Üç yüz milyon maşallah
Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”
Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.
Xeyr, əgər “millətpərəstlərimiz” həqiqətdə millətpərəstlik etmək xəyalında olmuş olsalar, o vədə gərək əllərinə elə bəhanələr salalar ki, İskəndəri-Ruminin böyüklüyünü tərif edə-edə stulları sındırmayalar.
Kimdir camaatımızın düşmənləri? Hər kəs desə ki, “əcnəbilərdir”, burada o qədər bir hünər göstərməyib; o səbəbə ki, bu sözü biz uşaqlıqda kürsü başında Fatma xalalarımızdan da eşitmişik. Bəlkə də elə bu sözün əsli var; çünki əcnəbilərin bizə olan məhəbbətindən də mən hələ bir elə nişanələr görməmişəm.
Amma mən onu deyirəm ki, köhnə xərmənləri sovurmaqdansa, təzə sözləri ortaya qoymaq lazımdır. Nə olar ki, hamıya məlum olan düşmənlərimizi bir saatlığa qoyaq kənara və bir az da öz ətrafımıza baxıb görək öz içimizdə nələr var?!
Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəy Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər.Bu işləri səhl saymaq olmaz; huşyar olmaq lazımdır. Hər kəs dünyanın təqazasına bir az bələddirsə, indidən gərək yəqin eləyə ki, Ordubad cəhaləti Əylis mədəniyyətinin qabağında dayana bilməz. Ətrafımızda müşahidə olunan politika vüquatı bizə bir böyük dərsdir; hələ tarix qalsın kənarda.
İvan Həsənin qatığını vurub yerə tökəndə üç yüz milyon müsəlman tərəfindən İvana üç yüz milyon nifrət teleqramı işləyir; amma Ordubadda Seyid Mürtəza və “Ağ seyid”in oğlu poçt yoluna adamlar düzüb, qəzet oxuyanları asdırıb kəsdirəndə biz dinmirik.
Bir Ordubad deyil, götürək İrəvan kimi bir böyük müsəlman şəhərini. Allah şahiddir ki, burada nə bir nəfər müsəlman vəkili, nə bir nəfər müsəlman həkimi, nə bir nəfər müsəlman oxumuşu, xülasə Ordubad kimi burada da bircə nəfər “adam” tapıla bilməz.
Niyə?
Səbəbi budur ki, əlli il bundan irəli burada məktəblər açılandan indiyədək, qazımız məvacibin hörmətinə hər gün məktəbə gedib ruslar ilə əl-ələ verəndə müsəlman məhləsinə gələn kimi əllərini yuya-yuya və murdar əcnəbi müəllimlərini söyə-söyə əcnəbi elmini müsəlmanların nəzərində hər gün və hər saat “haram” cərgəsinə daxil eləyibdir.
Və indi yenə İrəvan gimnaziyasının beş-on nəfər müsəlman şagirdləri yavaş-yavaş başlayıblar dərsdən qaçmağa.
Kimdir bizim düşmənlərimiz? Əcnəbilər də olsa, onların düşmənçiliyi hələ ki, ehtimal olunan bir şeydir; amma o əcnəbilərin birinin yolu əgər düşə bizim vilayətə və şeyxlərimizin övrətbazlığından baxəbər ola, gedib dünyaya xəbər verəcək ki, müsəlman millətində bircə tikə namus yoxdur.
Harada qalıbdır bizim “millət başçıları?”.
Kimdir bizim düşmənlərimiz?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 may 1909, №21
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-uc-yuz-milyon-masallah
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.
Yoldaş Əliyev (2 fevral 1929)Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə:1) Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik.
Həmidə! (28 fevral 1929)Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.
Həmidə! (19 aprel 1929)İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.
Poems by other poets · Satire
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,Məxluqu inandır;
Şahnamə və yaxud QaracanaməƏrrəhman... əlləməl-Quran,Xələqəl-insan... əlləməhül-bəyan.
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.