Page 1 of 4

Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir.

Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da.

Gah vaxt yay fəsli küçə ilə keçən vaxt görürsən ki, Məşədi Molla Həsən başını dayayıb səkinin bucağına, mürgüləyir, ya bir özgə vaxt keçəndə görürsən: bir o taylı çömbəlib Məşədinin qabağında və Məşədi gözlüyü burnunun üstə keçirdib, sol dizi üstə əlinin içində yarım vərəq çirkli kağız tutub o başını yuxarı qalxızıb, gözlüyün altından kağıza baxıb, farsca oxuyur: “Və saniyən: əgər bizim vilayətin əhvalını xəbər almaq istəsəniz, lillahülhəmd, sağ və salamat sizin ömrünüzə duagu varıq və özgə bir nigaranlığımız yoxdur, savay sizin ayrılığınızdan; xudavəndi-aləm bir səbəb salsaydı ki, sizi mən bir də görə idim…”.

Qış fəsli məscidin qabağından keçəndə görürsən ki, Məşədi Molla Həsən əbaya bürünüb və qabağına bir manğal qoyub, əyilib az qalır manğalı qucaqlasın. Ya bir vaxt keçəndə görürsən bir qəribə çömbəlib Məşədinin qabağında və əlləri ilə yavaş-yavaş manğalın odlarını deşir və Məşədi Molla Həsən sol əlində yazılı bir kağız tutub, sağ əlini qoltuğuna soxub kağızı oxuyur: “Məndən dua yetirəsiniz əmoğlum Kərbəlayı Qasıma, dayıoğlum Cəfərə, bibimə, Səkinə xanıma, Gülsüm əmiqızıma. Məndən dua yetirin Heydərə, Kərbəlayı Əliyə. Məndən dua yetirin Məşədi Xəlilə, Məşədi İskəndərə və Hüseynə və Qulaməliyə və Məşədi Zülfüqara və Usta Zeynala. Məndən çox-çox dua yetirin Məşədi Rüstəm əmimə və Nəcəfəliyə və Bayrama, Orucəliyə və Səbzəliyə və Kərbəlayı İsmayıla və Məhəmmədə. Və Məhəmmədə degilən ki, qardaşı Murtuzaqulu sağ və salamatdır və İrəvanda Hacı Həmidin bağında bağbandır və bir arvad da alıb, uşağı da olub və çox-çox dua göndərir və uşağın gözləri ağrıyır, amma şükür Allaha, özü salamatdır və çox-çox dua göndərir…”.

Məşədi Molla Həsən İran əhlidir. On-on iki il bundan irəli Məşədi İrəvanda başına yeddi-səkkiz müsəlman uşağı yığıb müdərrislik elərdi. Axırda uşaqlar bir-bir başladılar dağılmağa; o səbəbə ki, uşağın biri dərsini bilməyəndə Məşədi Molla Həsən tüpürürdü uşağın üzünə. Bir neçə dəfə uşaqlar gedib atalarına şikayət elədilər, bir neçə dəfə uşaqların atası gəlib Mollanın üzünə tüpürdü. Amma bunlar hamısı ötüşərdi, əgər uşaqlar dağılmasa idilər.

Uşaqlar dağıldılar.

Əvvəlləri Məşədi Molla Həsən kitab satardı. İndi də onun səkisinin üstündə bir neçə köhnə cildli kitablar var: iki “Gülüstan”, dörd cild “Camei-Abbas”, bir cild Quran, iki cild çox köhnə “Nisab”, bir dənə cildi dağılmış “Tərəssül” və bir dənə təzə “Əbvab”. Amma bu kitablardan bir ilin içində Məşədi Molla Həsən yeddi-səkkiz cilddən artıq sata bilməz.

Odur ki, Məşədinin güzaranı kağız yazmaqla keçir. Gün olmaz ki, üç-dörd qərib və kəndli gəlib Məşədi Molla Həsənə kağız yazdırmasın. Hər kağızın birinə Məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. Kağız yazdıran çox kasıb olanda bir qəpiyə də yazır; bu şərtlə ki, kağızı, yazdıran özü gərək alıb gətirsin.

Allah bərəkət versin; yaxşı sənətdir. Müsəlman aləmində heç sənət o mərtəbədə rəvac deyil, nə qədər ki, özgələrə məktub yazmaq. Anadolu məscidlərinin qapılarından keçmək mümkün deyil; o tərəfibu tərəfi müsəlmanlar tutub doluşurlar bir və ya iki mollanın başına ki, kağız yazdırsınlar. Habelə Tehran, Təbriz, İrəvan, Tiflis, Bakı ya qeyriləri. Gəncə məscidinin qapısının hər bir səkisində bir Məşədi Molla Həsən kimi şəxs əyləşib. İyirmi-otuz adam bunları əhatə edir ki, kağız yazdırsınlar. Məscidə girib-çıxmaq mümkün olmur.

Allah bərəkət versin.

Amma bircə burası yaxşı deyil, kağız yazdıranların hamısı kasıb adamlar olur. Görürsən ki, bir fəqir fəhlə gəlir ki:

– Məşədi əmi, mənə bir kağız yaz!

Məşədi Molla Həsən bunu eşitcək sağ əlini uzadır fəhlənin qabağına və soruşur:

– Çıxart görüm, cibində nəyin var?

Fəhlə əlini salıb cibindən iki qəpiyi çıxardır.

Məşədi deyir ki:

– Bu azdır.

Fəhlə and içir ki:

– Dəxi pulum yoxdu.

Məşədi and içir ki:

– Yazmanam.

Axırda fəhlə razı olur ki, gedib bir qəpik də tapıb gətirsin.

Sonra Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır, qələmdanın dəvatına bir qətrə su tökür, qamış qələmin ucunu basır sol əlinin şəhadət barmağının ucuna, sonra bir vərəq çirkli poçt kağızını kitabın içindən tapıb yarıdan cırır, yarısını səliqə ilə qoyur kitabın arasına, yarısını qoyur sol dizinin üstünə, qələmi batırır mürəkkəbə və öz-özünə başlayır kağızı yazmağa. “Sahiba, qibləgaha! Əvvələn və saniyən…” Qərəz xeyir-duanı və axırda “amin ya rəbbülaləmin” yazıb üzünü tutur kağız yazdırana və deyir:

– İndi sözünü de yazım.

Kağız yazdıran dərdini yazdırıb qurtarandan sonra qəpikləri verib Məşədi Mollaya, kağızı alıb qoyur qoltuq cibinə ki, gedib görsün vətənə gedən varmı ki, kağızı yollasın.

Miladi tarixinin min doqquz yüz altıncı ilində sentyabr ayının 13-də Məşədi Molla Həsən iki nəfər adama kağız yazıb: birini İranın “Ərəblər” kəndinin sakini Kərbəlayı Məmmədəliyə, o birini təbrizli Usta Cəfərə.

Ax, başı bəlalı kağızlar! Dünya və aləmi bir-birinə vurdunuz! Kaş sizi yazanın barmaqları quruya idi və sizi yazıb xalqı bu qədər bəlalara salmaya idi!

Qərəz, keçək mətləb üstə.

Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb az-çox çörək pulu qazansın və əhlü-əyalını saxlasın. Əhlü-əyalı ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşında bir oğlundan.

Əvvəllər Kərbəlayı Məmmədəli fəhləlik edərdi və iki-üç ayda bir üç-dörd manat xərclik və altı-yeddi arşın çit göndərərdi evinə. Keçən il erməni-müsəlman davası düşəndə Kərbəlayı Məmmədəli getmişdi vətənə və beş-on manat pul da aparmışdı. Amma səkkiz aydır ki, evindən çıxıb gəlib indiyədək ancaq bir dəfə “Ərəblərə” anasına iki manat göndərib ki, evdə xərclik eləsinlər. İki dəfə anası və arvadı sifariş eləyiblər və iki dəfə kağız göndəriblər ki, xərclikdən yana korluqları var və Kərbəlayı Məmmədəlidən bir az pul istəyiblər. Bu sifarişlərin və kağızın cavabında Kərbəlayı Məmmədəli bir dəfə kağız göndərib və bir dəfə də sifariş eləyib ki, buralar şuluqdur və iş-zad o qədər yoxdur; bir az səbr eləsinlər, inşallah, ara sakitləşəndən sonra evə xərclik göndərər.

Bu vilayətin şuluq olmağını Kərbəlayı Məmmədəli düz yazırdı, çünki doğrudan buralar şuluq idi. Amma orasını yalandan yazırdı ki, iş-zad o qədər yoxdur; gün olmazdı ki, Kərbəlayı Məmmədəli fəhləlikdən dörd abbası, bir manat qazanmasın və bunu da demək olmaz ki, Kərbəlayı Məmmədəli əhlü-əyalını istəmirdi. Çox səy edirdi ki, pul göndərsin; amma göndərə bilmirdi. Nə qədər istəyirdi göndərsin, birdən görürdü ki, cibində pul yoxdur. Bir neçə gün keçirdi, öz-özünə deyirdi ki: “inşallah, bu gün vətənə gedən adam taparam və heç olmasa, iki manat evə göndərərəm”. Amma axırda genə göndərə bilmirdi. Ondan ötrü göndərə bilmirdi ki, xərci çox idi və xərci də ondan ötrü çox idi ki, Allahın izni ilə, peyğəmbərin şəriəti ilə Kərbəlayı Məmmədəli burada bir dul arvad siğə eləmişdi.

Həmin arvad Kərbəlayı Məmmədəlinin yoldaşı bir fəhlənin bacısı idi. Əvvəllər bu arvad Kərbəlayı Məmmədəlinin paltarını yuyardı. Bir dəfə Kərbəlayı Məmmədəlini yoldaşı evlərinə qonaq aparmışdı. Nə tövr düşdü ki, Kərbəlayı Məmmədəli arvadın qıçlarını görüb xoşladı və axırda da ki, aldı. Qabaqca Kərbəlayı Məmmədəli “Aslan karvansarası”nın bir hicrəsində qalırdı və danışmışdı təzə arvadına ayda bircə manat xərclik versin. Amma sonra arvadı bir az da artıq xoşlayıb köçdü arvadın evinə. Arvadın adı Pərinisə idi.


Günlərin bir günü Kərbəlayı Məmmədəli qaçaraq evə gəlib təzə arvadına dedi:

– Ay qız, Pərinisə, muştuluğumu ver!

Pərinisə təəccüblü soruşdu:

– Nə olub?

Kərbəlayı Məmmədəli dübarə dedi:

– Muştuluğumu ver!

Pərinisə genə soruşdu:

– Nə olub?

Kərbəlayı Məmmədəli genə dedi:

– Muştuluğumu verməsən, demiyəcəyəm.

Pərinisə Kərbəlayı Məmmədəliyə yaxınlaşıb yapışdı əllərindən və genə soruşdu:

– Sən Allah, de görüm nə olub?

Kərbəlayı Məmmədəli genə dedi:

– Vallah, muştuluğumu verməsən, demiyəcəyəm.

– Yaxşı, muştuluğun borc olsun, de görüm nə olub?

Kərbəlayı Məmmədəli dedi:

– Bizim İrana hürriyyət verilib.

Pərinisə bir qədər dayanıb soruşdu:

– Nə verilib?

– Ay qız, hürriyyət də!.. İndiyə kimi bunu da bilmirsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Məmmədəli! (9 oktyabr)

Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.

1 min
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!

Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.

1 min
Əzizim Baba! (Bakı, 7 iyun)

Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.

1 min
Həmidə!

Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.

1 min

Poems by other poets