Ümidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar.

Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq.

Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardır; yəni dumada sağ tərəfdə oturanlar, yəni Nuh peygəmbərin vəfalı dostları, yəni dinc və həyalı adamlar, yəni Allah bəndəsi adamlardır.

Mən bu gün möhtərəm oxucularımızdan bircə söz soruşmaq istəyirəm: mən istəyirəm biləm ki, aya biz müsəlmanlar sağların dumaya seçilməklərinə şadmı olaq ya qəmli olaq? Bu barədə hər kəs nə deyəcək desin, amma mən öz tərəfimdən bunu deyə bilərəm ki, “şükr, şükr, şükr və minlərlə şükr!”

Buna mənim iki dəlilim var: hər kəs xahiş edir, qulaq versin, ərz edim; hər kəs istəmir, xoş gəldi…


Əvvəlinci dəlilim bunadır ki, əgər dumaya sağlar seçilməsəydilər, gərək sollar seçiləydilər; yəni sol tərəfdə oturanlar seçiləydilər. Gümanım bunadır ki, əvvəlinci və ikinci dumanın tarixi heç kəsin yadından çıxmayıb. Dad o günlərdən! Allah bir də öz birliyi xatirinə o günləri bizə göstərməsin. Aman o günlər! Vah, vah, vay, vay, hay, huy!.. Nələr eşitdik, nələr eşitdik, nələr gördük! Dad o lağlağıların əlindən! Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz, itib gedib dinimiz, həm dilimiz; əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!.. (bay! Elə, deyəsən, şeir oldu)…

Qərəz, solları da gördük. Amma Allah şahiddir ki, hədərən-pədərəndən savayı biz onlardan bircə kəlmə həyalı, ədəbli və ismətli söz eşitmədik. Və bir də, qardaşlar, axır, mən bilmirəm ki, siz soldan nə istəyirsiniz? Ağzınızda deyirsiniz ki, “sol”. Bir baxın, görün, məsələn, heç dünyada sol əldən insana bir fayda olur? İnsaf üçün deyin görək, sağ əlin yanında sol əl nəyə lazım olur?..

Bu belə.

İkinci dəlilim budur ki (yəni bunu uşaq da bilir ki), Rusiya məmləkətində hökumət məmurlarının yanında heç bir millətin o qədər hörməti yoxdur ki, nə qədər biz müsəlman millətinin (bunun da səbəbini yeri-göyü yox yerdən xəlq edən tək bircə Allah bilir). Bu da bizə məlumdur ki, dumada sağ tərəfdə oturan üzvlər hökumət məmurlarının siğə qardaşlarıdır, necə ki, bizlərdə bəzi mollalar qırmızısaqqal hacılarımızdan pul alıb, siğə qardaş olurlar və bir vərəq siğə kağızı yazıb, qol çəkib, borclu olurlar ki, behiştə gedəndə siğə qardaşını da öz yanicə aparsınlar.

Mən bu gün dumaya seçilən üzvlərin çoxunun adlarını qəzetlərdə oxudum və baxıb gördüm ki, bunların biri rəhmətlik Pobedonosevin siğə qardaşıdır (lənətullah əla qövmüzzalimin!), biri Zavadskinin qardaşıdır, biri Miropyevin qardaşıdır, biri İlminskinin, biri Çerivanskinin. Bu ki, belə oldu, dəxi işlərin hamısı vazehdir; necə ki, farslar deyirlər: “On çe əyanəst, çe hacət bəyan”.

Bəndeyi-həqir bu saat oturub, bu işləri düşünürəm və öz-özümə deyirəm: “Şükr, şükr və yenə də şükr!” Və bunu da bilirəm ki, bakılı qardaşlarım da, mənim kimi, bu saat evlərində oturub, bu işləri düşünürlər: “Şükr, şükr və yenə min dəfə şükr!”…

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 4 noyabr 1907, №41

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağac

Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.

1 min
Mətbəələr

Qəzetlərdənİnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir.

1 min
Müəllim

Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.

1 min
Mayın biri

Bu gün küçələrdə özgə bir cəlal var; evlər qırmızı bayraqla bəzənib, balkonlar əlvan fərşlər və parçalarla bəzənib, avtomobil və faytonlar gül-çiçəklə bəzənib, küçələr dolu camaatla. Əsgərlər, şagirdlər, əmələlər qırmızı bayraq əllərində oxuya-oxuya dolanırlar. Qızlar, uşaqlar avtomobillərlə yainki piyada, qoşa-qoşa, cərgə ilə, əl-ələ verib oxuyurlar və gəzirlər, musiqi dəstələri bunlara səs verirlər.Bu gün mayın biridir; yəni bu gün azadlıq bayramıdır.

1 min

Poems by other poets · Satire