Müsəlman vəkillərinə nəsihət

Ey dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin.

Eşitmişəm ki, duma çalışır Rusiyada məzhəb azadlığı olsun; yəni hər bir kəs hansı məzhəbdən hansı məzhəbə istəsə keçə bilsin və eşidirəm ki, hökumət də istəyir buna razı olsun və bunu da eşidirəm ki, siz, yəni müsəlman vəkilləri də buna razısınız. Amma mən bircə bunu bilmirəm ki, siz bu işə razılıq verəndə ağlınız harada idi?

Kişi, nə qayırırsınız?! Sizin ki, dünyadan xəbəriniz yoxdur, nə ixtiyarınız var özünüzü müsəlman vəkili hesab edib, bu dərəcədə bizə xəyanət edəsiniz?! Yəni bilirsinizmi ki, məzhəb azadlığı nədir?

Məzhəb azadlığı odur ki, Həsən istəsə gedib kilsəyə girib, xaçpərəst olsun, İvan da istəsə məscidə girib, müsəlman olsun.

Ey müsəlman vəkilləri, heç bilirsinizmi ki, bu işlərin axırı hara gedib çıxar? Əgər bilmirsiniz, mən indidən sizə xəbər verirəm: axırda elə olar ki, bir az müddətdə müsəlmanların hamısı müsəlmançılığı ötürüb, gedib xaçpərəst olar. Mənim əqidəm bunadır və əgər istəsəniz, sözümü sübuta da yetirə bilərəm.

Mən deyirəm ki, bir müsəlman bir müddət qala, məsələn, Bakıda və sonra gedə bir müddət də qala, məsələn, Şvetsariyada, bakılıların da rəftar və kirdarına baxa, Şvetsariya əhlinin də əxlaq və ətvarına baxa, – axırda haman müsəlmanın etiqadı və əfkarı xarab olar.

Yaponiyadan bir bütpərəst gələ Gəncə şəhərinə və görə ki, bir boyaqçı dükanının qabağında yeddi-səkkiz nəfər arvad qucaqlarında uşaq durublar və bir qırmızısaqqal boyaqçı qollarını çərməyib, uşaqları bir-bir alıb, küpə soxub, qara boyayır, sonra analarının hər birindən uşağa bir manat alıb, yola salır və deyir: “Gedin, dəxi qorxmazlar” – bir belə yaponiyalı bu işləri görən kimi tez başmaqlarının dabanını bərkidib, qaçar Yaponiyaya.

Amma bir gəncəli gedə, Yaponiyanın adamlarını görə, qorxuram axırda işlər xarab ola.

Əgər Amerikadan bir murdar xaçpərəst gələ İrəvana və görə ki, bir müsəlman durub bir əttar dükanının qabağında və qırmızısaqqal və mömün dükançı, təsbeh əlində, müştəriyə deyir: “Dünən Xoydan mənə altmış put it qarısı göndəriblər, hər kəs bir xörək qaşığına çalıb içsə, hər dərdü bəladan qurtarar və bundan başqa iki yüz pişik pətənəsi bugünlərdə gələcək, yamanı, çibanı, qara yaranı, şirin yaranı o saat qaytarar” – əgər amerikalı bu əhvalatdan xəbərdar olsa, hər yanda bir müsəlman görsə, ondan iyrənər. Amma bir irəvanlının Amerikaya yolu düşsə, dəxi İrəvana gəlməz. Müxtəsər…

…Əgər bir yəhudi gələ müsəlman içinə və görə ki, üləmamız birbirindən hökumətə danos yazırlar, bakılı rəislərimiz dumada şarları oğurlayıb, əvəz edəndən sonra gedib qol yazıb, hökumətə iqrar edirlər ki, təqsir müsəlmandadır, əgər haman yəhudi bizim cəmiyyəti-xeyriyyələrimizi görə, qumarxana və qiraətxanalarımızı görə, pirlərimizi və qız məktəblərimizi görə, dövlətli hacılarımızı və kefli cavanlarımızı görə, xülasə, əgər bizim işlərdən yaxşıca baxəbər ola, haman yəhudi bir də qələt elər ki, müsəlman içinə ayaq basar.

Amma bir müsəlman əvvəl gedib görə ki, yəhudi qızları qoltuqlarında kitab, gedirlər darülfünuna elm oxumağa, əgər gedib görə ki, rus qızları Mancuriya çöllərində qışın şiddətli soyuğunda yapon gülləsinin qabağında öz rus qardaşlarının yaralarını bağlayırlar və əgər haman müsəlman sonra baxıb görə ki, bizim Gülçöhrə xanımlar, Xanpəribəyimlər, Gülsənəm xatunlarımız burunlarının suyunu arxalıqlarının qolu ilə və çarqatlarının ucu ilə təmizləyirlər, – əgər müsəlman bu işləri görsə, gedib yəhudi olar və yəhudi qızı alar.

Yox, yox, bizə məzhəb azadlığı lazım deyil. Hər kəs öz məzhəbində qalmağı bizim üçün hamısından məsləhətdir. Biz əzrailin uşaq paylamağını istəmirik.

Aman gündür, ey müsəlman vəkilləri, ağsaqqal və dünyagörmüş Molla Nəsrəddinin bu bir neçə sözünü çıxartmayın yadınızdan!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 31 mart 1907, №13

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şükr və səna

Ümidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar.Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq.

3 min
Başmaq

A Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm.

3 min
Zəncir

Zəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz.Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə.

2 min
Batdağ

Bir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.İndi görək niyə “Füyuzat” bağlandı.

4 min

Poems by other poets · Satire