Xanəndələr hərdən bir oxuyarlar:

Bəs, mən kimə yalvarım?

Hə! Kimə yalvarım?

Bu həftənin ərzində üç nəfər adam idarəmizə gəlib, əvvəl sifətdə beləcə başladılar:

– Bəs, mən kimə yalvarım?

Bu üç nəfər şikayətçinin biri qubalı Balaoğlan dairəsinin, Rəncbər kəndinin sakini Ağacan adlı qaraşın bir oğlan idi. Bu adam and içirdi ki, Rəncbər kəndlisi dükançı Əlibala məşədi Usubalı oğlu xalaoğlusu məşədi Rəhim ilə birlikdə onu o qədər döyüblər ki, indi bu saat yerləri ağrıyır.

Ay balam, nə üstə döyübdürlər?

Onun üstə ki, mən niyə onun dükanında oturub, “Molla Nəsrəddin” oxuyuram.

İkinci şikayətçi bir nəfər nardaranlı oğlan uşağı idi. Bu da içəri girən kimi başladı:

– Ay molla əmi, bəs, mən kimə yalvarım?

Dedim: Nə var? Cavab verdi ki, axır bu tənəffüsdür nədir ki, məktəblərdə icad eləyiblər? Bunu icad eləyənin evi yıxılsın. Bizim Nardaranda on altı nömrəli məktəbin dördüncü və beşinci siniflərində dərslər on beş dəqiqə gedir. Amma tənəffüs 45 dəqiqə. Halbuki gərək tərsinə ola. Bəs, biz dərsləri nə vaxt öyrənəcəyik? Bəs, biz kimə yalvaraq?

Mən dedim: Gedək məktəb şurasına, yalvarın.

Deyir:

– Yalvardıq, bir şey çıxmadı.

Üçüncü şikayətçi də bir nəfər müsafir idi ki, axsıya-axsıya idarəmizə girdi.

Bəs, mən kimə yalvarım?

– A balam, nə olubdur?

Tiflisdən gəlirdim. Dəmiryol qatarı üçdü. Az qalmışdı əziləm. Əcəlim tamam deyilmiş. Amma bir neçəsi Allahın rəhmətinə getdi.

– Ay balam, nə oldu ki, maşın yıxıldı?

– Maşın sürən deyirlər, kefli imiş.

– Hə, indi sözün nədir?

– Bəs, mən kimə yalvarım? Şey-şüylərim hamısı vaqonun altında dağıldı, tələf oldu. Dedim:

– Qardaş, heç kəsə yalvarma, get o uca olan Allaha yalvar ki, onun məşiyyəti ilə dəmiryol məhəlləsində, Bakı-vağzallarının rubərusunda yüz on yeddi calallı və hişmətli şərab dükanları durub, dəmiryol qulluqçularına şərab satırlar.

Həmin sərxoş dəmiryol qulluqçuları hər gün uçub-yıxılan vaqonların altında qalan və əzilən miniklərə tamaşa edirlər və könüllərində ancaq mövlana Übeyd Zakaninin bu beytini münasibi-hal görüb, deyirlər:

“Bemən yek cürə meyi-həmrəng azər,
Geramitər ze səd xuni-bəradər. ”

Lağlağı

“Molla Nəsrəddin” fevral 1926-cı il, №8

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire