Dunyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəllərindən “Atalar sözü” namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəsturüləməl etsinlər.

Atı atın yanında bağlasan – xan görüb deyər: Birini bağışla mənə. Ata malı olan yerdə özün qazandığın haramdır.

Adamın ölümü bikarların bayramıdır.

Ata və arvada etibar etmə – hər ikisini qat tövləyə və qapısını bağla. Ac toyuq yuxusunda plov görər.

Aclıqdan kimsə ölməz – qələt eləyir, çörək vermə.

Açıq kağız ac qalmaz – küçələrimizin tozuna Allah bərəkət versin. Axşamın işini sabaha qoy, sabahın işini axşama.

Adam yata-yata alim olur.

Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.

Anlayana da qul ol, anlamayana da.

Olacağa çarə yoxdur, qoy hər nə olacaq olsun.

Ölüdən şeytan da əl çəkər, arvadlar əl çəksə.

Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.

Uşağın şüurlusu dərsdən qaçar.

Plovun yağlısını yeyən yaxşı fatihə verər.

At at ilə boğuşar, hökumətin işi rast gələr.

Eşşəyə gücü çatmır, müsəlmanı taptayır.

İşləmək adamı puça çıxardar.

İşsizlik dövlətlilik açarıdır.

İkiarvadlı ev bərəkətli olar.

Başladığın işi yarıda qoy.

“Molla Nəsrəddin”, 7 aprel 1906, №1

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmidə! (6 mart 1924)

Əgər sən buraya bayramdan qabaq, yaxud bayramdan sonra gəlsən, onda (... ) axırında biz hamımız kəndə yığışıb, oradan Lısoqorska gedərik. Uşaqlar səni gözləyəcək. Heydər Naxçıvandan gəlib, bizdə qalır. O tamam dəyişib. Sakit, qıvraq və güclüdür. Midhətlə birgə qalmalı və onunla fransız dilindən məşğul olmalıdır. Günlərimiz xoş keçir. Səni gözləyəcəyik.Cəlil

1 min
Əzizim Həmidə! (2 iyul 1924)

Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.

1 min
Həmidə! (23 avqust 1924)

Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdı. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s. ) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfslənirəm. Deyəsən, onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb. (Bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim).Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır.

1 min
Əzizim Həmidə! (2 sentyabr 1924)

Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.

2 min

Poems by other poets · Satire