İspalkom imtahanı
Həmən bu otuz ikinci nömrədən məcmuəmizdə “İspalkom imtahanı” sərlövhədə səhifə açmağı qərar qoyduq.
“İspalkom” – rus sözüdür, bunun mənası “icraiyyə komitəsi sədri” deməkdir.
Bəli, mətləb budur:
Cəmi oxucularımıza məlumdur ki, Azərbaycan cümhuriyyətində on yeddi qəza ispalkomu var, çünki on yeddi qəza icraiyyə komitəsi var, əlbəttə, bu on yeddi komitə sədrləri, yəni ispalkomları, hərəsi bir cürdür, necə də ki, beş barmağın hərəsi bir cürdür. Bu da yaranmışların xilqətində qoyulmuş bir hikmətdir: görürsən milyard-milyard insanların ikisini tapa bilməzsən ki, bir-birinə oxşaya.
Belədi ispalkomlar: biri şüurludur, biri şüursuz; yəni biri bu dünyanın təqazasını duyan və özü üçün gün ağlamağı bacaran, amma biri zehni və fərasətdən uzaq, sabahkı günü mülahizə etməyən, nə bilim rəiyyətdir – nədi, ona kömək çıxan və fəqir-füqəraya tərəfdar olub, öz şəxsi işlərini xidmətinə qurban edən kəmtəcrübələrdir.
Xülasə ki, hərəsi bir cürdür. Biri hirsli, biri sakit, biri adam döyən, biri ucaboy, biri alçaqboy, biri rəiyyətin atasını-anasını söyən, biri heç bir kəsi söyməyən, biri kəndə gələn kimi kasıb rəiyyətdən qayqanaq tələb edən, biri yalvarsan da müftə bir tikə yavan çörək də kasıbdan istəməyən, biri əsil kəndli dostu, biri həqiqi qolçomaq, birinin cəlalı qədim xan cəlalı kimi, biri həqiqi rəiyyət yoldaşı... Xülasə, biri elə, biri belə. Biri dövlətli Hacı Heydərdə gözəl bir at görəndə kişinin üstə min böhtan atıb dustağa salır ki, atını sahiblənsin, amma o biri ispalkom, bir dövlətli hacıya rast gələndə onu məzəmmət edir ki, niyə cibindən beş-on şahı çıxardıb qonşuluqdakı yetim uşaqların dəftər-qələminə sərf etmirsən. Biri çalışıb milisə qəzet-kitab gətirdən; amma o birinin yanında qəzet sözü danışanda deyir: “Kommunist” qəzeti də cəhənnəm olsun, “Yeni fikir” də səqərə getsin, “Molla Nəsrəddin” tünbətün düşsün.
İndi hünər istərəm o şəxslərdən və o müxbirlərimizdən ki, qəza ispalkomlarımızın şücaətlərindən yazıb idarəmizə səhih məlumat verərlər. Səhih ondan ötrü deyirəm ki, nasəhih sözü hər bir kəsin barəsində danışmaqdan dünyada əskik peşə yoxdur və ola da bilməz.
Məlumat verənlərin heç birinin adı heç bir vəchlə bir kəsə verilməyəcək. Doğru və təhqiq olunmuş məlumat məcmuəmizdə çap olunacaq, hər bir ispalkomun nameyi-əmalı kəmahüvə həqqəhu yazılacaq. Çox məzəli və gülüncə layiq olan ispalkom dadaşlarının karikaturu da məcmuəmizdə üç etik ilə çəkiləcək; qəlbi qara, gözləri qırmızı və üzü ağ (adam adama deyər: üzün ağ olsun!).
Bunu da əlavə edirik ki, idarəmizə doğru və dürüst məlumat göndərənləri özümüzə həmişəlik müxbir qərar verib ona pulsuz məcmuə göndərəcəyik.
Molla Nəsrəddin
Artırma: İndilikdə söhbətimiz qəza ispalkomları barəsindədir.
Nahiyə və kənd ispalkomlarının imtahanı gələcəkdə başlanacaq.
Ondan da sonra növbə ukomların, zemkomların və qeyri-qeyri komlarındır.
M. n.
“Molla Nəsrəddin”, 15 sentyabr 1923, №32
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ispalkom-imtahani
Use ← → keys to move, R for a random poem
More by this author
Bir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Otİlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:
YuxuMolla, salaməleyk!Durmuşdum, yuxuda gördüm ki, iki nəfər cavan oğlan, biri 15 yaşında zülflü və biri də 30 yaşında bığlı-birçəkli bir-birinə yetişdikdə, otuz yaşlı on beş yaşlıya hirsli dedi ki, ədə, ... bəs sən mənə vədə vermişdin ki, axşam bizə gələsən, necə oldu? Sən də Məhəmmədəli şah oldun ki, dediyin sözdən qaçasan?
Mırt-mırtVacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: “Eh, necə olacaq olsun!”.Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il gözləyirlər, – axırda da hər kəs rast gəlir, – gedirlər, amma çoxu da qalır evdə və özünə layiq oğlan tapa bilmir ki, getsin (Dövlətli qoca kişilərin kefidir ha!).
Poems by other poets · Satire
Qorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl:
Qarabağ qazisiEyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.