Sənin 29 iyun tarixli məktubunu ancaq srağagün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi.

Biz hamımız sağ-salamatıq. Srağagün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin.

Burada bir yenilik yoxdur. Mən yığışıram sabah yox, o birisi gün gedəm Borjoma. Oradan sənə məktub yazıb öz müfəssəl adresimi də bildirərəm. Hələlik isə, təvəqqe edirəm, mənə kağızı bu adresə yazasan: Borjom. Park. Do vostrebovaniya. Daçniku Mamedkulizade.

Sənin bir xahişinə əməl eləməmişəm: institutdakı yeniliklər barədə bir şey öyrənə bilmədim. İnstituta getdim, heç kəsi görə bilmədim.

Mənzilimizi qıfıllayıram, çünki Tonyanın haqq-hesabını verib yola saldım. Hərçənd o hələlik eyvanda qalır və orada özü üçün yemək-içmək hazırlayır, lakin bu müvəqqətidir. Odur ki, əgər sən məndən qabaq gəlib çıxsan, çalış ki, evdə yeyib-içməyəsən. Mənzilin açarını mən Manyaya verəcəyəm. Mənzilə kontordan keçib gedərsən. Amma elə elə ki, yemək otağından eyvana açılan qapını açıq qoymayasan. Evdən gələndə qapıların hamısını bağlayıb açarları özünlə apar. Əgər şəhərdən çıxıb getməli olsan, açarları yenə Manyaya ver.

İndiyəcən burada gah qənd olmur, gah da mürəbbə üçün albalı. Amma mən, hər halda, Manyaya tapşırmışam ki, sənin üçün mürəbbə bişirsin. Bufetin qutusunda sənin üçün çay, qənd və sair azuqə qoyuram.

Kontorun pul işlərini notarius vasitəsilə Manyaya tapşırmışam; yəni pul barədə onunla danışa bilərsən. O sənə qəzet göndərəcək.

Ananı da pulla təmin eləmişəm. Güman edirəm ki, o razı qalacaq və məndən razı getdi: Mənə məktub yazanda ona da yaz.

Yaxşı, hələlik xudahafiz.

Ağıllı oğlumu qucaqlayıram.

Atan Cəlil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmidə! (28 noyabr 1923)

Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.

1 min
Əzizim Həmidə! (18 dekabr 1923)

Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.

1 min
“Kommunist” qəzetəsi idarəsinə

Rəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara.“Molla Nəsrəddin” məcmuəsi müdiri:

1 min
Əzizim Həmidə! (2 fevral 1924)

Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.

1 min

Poems by other poets