Hələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı.

Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var:

Dəlilimin biri budur ki, siz nə pambıq əkmək elmindən xəbərdarsınız, nə əkinçilər sizi tanıyırlar ki, sizdən dəlil-nəsihət qəbul etsinlər.

And olsun Allaha ki, mən bu sözü o vədə həmin adamlara dedim.

Və axırda mənim sözüm göyərdi: çünki indi bu saat gərək pambıqçılar zəmiləri də hazırlamış olaydılar, pambıq toxumunu da alıb əldə hazır saxlamış olaydılar və bunlar keçəndən sonra hələ bəlkə hökumətdən avans babətindən bir qədər qızıl pul da borc almış olaydılar ki, dəxi həvəslə işə başlayaydılar.


Amma indi hamı bunu bildi ki, bu danış[ıl]anların hamısı boş-boş sözlərdir.

Və onunçün heç kəs pambıq əkmək fikrində deyil və olmayacaq da və hər nə qədər yazılarsa və danışılarsa pambıq belə gəldi, çiyid belə getdi, – hamısı faydasız qalacaq.


Və nə qədər ki, pambıq işinin başında duranlar yuxarıdakılardır, pambıq əkilməyəcək, əkilməyəcək, əkilməyəcək!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 mart 1923, №17

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire