“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.

Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.

Çox gözəl. Axşam olur, mərsiyəxan çıxır minbərə və müsəlmanları behiştə göndərəndən sonra, başlayır qabaqca özünə pul yığmağa. Müsəlmanlar da verirlər. Ver ha ver, ver ha ver!.. Ay verən əllər hurilərin məməsini əlləsin! Ay yerindən duran ayaqlar qıl körpüdən ildırım kimi keçsinlər! Ay pul verənlər birə min əvəz alsınlar.

Bu nəhv ilə mərsiyəxan qabaqca min manatını yığır.

Bəli, müsəlmanlar da deyirlər ki, əlbəttə, inşaalah mərsiyəxan öz pulunu yığandan sonra, məktəblərə də pul yığacaq.

Aha, molla pulları cibinə qoyan kimi, birdən iki əlilə qırxıq kəlləsinə döyə-döyə başlayır:

– Ay haray, bu gün şami-qəribandır, çıraqları keçirdin!

Başlayırlar çıraqları keçirtməyə. Məscid olur qaranlıq. Lotu, dinməz-söyləməz, Sumbatov küçəsində gecə yarısı xəlvət gəzən iranlı məşədiləri kimi, minbərdən züvüldüyüb düşür yerə və məsciddən çıxıb gedir. Behişt əhlləri də bir az oturub əsnəyirlər və durub gedib evlərində yatırlar.

Molla Əbdüləli də gedir sabahısı günü bir nəfərə, Əlibəyə deyir ki: “yaxşı minmişəm bu eşşəkləri!”.

Bunların hamısı millətimizin tərəqqisinə böyük dəlildir və bu tərəqqimizə də səbəb bir neçə vüquat olub:

Əvvələn, rus-yapon davası hamı millətlərin gözünü açdı; sonra Rusiyada hürriyyət davası başlandı və bu davanın, əlbəttə, biz müsəlmanlara da az-çox təsiri oldu. Sonra da erməni-müsəlman ədavəti başlandı – dəxi burada müsəlmanların gözləri birdən açıldı. Şəhərlər və kəndlər doldu məktəb və qiraətxanalar ilə. Hər yerdə nəşri-maarif əmələ gəldi.

Xülasə, maşaalah, müsəlmanlar bir tərəfdən özlərinin çalışmaqlığı ilə, bir tərəfdən də xüdavəndi-aləmin lütfü sayəsində o qədər qabağa gəldilər ki, Ordubadda mərsiyəxanlar başladılar Allahın evində küçə föhşləri danışmağa; Şamaxıda Mir Mehdilər, həmçinin Gəncədə yuristlərimiz başladılar mərsiyəxanlara mürid olmağa və mərsiyəxanlar da müsəlmanların belinə palan qoyub minəndən sonra, öz dillərilə dedilər ki, “bax gör, bu eşşəkləri necə minmişəm!..”.


Təəccüb ki, bu gördüyümüz fokusların hamısı məhərrəmlik əyyamında baş verir. Bundanmı ibarətdir imama təziyə saxlamaq? Rəvadırmı ki, matəm günləri hər bir mütrüb babası, fahişəxana lotusu, Gilan qaraçısı, “Əbdilağa” zəlisi, Ərdəbil pişiyi, Allahverdi küflə qurdu adını rövzəxan qoyub çıxsın minbərin üstünə və biçarə müsəlmanları Allahın evindən iyrəndirsin?!

Nə vaxt bunun axırı olacaq?..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 8 fevral 1909, №6

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Zülm

Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:

2 min
Mətbəə

Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi

3 min
Papaslar

Mən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.

3 min
Məhəbbət

İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.

2 min

Poems by other poets · Satire