Oyun-oyuncaq
Yox vallah belə olmaz! Axı, yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin.
Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşri-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.
Mən də dinmədim, dedim “qoy hələ görək axırı nə olcaq”.
Sonra eşitdim ki, işləriniz bir az xarab kimidir, çünki “Drama cəmiyyəti” öz məxsusi işlərini boşlayıb başladı qiraətxana açmağa. Mən o vədə istədim qələmi götürəm əlimə. Siz genə mənə yazdınız ki, “sən Allah ay Molla, hələ bir az səbr elə, işlər yavaş-yavaş düzələr”.
Mən də dinmədim, dedim “qoy hələ görək axırı nə olacaq”. Sonra eşitdim ki, “Cəmiyyəti-xeyriyyə”nizin. “Nəşri-maarif”inizin və “Drama cəmiyyət”inizin sandıqlarında siçanlar oynayır. Bunu eşidəndə genə istədim dillənəm. Siz genə mənə kağız yazdınız ki, “ay Molla, sən Allah hələ səbr elə, Allah kərimdi, işlər yavaş-yavaş düzələr. Doğrudur, cəmiyyətlərimizin üçünün də bir çürük qəpiyi yoxdur, amma ay Molla, vallah camaatımız kasıbdı, yoxsa sən bizim Gəncə müsəlmanlarını o qədər də həmiyyətsiz və biar hesab eləmə, vallah pulları yoxdu, yoxa da çarə yoxdu”.
Mən dinmədim, çünki doğrudan da, yoxa heç bir çarə yoxdur. Və dedim ki, qoy hələ görək axırı nə olcaq.
Hərçənd o vədə mənə bir para şeytan adamlar əlaltından yazıb xəbər verdilər ki, “a Molla, olmaya-olmaya bizim gəncəliləri kasıb və pulsuz hesab eyləyəsən, çünki bizim şəhərdə Hacı Məhəmməd Hüseynəli oğlu kimi, Hacı Bağır, Hacı Ələkbər kimi dövlətli hacılar var, amma mən genə dinmədim və gözlədim ki, görək axırı nə olacaq”.
Amma sonra nə gördüm!!!
Mən görəni heç bir kafir də görməsin, yazıqdı!
İndi mən görürəm ki, Gəncə müsəlmanları hər gecə gedirlər “sirk” tamaşasına və orada hər gecə yeddi-səkkiz yüz manat pul xərcləyirlər!
Pəs bu nə işdi? Pəs niyə cəmiyyət sədrləri deyirlər: “Camaatımız kasıbdır, kimdən pul istəyək? “ Yox, vallah, bunlar hamısı zarafata oxşayır. Əgər ki siz düz adamsınız, niyə keçən il bu qədər şövq ilə “sirk”ə getmirdiniz? Yoxsa elə bilirsiz ki, bunun səbəbini Molla bilmir? İstəyirsiniz açım deyim!!! Ay görüm o “sirk”də oynayan sarısaçlı urus qızları nagəhan bəlaya düçar olsunlar! Onları görüm yaman yara çıxartsınlar.
Anaları onları doğan yerdə görüm bir daş doğaydı! Ay görüm onları o qazandıqları yüzlüklər onlara haram olsun, onların başına daş düşsün, görüm gecə səhərə kimi yuxu yuxlamayıb ərlərini gözətləyən müsəlman arvadlarının ahü-naləsi sizi tutsun, ay gavur qızları!
Bunlar hamısı keçəndən genə gərək dünyada bir haqq-hesab ola və hər bir şeyin gərək bir qaydası ola.
Yoxsa vallah bizim yazdıqlarımız da zarafata oxşayır, gəncəlilərin işləri də zarafata oxşayır.
Mən elə bilirəm ki, bizim zarafatımız ötüşüb keçər. Amma gəncəlilərin zarafatı ötüşüb keçməz. Vallah işlər gərək belə qalmaya!
Lağlağı
“Molla Nəsrəddin”, 16 dekabr 1907, №47
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oyun-oyuncaq
Use ← → keys to move, R for a random poem
More by this author
Şükür eylərəm Allahın qüdrətinə ki, yox olan şeyin türfətüleyndə var və var olan şeyi türfətüleyndə də yox etməyə qadirdir.Bir vaxt var idi ki, Kommunist küçəsindəki altımərtəbəli evin beşinci mərtəbəsinə çıxmaqdan ötrü insanlar yolun altı yerində oturub nəfəs alırdılar. Çünki hər mərtəbəsi otuz altı pillədir. Adamın dizləri quruyur. Xüsusən bir az da ki, mənim kimi qoca olanda.
Bakı neftiİskəndər ibn Yaquba cavabƏzizim, “Bakı fəhləsi” qəzetəsinin yanvarın birində çıxan nömrəsində Bakı nefti barəsində yazdığın məqaləni oxudum və xoşum da gəlmədi.
Kimə yalvarım?Xanəndələr hərdən bir oxuyarlar:Bəs, mən kimə yalvarım?
OrucluqKeçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.
Poems by other poets · Satire
Yatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
ŞamaxıdaƏsri-bistümdür, səhab1 altında qalmaz şəmsi-elm,Bir zəman təl’ət açar, pərtöv saçar, zülmət qaçar;
ItilgetHər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!