Dünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.

Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:

– A kişi, belə də sultan olar, belə də xəlifə olar? – Dedim:

– Necə?

Dostum bir az başını bulayıb dedi:

– Ay qardaş, vallah, biz müsəlmanların bəxti yatıb, evimiz yıxılıb. Biz dedik ki, indi, bəli, köhnə sultanı yendirdilər; hərçənd yaxşı sultan idi, amma nə eybi var, yendirdilər. Bir özgəsini qoyarlar onun yerinə, bu da onun kimi bir sultan olar. Amma, sən Allah, buna bax, bu da üzünü qırxdırır. A kişi, sultan da üzünü qırxdırar? Xəlifə də üzünü qırxdırar? Neçə milyon osmanlı əhalisi, neçə min Nuxa və Şamaxı camaatı xəlifəsi də üzünü qırxdılar? Ax, ax, vay, vay!..

Doğrusu, mən cavab verməyə məəttəl qaldım: çünki doğrudan da heç bilmədim ki, nə deyim. Elə, həqiqət, sultan da üzünü qırxdırar? Xəlifə də üzünü qırxdırar?..

Lap məəttəl qalmalı işdir.

Dəli

“Molla Nəsrəddin”, 17 may 1909, №20

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əziz oğlum Midhət! (27 iyul 1930)

Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.

1 min
Həmidə! (27 avqust 1930)

Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put çiy su içirəm.İş ondadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım.

2 min
Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!

Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.

1 min
Həmidə! (10 noyabr 1930)

Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil

1 min

Poems by other poets · Satire