Usta Zeynal
Page 1 of 3
Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi.
Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir.
Muğdusi Akop övrətinin əlindən yapışıb, başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki, xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər.
Otaqların bir qüsuru yox idi; çünki divarların kağızı təzə və təmiz idi, taxta fərşlər təzə şirlənmişdilər. Və lakin bir neçə gün bundan irəli çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci lampa asılan çəngəlin bir tərəfindən akoşkaya səmt uçub tökülmüşdü.
Muğdusi Akop və övrət məsləhət etdilər ki, bir bənna çağırsınlar və danışsınlar ki, səqfin uçan yerini gəclə suvayıb düzəltsin.
Muğdusi oğlunun bu tezliklə gəlməyini gözləmirdi. O səbəbə ki, oğlu Moskvadan çıxan zaman yazmışdı ki, Tiflisdə iki həftə dayısı evində qonaq olacaq.
Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi və Muğdusi Akop fikrində qoymuşdu ki, səqf quruyandan sonra təmir etdirsin və illa oğlunun bu tezliklə gəlməyini bilsə idi, təxir etməyib səqfi piş əz vəqt qayıtdırardı.
Tiflisdən buraya üç günlük yoldu. Akop övrəti ilə məsləhəti bu yerə qoydular ki, nə qədər mümkün isə, tezliklə usta çağırıb, iki günün müddətində səqfi təmir etdirib qurtarsınlar.
Muğdusi çoxdan bilirdi ki, onun qonşuluğunda Usta Cəfər adlı məharətli bənna və səliqəli gəc çəkən var. Muğdusi, Usta Cəfərin evinə gedib və qapısını döyüb ustanı soruşdu. Ayaqyalın bir arvad qapıya çıxdı və cavab verdi ki:
– Usta Cəfər gedib Məhəmməd Ağanın evində işləməyə və axşam gələcək.
Muğdusi bir az bikef oldu; çünki dəxi ümidi yox idi ki, bekar usta tapa və sabaha kimi də gözləmək istəmirdi: bir günün içində səqfi təmir etmək və sonra otağın toz-torpağını təmizləmək mümkün olmazdı.
Muğdusi Akop gedib dükan qonşusu Hacı Rəsula dərdini söyləyəndən sonra Hacı Rəsul təzə İrandan gələn Usta Zeynalı Muğdusiyə tərif etdi.
Adam göndərdilər, Usta Zeynal gəldi və boynuna çəkdi günü iki manata Muğdusi Akopun səqfini təmir etsin; bu şərtlə ki, bu gün başlayıb, sabah axşama kimi işini tamam edib, otağın gəcini və torpağını təmizləyib qurtarsın. Muğdusi Akop əhd elədi ki, əgər Usta Zeynal bu şərti vaxtında əmələ gətirsə, ustaya daha altı arşın yarım mahud versin.
Bir saatdan sonra Usta Zeynal şəyirdi Qurbanla Muğdusi Akopun evində hazır oldu və əlindəki xurcunu balkona qoyub girdi otağa və başını yuxarı qalxızıb, üzünü tutdu Muğdusi Akopa:
– Xozeyin, qorxuram sabah axşama kimi başa gətirə bilmiyim.
Muğdusi Akop cavab verdi ki, burada nə bir o qədər iş var ki, sabah axşama kimi qurtarmaya. Usta genə diqqətlə səqfə baxıb başladı ki:
– Bu gün axşama kimi ancaq gəc ələnib hazır ola, pilləkan gələ, taxta bağlana, qab-qaşıq gətirilə… Bunlar hamısı uzun işdi.
Muğdusi Akop söz verdi ki, bu işlər bir saatın işidir və Usta Zeynaldan çox artıq təvəqqə etdi ki, bir az səy edib təxirə salmasın.
Muğdusi Akop Qurbana pul verib göndərdi, bir yük yaxşı gəc alıb gətirsin və özü, övrəti və xırda oğlu başladılar ustanın fərmayişlərini birbəbir əmələ gətirməyə. Usta Zeynal balkonda əyləşib çıxartdı çubuğunu və başladı çəkməyi. Muğdusi Akop kiçik oğlu ilə həyətdən nərdibanı gətirib qoydu otağa, Muğdusinin arvadı otaqdan bir paçka papiros və bir qutu spiçka gətirib qoydu Usta Zeynalın qabağına. Muğdusi oğlu ilə həyətdən bir neçə böyük və kiçik taxta gətirib qoydu otağa. Usta Zeynalın buyurmağına görə Muğdusi oğlu ilə gedib qonşudan bir nərdiban da alıb gətirdilər.
Bir saatdan sonra həyətə bir yüklü ulağ girdi. Üstü-başı gəclə tozlanmış ulağçı, ustanın şəyirdi, hərəsi bir tərəfdən yükün çuvallarını qucaqlayıb, ulağın üstündən götürüb, gətirdilər otağa və gəci boşaltdılar yerə. Ulağçı çuvalları ulağın üstünə atıb, heyvanın ombasından bir dəyənək yendirib həyətdən çıxdı.
Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa, yarım mahuddan tikilmiş köhnə geyməsini çıxardıb bükdü və qoydu bir səmtə və Muğdusinin arvadından ələk istədi. Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. Muğdusi Akop, Usta Zeynalla köməkləşib nərdibanın birini dayadılar otağın bir divarına, o birini dayadılar müqabildəki divara və Usta Zeynal taxtaların bir uzununu və möhkəmini götürüb qoydu nərdibanların uca pillələrinin üstünə və çıxıb, balkondan bir papirosla spiçka qutusunu götürüb, papirosunu yandırdı, üzünü tutdu Muğdusi Akopa:
– Xozeyin, bu otaqları hansı usta tikib? – Muğdusi Akop cavab verdi ki, bilmir hansı usta tikib; çünki bu otaqları onun atası tikdirib və bilmir hansı ustaya tikdirib.
Usta Zeynal börkünü başından götürüb içindən çirkli-araxçınını çıxardı, qoydu keçəl başına, börkünü qoydu akoşkanın içinə və Muğdusi Akopdan soruşdu:
– Xozeyin, Urusetdən gələn oğlun neçə yaşında olar? – Muğdusi Akop cavab verdi ki, Urusetdən gələn oğlu iyirmi dörd yaşındadır və Usta Zeynaldan təvəqqə elədi ki, bir az əcələ etsin.
– Xozeyin, heç narahat olma, niyə ürəyini sıxırsan? Mən ölü də olsam, günortaya kimi qurtarram.
Sonra Usta Zeynal bir qədər fikirləşib üzünü tutdu Qurbana:
– Qurban, bir şey yadıma düşdü, tez dur ayağa. Dur, oturma. Get bizdə saxsı ləyən var, küpə var, onları və bir parç da götür gəl.
Qurban “ya Allah” deyib durdu ayağa və ətəklərinin gəcini silkib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. Muğdusi Akop, Usta Zeynala dedi ki:
– Bu şeylərin cəmisi burada var. Daha nə lazım zəhmət çəkmək və vaxtı itirmək?
Usta Zeynal əvvəl bilmədi ki, nə cavab versin və əlindəki papirosu akoşkanın küncünə basıb keçirdib dedi:
– Xozeyin, heç eybi yoxdu, nə eybi var? Bu saat Qurban şeyləri gətirər. Nə eybi var?
Bu sözləri deyəndən sonra Usta Zeynal akoşkanın içinə əyilib, başladı diqqətlə həyətə baxmağa və Muğdusidən soruşdu:
– Xozeyin, həyətdə axar su var?
Muğdusi Akop cavab verdi ki:
– Haman görükən arxın suyu həmişə axır. – Usta Zeynal “çox əcəb” deyib başladı şalını açmağa. Muğdusi Akop çıxdı getdi arvadının yanına. Arvadı bundan soruşdu ki:
– Ustalar nə işdədirlər? – Muğdusi Akop cavab verdi ki, ustalardan gözü su içmir; çünki çox yavaş tərpəşirlər.
Saat yarımdan sonra Qurban gəldi; küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi. Usta Zeynal başladı şalını açmağa və Qurbana dedi ki, durmasın, tez su gətirsin və gəc qayırsın. Qurban çıxdı balkona və küpəni götürüb yendi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü və gəcdən ovuclayıb, başladı ləyənə tökməyə. Usta Zeynal arxalığını çıxardıb bükdü qoydu akoşkanın içinə, çıxdı balkona, xurcundan malanı çıxardıb gətirdi otağa və “Ya Əli” deyib nərdibanla çıxdı taxtanın üstünə. Qurban gəci qarışdırıb çıxdı nərdibanın dördüncü pilləsinə və ləyəni taxtanın üstünə qoyub yendi aşağı. Usta Zeynal “Bismillah” deyib, sol əlilə gəci götürüb qoydu malanın üçtünə və səqfə vurub başladı suvamağı.
Muğdusi Akop gördü ki, iş başlandı, bir qədər rahat oldu. Hətta övrəti şadlığından Usta Zeynala çay təklif etdi. Usta Zeynal çay barəsində razılıq edib ancaq təvəqqə elədi ki, zəhmət çəkib ona bir papirosla, bir spiçka versinlər; çünki Qurbanın əlləri gəcli idi. Muğdusi Akop papirosu və spiçkanı uzatdı Usta Zeynala. Usta papirosu damağına salıb, başladı işini və dedi:
– Xozeyin, oğlun neçə il dərs oxuyub?
Muğdusi cavab verdi ki:
– On dörd il oxuyub.
– Maşallah, maşallah. Elədə, xozeyin, gərək çox kitab oxumuş ola.
– Nə söz, çox oxuyub.
– Maşallah, maşallah. Elədə, xozeyin, gərək xətti də yaxşı ola.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-usta-zeynal
Use ← → keys to move, R for a random poem
More by this author
Əcayibül-məxluqat*Rəvayətdir ki, bir gün Yəhya bin Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına. Şeytan hazır oldu, amma şeytan nə şeytan: tükləri meymun tükünə oxşar, bədəni donquz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var, ikisi sinəsində və ikisi də çiyinlərində, amma ayaqları boynundan asılmışdı və otuz ayaq barmaqları var idi, amma boynundan bir yekə zəng asılmışdı.
FitvalarAltı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
LəpəMən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Poems by other poets
Hər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Bir parça torpaq qalmadıBarmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
پیرم و آرزویِ وصلِ جوانان دارمخانه ویران بوَد و حسرتِ مهمان دارم