Usta Zeynal
Page 2 of 3 · 33%
Muğdusi Akop soruşdu:
– Necə xətti?
– Yəni yazmağı, qələmi.
– Söz yox, yaxşıdı.
Usta Zeynal, malanı qoydu taxtanın üstünə və keçmiş papirosunu yandırıb çömbəldi taxtanın üstündə və başladı:
– Xozeyin, nə qədər yaxçı olsa, mən and içə bilərəm ki, bizim oxuyanların xətti kimi ola bilməz. And olsun hər ikimizi yaradana, vətəndə mənim qardaşımın bir oğlu var, olar 13-14 yaşında. Yəni deyəsən çox da dərs oxuyub? Xeyr. Əvvəl-axır yeddi-səkkiz il məscidə gedib, “Gülüstan”ın ancaq ikinci babına kimi mətnini oxuyub. Amma di gəl xəttinə, Allah bağışlasın, Allah öz cəlalı xatirinə sənin də övladının dağını sənə göstərməsin, yazıqsan.
Muğdusi Akop dinmədi ki, Usta Zeynal söhbəti müxtəsər etsin və işinə məşğul olsun.
Qurban bildi ki, ləyəndəki gəc quruyub, zay olub, nərdibana qalxıb, ləyəni yendirib başladı gəci qaşıyıb yerə tökməyə və təzə gəc qayırıb qalxdı nərdibana. Usta Zeynal papirosun başını gəcə basıb, cızıltı ilə keçirdi və başladı suvamağı və bu söhbəti:
– Xozeyin, niyə sizin padşahuuz yoxdu?
Muğdusi Akop cavab vermədi və otaqdan çıxdı. Yarım saatdan sonra Muğdusi Akop ustaların yanına gəlib gördü ki, Usta Zeynal yenib aşağı. Qurban parçla su tökür, usta əllərini yuyur ləyənin içinə. Muğdusi Usta Zeynaldan soruşdu ki, niyə bəs işləmir? Usta cavab verdi ki, günorta namazının vaxtı keçir; bu saat gedib namaz qılıb gəlib işləyəcək.
Saat yarımdan sonra Usta Zeynal çıxdı taxtanın üstünə və Qurban başladı gəc qayırmağı. Muğdusi gördü ki, ustalar işləməyi başladılar, bunların yanına gəlməyib, oturdu qabaq otaqda ki, bəlkə Usta Zeynal söhbətə məşğul olmayıb şirin işləsin. Muğdusi qəzetin vərəqini götürüb, dəmir yolun bu tərəfə hərəkət etməyinin hesabını öyrənirdi ki, görsün oğlu hansı qatarla çıxa bilər və vətənə nə vaxt gələ bilər.
– Qurban, gəc qayır… – Usta Zeynalın belə səsi gəldi.
Muğdusi belə hesab edirdi: dəmir yol qatarı Tiflisdən əgər sübh saat beşdə çıxmış olsa, axşam yetişər “Almalı” mənzilinə.
– Qurban, təqlidin kimədir?.. – Usta Zeynalın səsi gəldi.
Qurbandan cavab çıxmadı. Muğdusi hesab edir: sabah axşam dəmir yol qatarı yetişər “Qurdlar” mənzilinə. Bu hesabla sabah yox, biri gün sübh saat doqquzda gələn maşınla gözləmək olar.
Usta Zeynal belə söhbət edirdi:
– Sizin vilayətin müsəlmanları əgər müsəlmana bir tük qədəri oxşuyurlarsa, mənim atama lənət! Görürsən sizin o binamus Ağa Sadığı? Keçən həftə olarda işləyirdim. Məlunun dövləti həddən aşıb. Deyirəm, Ağa Sadıq, qardaş, bu dövləti nədən ötrü cəm edibsən? Niyə bir Kərbəla ziyarətinə getmirsən? Həyasız oğlu həyasız on iki imama and içir ki, mümkün eliyə bilmirəm. Niyə mümkün eliyə bilmirsən, ey ləvənd? Niyə bəs imarət qayıtdırmağı mümkün eliyirsən? Niyə bəs at saxlamağı, mahıt çuxa geyməyi, üç arvad almağı mümkün eliyirsən? Daha sənin ermənidən nəyin artıqdır? Qərəz, Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdilər. Gəc ver!..
Qurban pillələri çıxa-çıxa başladı:
– Usta, Allah atana rəhmət eləsin. Ağa Sadığın heç taxsırı yoxdur. Ağa Sadıq neyləsin? İmam özü gərək adamı istəyə; əgər imam istəməsə, nə cür ziyarətə getmək olar?
Usta Zeynal hirsli kimi ucadan söylədi:
– A kişi, get işinə sən Allah, axmaq-axmaq danışma! Necə gərək, imam istiyə? Əgər adamda imam məhəbbəti olmasa, dəxi imamın nə vecinə o cür məlunu istəsin? İmama çox lazımdır ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox?
Qurban gəc ləyənini yuxarı qalxıza-qalxıza başladı:
– Usta, hər nə deyirsən de, amma imam adamı istəməyincə ziyarətə getmək olmaz.
Usta Zeynal acıqlı baxdı Qurbanın üzünə, taxtanın üstündən çömbəlib başladı papirosunu yandırmağa və əl-qolunu ata-ata dedi:
– Bax, məni görürsən, bir kasıb bənnələrin biriyəm. Bir mala və bir xurcundan savay özgə bir mal-dövlətim yoxdu; çünki əvvəldən mən dünya malı fikrində olmamışam. Çünki dünya malı dünyada qalacaq. Allah-taala özü qurani-məcidində buyurub: “Cahan, ey bəradər, nəmanəd bə-kəs…” Allah sənin də ölənlərinə rəhmət eləsin, rəhmətlik atam zənganlı Hacı Heydər, Zənganda mötəbər adamların biri idi və özünə görə yaxşı dövlət qazanmışdı. Elə ki, atam vəfat etdi, onda mən on iki yaşında idim. Məni istədilər evləndirsinlər. Hamıdan artıq bu fikirdə əmim Kərbəlayı Qulaməli idi ki, qızını versin mənə. Qızı da hələ bir az uşaq idi. Gəl ləyəni götür, gəc qayır… Qızı olardı altı, yeddi yaşında; mən dedim ki, əgər məni dar ağacından assanız da, çəhardəh məsumu ziyarət etməyincə evlənmənəm; çünki qız da hələ bir az uşaq idi. Hərçənd əmimin ziyarətə getməyimə bir sözü yox idi; amma mən görürdüm ki, əmimin xahişi əvvəl məni evləndirmək, sonra ziyarətə yollamaqdır. Dedim vallahı və billahı istiyirsiz məni öldürün, istiyirsiz ac qoyun, ancaq gedəcəyəm.
Muğdusi Akop girdi içəri və gördü ki, Usta Zeynal taxtanın üstündə çömbəlib söhbət edir. Muğdusi qaş-qabaqlı başını qalxızdı Usta Zeynala tərəf və hər iki əlini yuxarı tutub dedi:
– Ay Usta Zeynal, sən Allah, işinə məşğul ol, bəlkə sabah axşama kimi qurtarasan. Yoxsa sabah qurtarmasan, gərək işi yarımçıq qoyaq, çünki biri gün tezdən qonaqlar gələcək.
Usta Zeynal durdu ayağa və malanı götürüb, əlini vurdu bərkimiş gəcə və Qurbana dedi:
– Qurban, gəc qayır.
Və sonra üzünü çöndərdi Muğdusi Akopa:
– Ay xozeyin, axı mən başıma nə daş salım? Bu cür axmaqlar adamı dəli-divanə eləyir. Qoyurlar ki, adam başını salıb aşağı, işinə məşğul olsun?
Muğdusi Akop qaş-qabaqlı üzünü tutdu Usta Zeynala:
– Ay rəhmətlik oğlanları, axı siz buraya işləməyə gəlibsiniz, ya davaya? Bəs siz dava eliyəcəksiniz, işi kim görəcək?
Usta Zeynal Muğdusiyə tərəf çönüb əlindəki malanı iki dəfə öz döşünə vurub dedi:
– İşi mən görəcəyəm, mən! Ürəyüvi niyə sıxırsan, xozeyin? Canın sağ olsun. Bu nə işdi ki, mən sabaha qurtara bilmiyim? Mən ölməmişəm ki, sənin işin yarımçıq qalsın. Əgər mən sənin işini sabah qurtarmasam, mən səndən bir qəpik də istəmirəm.
– Yaxşı, Usta Zeynal, tutaq ki, sən məndən bir qəpik istəmədin; bəs mənim xeyrim nədi ki, iş yarımçıq qalsın və qonaqlar gəlib evi bu şəkildə görsünlər?
– Heç ürəyüvi sıxma, xozeyin. Allah kərimdi. Ümidüvi bir Allaha bağla ki, yeri-göyü yox yerdən xəlq edibdi. Ürəyüvi niyə sıxırsan? Əgər Allahın iltifatı olsa, belə iş olmasın ki, on belə iş olsun, bir dəqiqədə qurtarram; əgər olmasa, dəxi mənim günahım nədi?.. Qurban, gəc ver.
Axşama bir saat qalırdı, ustalar əllərini yuyub işdən çıxdılar. Səqfin altı hissədən ancaq bir hissəsi qayrılmışdı. Ustalar gedəndə Muğdusi Akop onlardan ancaq bunu təvəqqə elədi ki, səhər işə tez gəlsinlər. Usta Zeynalın Muğdusiyə verdiyi cavab bu oldu:
– Ürəyüvi sıxma, xozeyin, Allah kərimdi.
Sübh təzə işıqlanırdı. Usta Zeynal və Qurban üz qoymuşdular Muğdusi Akopun evinə işləməyə və Usta Zeynal şəyirdinə bu sözləri deyirdi:
– Qurban, mən qəsdən səni bu tezlikdə çağırdım. Qardaş, bir az tez gedək, o kişinin işini qurtaraq; çünki işdi, əgər qurtarmasaq, xəcalətlik çəkərik. Əvvələn budur ki, kişinin oğlu gəlir, qonağı-zadı olacaq; ikinci budur ki, axı, söz vermişik; kişi odur ki, verdiyi sözə əməl eləsin. Və bir də Hacı Rəsuldan da ayıbdı, o kişi də vilayətdə özünə görə bir adamdı.
Qurban bir söz söyləmədi və bir qədər keçəndən sonra soruşdu:
– Yaxçı, usta, indi sən bu işi podrata götürmüsən ki, bu gün axşama kimi qurtarasan. İndi belə tutaq ki, qurtarmadın, bəs necə olacaq? Puldan yana erməni bizi incitməyə?
– A kişi, sən həzrət Abbas, boş-boş danışma! Elə söz danışırsan ki, pişmiş toyuğun gülməyi gəlir. Kişi, necə qurtarmasan? O nə işdi ki, qurtarmıyam?
– Axı, ay usta, mən demirəm ki, qurtarmayacaqsan; ancaq deyirəm ki, işdi, qurtarmasan?
– A kişi, sən İmam Hüseyn, özünü dəsgaha qoyma.
Ustalar yetişdilər Muğdusi Akopun evinə və yarım saatdan sonra Usta Zeynal çıxdı taxtanın üstünə. Qurban başladı gəc qayırmağı və söhbəti.
– Usta, bizim xozeyin yaxşı adama oxşuyur.
Usta Zeynal gəci ləyəndə sağ əli ilə götürüb cavab verdi:
– Yaxşı adam olmağına yaxşı adamdı, Allah dinə gətirsin; amma nə fayda?!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-usta-zeynal
Use ← → keys to move, R for a random poem
More by this author
Əcayibül-məxluqat*Rəvayətdir ki, bir gün Yəhya bin Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına. Şeytan hazır oldu, amma şeytan nə şeytan: tükləri meymun tükünə oxşar, bədəni donquz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var, ikisi sinəsində və ikisi də çiyinlərində, amma ayaqları boynundan asılmışdı və otuz ayaq barmaqları var idi, amma boynundan bir yekə zəng asılmışdı.
FitvalarAltı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
LəpəMən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Poems by other poets
Hər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Bir parça torpaq qalmadıBarmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
پیرم و آرزویِ وصلِ جوانان دارمخانه ویران بوَد و حسرتِ مهمان دارم