Mən necə vəsf edim şəhənşahı
Məhü, xurşidrüxi-fələkcahi
Ey İskəndərsüpahi-Nuşirəvan,
Soltan Əhməd şəhənşahi-İran!
Millətin baği-ömrüsən, şaha,
Canımız pak olan vücuda fəda.

Bakıda İran hamballarından Mirzə Gülzar Sərabinin nəticeyi-təbi olan bu fərdlərini Bakıda çıxan qəzetlərin birində oxuyanda bizim yadımıza keçən günlər düşdü. Amma qəzetin tarixinə baxıb gördük ki, xeyr, genə köhnə hamam, köhnə tas. Bu şeirlər qəzetdə çap olunan günü Tehranda Şeyx Fəzlullahı və Seyid Haşımı Məhəmmədəli Mirzənin gözünün qabağında dar ağacına çəkiblər, Zilli Sultanı Tehrandan qovublar. Şeirlər çap olunan günü Türkiyədə məşrutə bayramı saxlayıblar və bu vüquatın vücudu ilə genə Mirzə Gülzar Sərabi Əhməd Mirzənin pak vücuduna canını fəda edir.

Amma bunu bilmir ki, hələ Əhməd Mirzə gərək neçə illər ilə Avropa hamamlarında qüsl eləsin ki, pak olsun. Ondan ötrü ki, Əhməd Mirzə ömrünün əvvəlindən indiyədək Məhəmmədəli Mirzə ilə bir qabda bozbaş yeyib.

Ey biçarə İran hambalı! Sən Əhməd Mirzəyə deyirsən:

“Ey olan asimanə şəmsü qəmər”

Amma xəbərin yoxdur ki, bu saat şəmsü qəmər Əhməd Mirzə evlərində balaca qardaşı ilə qırmızı papaq üstündə yumruqlaşır. Xəbərin yoxdur ki…

Xülasə, keçək mətləbə.

Cənab Sərabi! Sənin ki, maşallah, təbii-şeirin var, sənin ki, Allaha şükür bu şeirləri çap eləməyə qəzetin var – nə olardı ki, mənim də bir neçə sözümü qafiyələndirib haman qəzetdə yazaydın. Qulaq ver, şikayətimi ərz edim:

Axır vaxtlarda Bakıda hansı bir iranlıya desən ki, “hanı pasportun?” – cibindən bir kvitansiya çıxardacaq: bu kvitansiya Orucovların mətbəəsində rus dilində bu məzmunda basılıb: “Mən Bakı konsulu filan, bu kvitansiyanı verdim Səlmas əhli Muxtar Arutyun oğluna ondan ötrü ki, yazmışam İrandan ona pasport gəlsin”, imza: konsul filan, nömrə, 1575, fi tarix 24 mart 1909.

Bu nədir, cənab Sərabi? Nədir bunun mənası? Bunu gərək sən məndən yaxşı biləsən. Səbəbi budur ki, sən Bakıdasan və özün də iranlısan. Bunun mənası budur ki, birisi yol ilə gedəndə görə bir səhrada hədsiz meyit var və fürsəti qənimət görüb əlini sala hər meyidin cibindən altı manat, yeddi manat və doqquz manat çıxarda və bu pulları çıxardandan sonra hər meyidin cibinə bir belə kvitansiya qoya ki, yuxarıda yazılıbdır.


İldə Qafqaz həbsxanalarında minlərcə iranlı yatır. Niyə? Ona görə ki, pasportu yoxdur, amma pasport əvəzinə kvitansiyası var. Yazıq İran rəiyyəti bu kvitansiyaya hər nə qədər ki konsul istəyib, o qədər də verib, amma rus hökuməti kvitansiyanı kefi istəyəndə qəbul eləyir, istəməyəndə qəbul eləmir. Qəbul eləməyəndə rəiyyəti tutub göndərir dustaqxanaya.

Mənə həmişə çoxlu pul lazım olanda öz-özümə deyirəm ki, adamın bir maşını ola, bir tərəfdən bura, o biri tərəfdən pul əskinasları çıxıb tökülə yerə, adam yığa, Qafqaz yaylaqlarında daçalar qayıtdıra. Amma heç fikrimə gəlmirdi ki, bir belə maşını qayırmaq heç lazım deyil: get Bakıda mətbəələrin birində on min kvitansiya zakaz ver, bir ilin içində İran hamballarına döyə-döyə üç min kvitansiya sat, birinə nə qədər kefindir al.

Dəxi bundan yaxşı qazanc? Bu ixtiyar heç padşahlarda da yoxdur.


Bəs, belədir işlər, cənab şair Sərabi! Nə olardı ki, təbin mozun olan vaxt iranlı qardaşlarının konsulxana quldurları tərəfindən qarət olmağını görəndə haman gözəl və pürməna şeirlərindən bir neçə fərd yazaydın ki, qardaşlarının ah-naləsi bir yana gedib çataydı.

Otur yerində, əzizim, get hamballığına, Bakı “Şahnamə”ləri sənsiz də ötüşərlər: böyükləri mədh etməyə səhifələrimiz açıqdır.

Lağlağı

“Molla Nəsrəddin” 2 avqust 1909, №31

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İran təqvimindən

Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.

1 min
Bir para hikmətli danışıqlar

– Məşədi Pirqulu, nə qayırırsan?– Heç zad.

1 min
İdarəmizin əhvalatından bir neçə söz

Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək; məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəslə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və i.a.Məcmuəmizin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.

2 min
Məktub

Həştərxan müftisinin idarəmizə göndərdiyi məktubu:Müdiri-möhtərəm!

3 min

Poems by other poets · Satire