Page 4 of 4 · 75%

Mir Bağır ağa qulaq asmayıb, qapını dəxi də bərk döyür. Hamı sakit olub, mat qalır. İskəndər adamların içindən çıxıb, birdən gəlir və qapını təpiyilə bərk vurur. Qapı açılır, adamlar qorxularından qaçırlar eşiyə və şeyxin otağının tamaşaçılara tərəf pərdəsi qalxır.

İKİNCİ PƏRDƏ
Şeyxin otağında bir kəs görsənmir. İskəndər otağa girib, təəccüblü o tərəf-bu tərəfə baxıb, yavuqlaşır küncdə asılan pərdənin yanına və pərdənin kənarını qalxızıb baxan kimi, pərdə dalında olan dörd nəfər qız başlayır birdən ağlamağa.

İ s k ə n d ə r (qızlardan soruşur). Hanı şeyx? (Qızlar cavab verməyib ağlayırlar).

İ s k ə n d ə r (Şeyxi axtarmaq qəsdilə yenə o tərəf-bu tərəfə baxıb və sonra pərdənin dalındakı qızlara baxıb, yenə soruşur). Bəs qonaqlar hara gediblər?

Q ı z l a r d a n b i r i s i (pərdənin dalından). Gecəynən şeylərini yığışdırıb dedilər: "gedirik hamama".

İskəndər bir söz deməyib, qızların pərdəsini salıb, başını aşağa salıb, bir qədər fikirli durur. Bu heyndə eşikdə qiylü-qal və qaçhaqaç qopur. Bir az da keçir, ü ç n ə f ə r a d a m, müsafir paltarında, silahlı və toz-torpaqlı, çox hirsli girirlər qabaq otağa və ucadan soruşurlar. "Hanı o ölü dirildənlər?" Sonra müsafirlər və onların dalınca c a m a a t girir şeyxin otağına. Müsafir və camaatdan bir neçəsi İskəndərdən soruşurlar: "hanı Şeyx Nəsrullah?" İskəndər cavab verir ki, "qaçıblar". Müsafirlər və camaat ucadan soruşur: "Necə qaçıblar, hara qaçıblar?". Otağa böyük mərəkə düşür. Pərdə dalından qızlar başlayır ağlamağa. Adamların biri soruşur: "Hara qaçıblar?" biri: "Necə qaçıblar?". Biri deyir: "Nə vaxt qaçıblar?" Bir-iki kişi gəlib pərdənin dalından qızlardan soruşur: "Bala, niyə ağlayırsan? Bala qorxma!" Adamlar qarışıb bir-birinə. Müsafirlərin biri üzünü camaata tutub deyir.

M ü s a f i r. Ey müsəlman qardaşlar! Bir sakit olun; iki kəlmə sözümüzü eşidin; sonra siz də təklifinizi bilin; bizə də kömək eləyin. Biz İrəvan vilayətindənik və indi elə başa düşürük İsfahan lotuları bizim başımıza gətirəni, sizin də başınıza gətirib. Belə ki, bu haramzadalar yalandan adlarını müctəhid qoyub, gəlib bizim şəhərdə dörd gün qalıblar və min hiylə ilə gecədə bir qız alıb, kəbin altında qoyub, çıxıb qaçıblar. Aman günüdür, onlar qaçan yolu bizə nişan verin, tutaq və onların divanını eləyək.

Pərdə dalında qızlar yenə ağlaşırlar. Adamların bir neçəsi müsafirlərin qabağına düşüb və çoxusu onların dalınca tez qaçırlar va qaça-qaça çığırırlar.

Durmayın, durmayın! Qaçaq Culfa yoluna! Kərbəlayı Həsən! Məşədi Cəfər! Əli! Həsənqulu! Atları minin, durmayın, gedək o lotuları tapaq!

Adamların çoxu və müsafirlər qaçıb, çıxıb gedirlər.

İ s k ə n d ə r (Şeyxin otağının ortasında durub, müsafirlərin sözlərini təkrar eləyib, öz-özünə deyir). Gecədə bir qız alıb, axırda qoyub qaçıblar! Xa … xa … xa!… (Qah-qah çəkib gülür; sonra sakit olub fikirli, qızlara tərəf üzünü çöndərib və yenə bir az fikirdən sonra qalan adamları eşik otaqdan bir-bir çağırır içəri). (Adamlara). Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl!? Gəl, keç içəri. Sən də gəl, Hacı Kazım, sən də buyur içəri. hamınız gəlin içəri! Mən ölüm hamınız gəlin! Bax, belə! Keç! Keç! Sən də keç içəri! Sən də gəl. Gəlin, gəlin (Bu sözləri deyə-deyə İskəndər adamları, yığır şeyxin otağına), Di indi növbət mənimdir, qulaq asın; mən də bir-iki kəlmə söz danışım. (Hamı düzülüb və sakit dururlar və İskəndər "sus" eləyib, gedir qızların pərdəsini çəkib qopardır, atır kənara. Camaat utandğından başını salır aşağı. Qızlar da utanıb, üzlərini əlləri ilə tuturlar və başlayırlar ağlamağa. İskəndər üzünü tutur camaata).

-İSKƏNDƏRIN NITQI**

Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: (ucadan) tuf sizin üzünüzə! "Tüpürür camaata tərəf". Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir. Mən demirəm ki, siz niyə bu balaca uşaqları (qızları göstərir) zornan gətirib qatdız bu fahişəxanaya. Söz yox, siz bunlara deyəndə ki, səni verirəm bu şeyxə, bu biçarələr çığırıb bağırırdılar və sizin çirkli ayaqlarınızı öpə-öpə yalvarırdılar: "Ata, aman günüdür, məni anamdan ayırma!" (Üzünü qızlara tutub). Elədirmi? Doğrumu deyirəm?

Qızlar ağlaya-ağlaya baş yendirirlər.

Yox, mən ondan ötrü incimirəm. Çünki siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz və İsfahan şeyxləri sizi inandırmışdılar ki, hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qiyamətədək qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcək. Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz, dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: "Tuf sizin üzünüzə!" (Bərk tüpürür).

Camaat hamısı başını salır aşağı.

Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini uzadıb cibindən araq şüşəsini çıxardır) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədən araq içərdim.

Qızlar başlayırlar ağlamağa.

Yox, yox, o mənim işim deyil. O, igid işidir. Siz tək camaatın da igidi mənim tək olar. Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım kefli İskəndərdir; bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər". Mən cəmi millətləri bura yığıb təvəqqe edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün tayfaları sizi bir səslə adlandırarlar: "Ölülər!" Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər. "Ölülər"….

Musiqi.

Dəxi bəsdi. Di gəlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın birinin əlindən). Bu kimin qızıdı?

Camaat içindən bir kişi yeriyir qabağa.

Sənin qızındı? Di gəl apar.

Kişi gəlib, yapışır qızının əlindən.

İskəndər (o biri qızın əlindən yapışıb, yenə soruşur). Bu kimin qızıdır?

Yenə bir kişi gəlib yapışır qızın əlindən və aparır. Bu minvalla üçüncü və dördüncü qızı İskəndər yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin səsilə çıxıb gedirlər. Camaat da başını aşağı salıb, məyus durur. Axırıncı qız yola düşəndə İskəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yerə. Yavaş-yavaş pərdə yenir və musiqi çalır.

Axırı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İdarədən

Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.

1 min
Qırmızı

Bizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.

1 min
“Tərcüman”

Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.

2 min
Mozalan bəyin səyahətnaməsi

Oxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.

1 min

Poems by other poets