Dördüncü məclis
Page 3 of 4 · 50%
K ə r b ə l a y ı F a t m a x a n ı m. Nə bilim, ay ağa, bu gün Hacı Nazlını verir qonağımıza.
M i r B a ğ ı r a ğ a (təəccüblü). Şeyx Nəsrullaha?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Bəli, cənab şeyxə.
M i r B a ğ ı r a ğ a (bir az fikir eləyib). Elə bu gün?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Yəni, vallah, ağa, mən hacının öhdəsindən gələ bilmirəm; deyirəm axı bu tələsikdə iş olmaz. Nə bilim, vallah, özüm də məəttəl qalmışam.
Mir Bağır ağa başını salıb aşağı, cibindən qırmızı güllü dəsmalını çıxarıb, basır üzünə və başını aşağı əyib, başlayır ağlamağa.
H a c ı H ə s ə n (qapıda görsənir. Fatma, bacıları apar o biri otağa; bura adam gələcək.
Kərbəlayı Fatma xanım və övrətlər durub gedirlər. Hacı Həsən və İskəndər girirlər içəri. Hacı Həsən oturur və İskəndər durur ayaq üstə.
H a c ı H ə s ə n (oğluna). İskəndər, qulaq as, gör nə deyirəm. Mir Bağır ağa da özgəsi deyil. Sən bilirsən ki, bacın Nazlı səni nə qədər istəyir. Bugünkü gündə razı olma ki, mənim evimdə göz yaşı tökülsün. Şeyx cənablarına getməyə mən onu razı eləmişəm; amma bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nə bilim, gərək İskəndər razı olsun. Bunu da sənə xəbər verirəm ki, razı oldun, olmadın, mənə heç təfavütü yoxdu. Məni sən o qədər incitmisən ki, mən səni daha adam yerinə qoymuram. İndi özün bil: əgər istəyirsən ki, uşağın qəlbi sıxılmasın, onu çağır bura və xoş dilnən onu danışdır. Qərəz, özün bil.
Mir Bağır ağa ağlaya-ağlaya Hacı Həsənlə çıxıb gedirlər. Sazəndənin çalıb-oxumaq səsi gəlir. İskəndər fikir eləyir. N a z l ı qapıda görsənib, durub və dinmir.
N a z l ı. Dadaş, qoy gəlim üzündən öpüm. (İstəyir gəlsin irəli. İskəndər tez çəkilib, durur kənarda və dinməyib, baxır Nazlının üzünə). Dadaş, sən allah, məndən incimə!
İ s k ə n d ə r. Həyə istəyirsən mən səndən inciməyim, dur orada və yerindən tərpənmə. (Bir qədər Nazlıya baxandan sonra əlini salıb, çibindən araq şüşəsini çıxardıb, istəyir başına çəkib içə. Nazlı onun yanına yeriyib, istəyir qoymaya. İskəndər çox ucadan və hirslə "çəkil!"--deyib Nazlını elə bərk itələyir ki, qız dalı üstə yıxılır yerə. İskəndər başlayır arağı içməyə və Nazlı ağlaya-ağlaya durur ayağa və qapıya tərəf gedir. İskəndər: "puf" eləyib üzünü turşudur və Nazlıya deyir). Dayan, dayan! Getmə! Sənə söz deyəcəyəm. (İkinci dəfə şüşəni başına çəkib içir və şüşəni qoyur cibinə. Sazəndənin çalıb oxumaq səsi gəlir. İskəndər haman səsi eşidib, başlayır yavaş-yavaş alçaqdan oxumağa. Sazəndə oynamaq havası çalır və İskəndər düşür oynamağa; sonra dayanıb Nazlıya): Nazlı, mən ölüm bura gəl; gəl bura, gəl barışaq. İndi hər nə sözün var de. İndi mən sənə nökərəm, mən sənə qulam. Gəl, gəl barışaq. (Gedib Nazlını qucaqlayır).
M ə ş ə d i O r u c (əlində teleqraf kağızı, kəhildəyə-kəhildəyə girir içəri və ucadan soruşur). Hanı hacı əmi?
Onun dalınca anası yenə ağlaya-ağlaya girir içəri. Nazlı yox olur. Sonra kəhildəyə-kəhildəyə içəri girirlər. H a c ı B ə x ş ə l i, H a c ı K ə r i m, H a c ı K a z ı m, M i r B a ğ ı r a ğ a, H e y d ə r a ğ a və biz gördüyümüz adamların çoxu. Çox adam da otağa sığışmayıb durur qapıda. Adamlar kəhildəyə-kəhildəyə bir-birinin üzünə baxıb, bilmirlər nə qayırsınlar. Hacı Həsən içəri girib, çox təəccüb eləyib, mat qalır və adamlara üzünü tutub soruşur.
H a c ı H ə s ə n. Camaat, xeyir ola? Nə xəbərdi, nə var?
M ə ş ə d i O r u c (ağlaya-ağlaya). Hacı, Kərbəlayı Fətullah dirilməyib.
İskəndər xa … xa … xa! … çəkib gülür və adamların içinə girib yox olur.
H a c ı H ə s ə n (Məşədi Oruca). Nə danışırsan, necə dirilməyib?
A d a m l a r ı n ç o x u b i r d ə n. Bəli, bəli, dirilməyib.
H a c ı H ə s ə n. A kişi, allah rizasına, elə söz danışmayın. Elə şey olmaz və ola da bilməz.
M ə ş ə d i O r u c. Hacı əmi, vallah, belədi. Bu da telğraf, al, oxut, gör nə yazılıb. (Ətəyi ilə gözünün yaşını silir və kağızı uzadır Hacı Həsənə). Hacı əmi, axı Kərbəlayı Fətullahdan kağız gəlmişdi ki, guya bu şeyx onu dirildib və özü də çıxıb gəlir. Mən də, özün bilirsən ki, Xorasana telğraf eləmişdim ki, görüm Kərbəlayı Fətullah niyə yubandı. Telğrafı da Hacı Məmmədəlinin üstünə göndərmişdim. Çünki dadaşım dirilsəydi, Hacı Məmmədəligildən savayı özgə yana getməzdi. İndi Hacı Məmmədəli yazır ki, siz dəli-divanə olmusunuz. Adam da məgər öləndən sonra dirilər?
H a c ı H ə s ə n (teli ala-ala). Necə?
İskəndər adamların içindən xa … xa! … çəkib gülür.
H a c ı H ə s ə n (Heydər ağaya). Ay Heydər ağa, allah atana rəhmət eləsin, bir bizi başa sal görək, bu necə telğrafdı? Axı, ağıl kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalan çıxsın. Biz ki, allaha şükür, uşaq deyilik, dəli deyilik. Allaha şükür, şeyx cənablarının möcüzələrini burada olan adam hamısı gördü. Bəlkə telğrafda səhv-zad var?
Hamı bir-birinə deyir: "Vallah, belə zad olmaz", "Xeyir, belə deyil". "Vallah, başa düşə bilmirəm".
H e y d ə r a ğ a. Hacı Həsən ağa, mən telğrafı diqqətlə oxumuşam. Telğrafda səhv yoxdur. Mən belə məsləhət görürəm, genə şeyxin özünə bu əhvalatı bildirəsiniz ki, görək sözü nədi və bu teli kim vura bilər və belə yalanı kim düzəldə bilər?
H a m ı b i r d ə n. Bəli, bəli, yaxşı buyurur; şeyxin özünə demək lazımdır.
(Hamı sakit olur).
H a c ı H ə s ə n. Vallah, doğrusu, adam utanır da şeyxə belə sözləri deməyə. Doğrusu, mən bir az xəcalət çəkirəm. A kişi, vallah, ola bilməz. Burada bir özgə əməl var. Qərəz ki, vallah, mən utanıram. Belə xəbəri mən şeyxə verə bilmənəm.
H a c ı B ə x ş ə l i (Hacı Kərimə). Hacı Kərim ağa, sən yaxşısan, sən özün şeyxnən danış.
H a c ı K ə r i m. Xeyr, xeyr, mən o qələti eləyə bilmənəm! (Hacı Kazıma). Hacı Kazım ağa, sən özün yaxşısan.
H a c ı K a z ı m. Doğrusu, mən şeyx cənablarından qorxuram. Qardaş, görmürsünüz ki, necə hirslidir? Elə çığırır ki, dam-daş titrəyir.
M i r B a ğ ı r a ğ a (qabağa yeriyib). A kişi, burada, mən bilmirəm, nə çətin iş var? Şeyx Nəsrullah adamyeyən deyil ki! İstəyirsiniz mən bu saat gedim, hər nə sözünüz var deyim. (Yavuqlaşır şeyxin qapısına).
H a m ı. Çox əcəb! Çox əcəb! Allah atana rəhmət eləsin!
H a c ı H ə s ə n (yeriyib Mir Bağır ağanın qabağına). Ay ağa, sən allah barı bir az ehtiyatlı ol. Genə hər nə deyəcəksən, bir az ədəbli de ki, yazıq şeyxi özümüzdən incitməyək.
M i r B a ğ ı r a ğ a (əli ilə şeyxin qapısını tıqqıldadır, hamı qorxub çəkilir kənara. Çoxları otaqdan çıxır. Mir Bağır ağa yenə qapını döyə-döyə çağırır). Cənab şeyx!
H a c ı H ə s ə n (kənardan qorxa-qorxa). Mir Bağır ağa, gəl bir istixarə eləyək; bəlkə, heç şeyxi narahat eləməyimiz məsləhət deyil?
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oluler-dorduncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.
QırmızıBizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.
“Tərcüman”Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.
Mozalan bəyin səyahətnaməsiOxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.
Poems by other poets
Bir namə yazaram canan elinəƏhvalım canana yetişərmola?
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
ÇustÇust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.
هر کس ز خزانه بُرد چیزیگفتند مَبَر که این گُناه است