Lisan bəlası
Üç kəlmə hikmət kəlmələrindən
Hər kəs danışsa, əlbəttə, öz-özünü xar, zəlil və naçiz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişir. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər:
– Ya ruhullah, dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin.
Buyurdu:
– Heç danışmayın.
Ərz elədilər:
– Ya ruhullah, heç danışmamaq olmaz.
Buyurdu:
– Əcəb olar.
Həzrət Süleyman əleyhüssəlam buyurdu:
– Əgər danışmaq gümüş olsa, danışmamaq qızıldır.
Danışmamaq danışmaqdan yaxşıdır. Heç bir müsəlman gərək danışmasın: Xah cahil və axmaq ola, xah kamil və sahibi-mərifət. İnsan nə qədər ki, sakit və samitdir, – o qədər gözəldir. Elə ki, başladı danışmağa, – dəxi gözəllik itib gedir. Odur ki, Müsləhəddin Şirazi deyib:
Zəban dər dəhan, ey xirədmənd, çist?
Kilidi-dəri-gənci-sahibhünər.
Çü dər bəstə başəd bədanəd kəsi
Ki, cəvahir füruşəst ya piləvər.
Bu mətləbləri təsdiq edəndən sona, Molla Nəsrəddin öz tərəfindən bunu da lazım bilir desin:
Ey dil, dəxi dinmə və sükut et, səni tarı,
Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı,
Mal ol danışma!
Gər qeyriləri cəmdəyinə vursala, dinmə!
Gər başın əyib peysərinə dursala, dinmə!
Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!
Ya ruzunu cəbr ilə əlindən ala, dinmə!
Sal başını aşağa və heç baxma yuxarı,
Lal ol və danışma!
Gər qüssələnib eyləyəsən nadəvü-zarı,
Mal ol və danışma!
Hər bir-iki gün dur ayağa, bağla dükanı,
Get bir yavuq həmmamə, uzan, bağla hənanı,
Yum gözlərini, dinmə və həm gözlə əzanı,
Gər eyləmiş olsan gecə bir tövr xətanı,
Get gir suya ta əxz edəsən rahəti-canı.
Sal başını aşağa və heç baxma yuxarı,
Lal ol danışma!
Ey dil, dəxi dinmə və sükut ol, sən[i] tarı,
Mal ol və danışma!
Gər cümlə təvayif sənə əfsus edə etsin,
Axirdə hökumət özünü rus edə etsin,
Həm mollaların rus əlini bus edə etsin,
İslamı cahanda dəxi məyus edə etsin,
Ya etməyə ya ar və namus edə etsin.
Şükr et, yegilən bozbaşını, eylə naharı,
Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı,
Lal ol və danışma!
“Molla Nəsrəddin”, 7 aprel 1906, №1
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-lisan-belasi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:
MətbəəMən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi
PapaslarMən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.
Məhəbbətİnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.
Poems by other poets · Satire
Mirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Ax!..Ax!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladı-vətən xam idi!
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.