Neft fəhlələrinin məvaciblərinin çox hissəsini hər ay Neft idarəsi çıxır ki, onlara ərzaq və paltar versin.

Bu, gözəl bir işdi.

Belə də olmalıdır, çünki fəhlə nə səbəbə hər gün əziyyət çəkib getsin bazardan baha qiymətə ərzaq ya paltar alsın? Bir də fəhlələr bazardan çox uzaq olurlar.

Odur ki, Neft idarəsinin ərzaq şöbəsi məcbur oldu ki, fəhlələrin ərzağını öz vaxtında yetirmək ilə bu yazıqları bir növ rahat etsin.

İndi yaxşımı bu vəzifəni əmələ gətirir, pismi əmələ gətirir – bunu Allah bilir, amma biz də bunu bilirik ki, çox vaxt qoxmuş və pas basmış silotka balığı da verilir (bu balıqlar 1919-cu ildə dəryadan tutulublar).

Çox vaxt qoxmuş kələm də verilir.

Çox vaxt qoxmuş ət də verilir.

Bunlar qurtarandan sonra keçək paltara.

Hər ay bir təzə xəbər çıxır:

Bir ay çəkmə

Bir ay qaloş.

Bir ay palto.

Götür, amma çox danışma! Çəkmə, söz yox, lazımdır, amma külfət də acdı.

Odur ki, təzə aldığı çəkmələri fəhlə qardaş aparır satmağa.

– Dadaş, hara gedirsən?

– Aparıram çəkmələri Quba meydanına.

– İndi sən dustaqsan, çünki sən Neftkom çəkməsi satırsan.

Fəhlə də belə cavab verir:

– Neftkom heç kimə müftə çəkmə bağışlamaz, bu çəkmələr mənim zəhmətimin haqqıdır; mən acam, gərək çəkməni verəm çörəyə, çünki çəkməni yemək olmaz.

“Yeni yol”, 17 mart 1923, №10

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire