərək.
Baxma Əskərə, hər Rizayə sən,
Baxma fitnəyə, hər bəlayə sən.
Sən rəiyyətə bircə sayəsən,
Söyləmə “mənə simü-zər gərək”.
Qoyma ağlasın həmvətənlərin,
Gözlə onların xeyrin, həm şərin,
Söyləsin sənə millət “afərin!”,
Etgilən bina bir əsər gərək.
Get dolanginən, xamsən hələ,
Konsul olmağa çox səfər gərək.
Çox da yatmağı etmə məşğələ,
Niyyətin olar çün hədər gərək.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 29 dekabr 1906, №39
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-iranin-batum-konsuluna-basibagli-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi.Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi:
Bakıdan Qarabağa. Naxçıvan malıBir ay bundan qabaq uşaqlarımın böyük bacısını və uşaqları götürdüm və beş-on manat “Nakladnoy rasxod” verib Bakı vağzalında iki yüz min növ cəhənnəm əzabı ilə bilet tapıb, minəkləri və minəklərimizi itələyə-itələyə vaqona oturduq. Kürdəmir vağzalında hava təzə işıqlanırdı. Bizim qız yuxudan oyanıb əl-üzünü yudu və başını vaqonun akoşkasından çölə çıxardıb, baxırdı.Vağzalın səkisində bir-iki bığıburma müsəlman cavanı qol-qola gəzirdilər. Bizim qıza baxa-baxa vaqonun qabağında gah o tərəfə, gah bu tərəfə keçirdilər. Birdən birisi bizim qıza tərəf göz eyləyib, yoldaşına dedi:
XəbərdarlıqBu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur.Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar.
Unudulmuş elmlərRusiyanın Elmi Akademiyasının iki yüz illik yubileyimünasibətilə
Poems by other poets · Satire
I– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Dədə, vay!Dədə, vay, hey yatıram, bir yuxudan doyammıram,Bu ağır yatmağımın sirri nədir, duyammıram?
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl: