Kişmiş oyunu
Page 1 of 3
Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.
Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.
Tövlənin bir tərəfi mal ilə dolu və qaranlıq idi, amma digər tərəfi uca və işıq idi və burada çox cəmiyyət əyləşib söhbətə məşğul idilər. Danışanlar bizi görçək səslərini kəsdilər və cümləsi birdən ayağa durub, bizə kəmali-ehtiram ilə yuxarı başda yer göstərdilər. Biz əyləşdik. Onlar bizim əhvalımızı soruşmağa başladılar. Biz də onlardan əhvalpürsan olduq. Xülaseyi-kəlam, kəndlilər biz ilə bir mehribanə rəftar elədilər ki, guya aylar ilə bizim müntəzirimiz idilər. Kəndlilərin bu növ rəftarı, bizi nəhayət mərtəbədə dilşad etdi.
Əvvələn, biz çox ac idik. Havanın belə soyuq vaxtında nə qədər yol gəlib, yorulub, bir belə isti yer və qonaqdust sahibxanə axtarırdıq ki, bir növ rahat olaq. Saniyən, əhli-beytdən ayrı düşüb və qış mövsümü qürbət vilayətə səfər etməkdən bizim ümdə məqsədimiz bir qədər çörək pulu əlimizə gətirib tezliklə vətənə üz döndərmək idi.
“Zurnalı” kəndindəki bu tövr mehribanlıq görüb biz yəqin etdik ki, xəyalımızda tutduğumuz məbləği, həmin gecə tövləyə cəm olan Allah bəndələrindən cəm edib dəxi sair yerləri bu soyuqda gəzib dolanmağa möhtac olmarıq və piş əz vəqq evimizə qayıdıb övrət-uşağımızın könlünü şad edərik; necə ki, bizim könlümüz bu gecə burada şad oldu.
Başladıq kəndlilə ilə şirin söhbətə. Onlar bizdən İranda vaqe olan əhvalatı soruşmağa başladılar, biz onlardan bəzi əhvalat başladıq soruşmağa. Belə məlum oldu ki, keçən il bu vilayətin pambıq və arpa-buğda ziraəti səlamət imiş.
Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. Bu şəxs dəri almaq qəsdilə kəndə gəlmiş imiş. Bu minval ilə söhbət iki saat çəkdi və biz necə ki, lazım idi, isinib təam gözləyirdik; çünki biz məclisə varid olub əyləşən kimi sahibxana məzkur Bala Sultan nökərini göndərdi ki, xoruz öldürüb bizdən ötrü sədr düyüsündən plov bişirsinlər.
Tövlə qapısı açıldı və bizim yadımıza düşən, əlbəttə, plov oldu. Bir uca boylu oğlan, kəhildəyə-kəhildəyə – guya ki, uzun yol qaçıb, – məclisə daxil oldu. Kəndlilərin birinin yanında oturub başladı haman kəndlinin qulağına bir şey pıçıldamağa. Bir qədər keçəndən sonra, haman oğlan tövlədən kənara çıxdı.
Həmin olğan çıxıb gedəndən sonra, kəndlilər başladılar bir-birilə pıçıldaşmağa. Bala Sultan kəndlilərin bu tövr hərəkətini xoşlamayıb söylədi:
– Çox eyibdir sizdən ötrü ki, bizim belə əziz qonaqlarımızın yanında pıçıldaşırsınız. Mən bu tövr biədəbliyi sizdən əsla gözətləmirəm. Hər nə sözünüz varsa, aşkara söyləyin ki, görək nə olubdur. Mən başa düşə bilmirəm, sizin necə bir xəlvət işiniz ola bilər ki, bizdən gizləyirsiniz.
Kəndlilərin biri cavab verdi:
– Xeyr, Sultan ağa, elə bir xəlvət işimiz yoxdur. Olsa da, elə bir iş deyil ki, sizə dəxli ola.
Kəndlinin bu sözləri Sultanın xoşuna gəlmədi və Sultan bir qədər ucadan dedi:
– Gedə, sənin ağlın qaçıb, nədir?! Necə mənə dəxli yoxdur?! Sizin nə bir elə işiniz ola bilər ki, mənə dəxli ola bilməsin?
Haman kəndli cavab verdi:
– Xeyr, Sultan ağa, vallah elə bir iş yoxdur.
Kəndlilər genə başladılar bir-birinə pıçıldaşmağa. Bala Sultan bu dəfə dəxi qeyzlənib uca səslə dedi:
– Adama sözü bir dəfə deyərlər! Axmaq uşağı axmaq! Bir mənə deyin görüm ki, axı nə barədə pıçıldaşırsınız və nə bir elə iş vaqe olub? Qabaqca cavab verən kəndli söylədi:
– Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun: amma doğrusu budur ki, qorxuruq, ehtiyat edirik ki, izn vermiyəsən!
Bala Sultan hirs ilə dedi:
– Necə ehtiyat edirsiniz?! Necə qorxursunuz ki, izn verməyim?! Nəyə izn istəyirsiniz?
Kəndli dedi:
– Xeyr, Sultan ağa, başınızı ağrıtmayınız! Elə bir xəlvət işimiz yoxdur. Olsa da, daha nə lazım söyləmək?! Onsuz da biz yəqin bilirik ki, izn vermiyəcəksiniz, daxı nə lazım söyləmək!
Bala Sultan o mərtəbədə hirsləndi ki, yerindən bir qədər dikəlib qeyz ilə, daha uca səslə haman kəndliyə dedi:
– Allah sizə lənət eləsin! Sizi görüm üzünüz qara olsun! Lənət olsun sizi doğub əkənlərə! Bu qədər sözü uzatmaq olmaz. Axı bir deyiniz görüm sözünüz nədir? Az məni dəli-divanə edin!
Kəndlilərin bir ayrısı üzünü Bala Sultana tutub dedi:
– Sultan ağa, bizim fikrimiz Allahdan gizli deyil, səndən niyə gizlin olsun! Amma doğrusu budur ki, qorxuruq ki, getməyimizə izn verməyəsən.
Bala Sultan alçaq səslə soruşdu:
– Hara getmək istəyirsiniz?
Kəndlilərdən bir cavab gəlmədi. Sultan dübarə soruşdu. Kəndlilərdən bir cavab çıxmadı. Sultan çox uca və qeyzli səslə dübarə soruşdu:
– Hara getmək istəyirsiniz?
Kəndlilərin birindən bu tövr cavab gəldi:
– Sultan ağa, doğrudan-doğrusu biz hamımız qorxuruq; səndən qorxuruq ki, izn vermiyəsən. Amma mən sözün əslini deyəcəyəm.
Mən biləm ki, məni öldürəcəksən, – genə sözümü deyəcəm. Sözün vazehi budur ki, bu saat və bu dəqiqə poçt yolu ilə bir dəvə karvanı İrəvana 18 yük kişmiş aparır. Amma necə yeməli kişmişdir!.. Bu xəbəri bu saat Kərbəlayı Heydərəli gətirib. Deyir ki, tayın biri bir az dəlinib, kişmişdən bir qədər yola tökülmüşdü. Kərbəlayı Heydərəli oğlunun canına and içir ki, belə kişmiş, Təbrizdən, indiyə kimi bu tərəflərə gəlməyib. Sultan ağa, Allah-taala atan Hüseyn Sultanın ruhunu şad eləsin, aman günüdür, rəhmin gəlsin, biz yazığıq.
Bala Sultan təəccüblü soruşdu:
– Yaxşı, mən nə eləyim? Necə rəhmim gəlsin sizə?
Kəndli bir az durub dedi:
– Vallah, Sultan ağa, qorxuram deməyə; amma deyəcəyəm. Əgər bizə mərhəmət eləsən və izn versən, bu saat atları minib, silahlanıb, karvanın qabağını kəsərik və kişmişdən beş-on tay gətirib, burada gecələr söhbət edə-edə yeməyə məşğul olarıq; məsələn, on tay kişmiş gətirsək cəmimizə bütün qış kifayət edər. Aman günüdür, Sultan ağa, dəxi belə fürsət bir də ələ düşməz! Sultan ağa, şair bə nə yerdə deyib: “Fürsəti verməz fotə aqil, bəlkə olmaya nadan!”. Aman günüdür. Sultan ağa, bizə rəhmin gəlsin!
Bala Sultan çox təəccüblü dedi:
– Olan, nə danışırsınız! Məgər dəlisiniz?! Kişmiş taylarını çöldə tökməyiblər ki, siz gedib yığışdırıb gətirəsiniz! Ola bilməz ki, karvanın yanında gözətçi və çarvadar olmasın. Qoyarlarmı xalqın gözünün qabağında özgənin malını gətirəsiniz?!
Kəndlilərin biri Sultana belə cavab verdi:
– Nə deyib qoymazlar, Sultan ağa?! Çarvadarın hünəri nədir qoymasın?! Və bir də ki, biz iki adam, üç adam, əli boş və piyada getməyəcəyik. Yəqin ki, karvanın yanında olacaq iki, üç nəfər silahsız və piyada çarvadar; amma biz olacağıq iyirmi-iyirmibeş nəfər atlı və silahlı. Bizim qabağımızda iki-üç çarıqlı dəvəçi nə danışa biləcək? Heç göz açmağa fürsət vermərik. Sultan ağa, bizi o qədər də yava və aciz hesab etmə.
– A gədə, Allahı sevirsiniz bu fikirdən düşün! Olan, vallah, sizdən qan qoxusu gəlir. Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izn verim ki, gedib quldurluq edəsiniz! Qardaşlarım, vallah, bu işlərin faydası yoxdur, gəlin bu daşı ətəyinizdən tökün! Xatadır, cahılsız, gedərsiniz, bir söz siz deyərsiniz, bir söz onlar deyər, sözünüz çəp gələr, gözü qanlısınız, əlinizdən xata çıxar. Ondan sonra gəl polisəyə cavab ver!
Kəndlilərdən biri:
– Sultan ağa, haqq fərmayiş edirsiniz, belə işdə xata da ola bilər olsun, qan da tökülə bilər; çünki çarıqlı dəvəçi bizim kimi igidlərin qabağında ağzını açıb danışsa, lazımdır ki, onun ağzını məhz güllə ilə yummaq. Amma siz nahaq yerə bolusadan ehtiyat edirsiniz. Biz elə yerdə yatmarıq ki, altımıza su çıxsın. Əgər əlimizdən xata da çıxsa, biz elə eləmənik ki, bir yad adam bizim işimizdən xəbərdar olsun. Sultan ağa, gərək sənə yaxşı məlum ola ki, belə işlər bizim peşəmizdir. Daha biz xam deyilik. Bizim bu cür işlərə getməyimiz əvvəlinci dəfə deyilki, bolusa bizim işimizdən xəbərdar olsun və axırda bizə əziyyət eləsin. Sənin başına and olsun. Sultan ağa, bir nəfəs də bizim işimizi duymaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-kismis-oyunu
Use ← → keys to move, R for a random poem
More by this author
Oxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.
İstiftaBakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.
MəscidlərHamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.
MəəttəlDünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:
Poems by other poets
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Könlüm yenə bir kasə qızıl qano dönübdürKönlüm yenə bir kasə qızıl qano dönübdür,Qan olsa böylə zülmlə hər yanə dönübdür!
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,