Qabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.


Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?

Həmçinin qeyri bayramlar: məhərrəmlikdə də işdən-gücdən başım ayılmayıb ki, gedəm şəbih gətirənlərə tamaşa edəm. Habelə qurban bayramı, habelə qeyri müqəddəs bayramlarımız.

Qardaş, vallah, vaxtım olmur. Bunların hamısına bikarçılıq lazımdır.


Hər nə isə, lap xarab olmuşdum və bir qədər belə keçsə idi, axırda bilmərrə müsəlmançılığı yaddan çıxaracaq idim. Amma, şükür olsun Allaha, minlərcə rəhmət olsun səbəbkarın ata və anasına. Əhvalat belədir:

Dünən idarədə oturmuşdum, təzə çıxan ruznaməni gətirdilər, oxudum: zəhmət komissarı tərəfindən qərardaddır: “Aprel ayının 25-ci günü cəmi müsəlman qulluqçuları gərək qulluqdan azad olalar, çünki bu gün eydi-fitrdir”. Çünki həmin günü müsəlmanlar gərək məscidlərə cəm olub, fitr namazı qılalar.

Evə gedib gördüm ki, on iki yaşında oğlum sevincək mənə xəbər verir:

– Dədə! Sabah və o biri gün bizi dərsdən azad elədilər, çünki orucluq bayramıdır.

Bunu da ərz edim ki, necə mən üzüqara yuxarıda bəyan etdiyim kimi dindarlıqdan uzaq düşmüşəm, oğlum da söz yox, oruc və namaz söhbətlərindən dəxi də kənar olubdur. Və əgər dünən oğluma məktəbdə orucluq bayramının müjdəsini verməsə idilər, yəqin ki, onun yadına bayram-zad düşməyəcəkdi; səbəb budur ki, eydi-fitr bayramını ancaq oruc tutanlar gözlər.

Xülasə...


Sinnim bir az ağırlaşır. Və bu işləri belə görəndə öz-özümə deyirəm: bəlkə bu özü Allah məsləhətidir? Bir surətdə mən dini-mübini-islamdan uzaqlaşmağa üz qoymuşdum və o məsum balamı da özüm kimi “binamaz” tərbiyə etməkdə idim, – bəlkə bu özü elə Allah məsləhətidir ki, vaiz və şəriətmədar mollaların vəz və nəsihətindən uzaq olduğum üçün bu qəflətin yerini doldurmaqdan ötrü həftədə bir, ayda bir hökumət qərardadı bizi xəbərdar edir və bizi mütənəbbeh edir ki, ey qəflətdə olanlar! Ayılın və agah olun ki, filan ayın filan günü eydi-şərifi-fitrdir, filan günü İsmayıl qurbanıdır, filan günü rəqayibdir, filan günü imam Museyi-Kazimin rehlətidir, filan və filan...

Və həmin qərardadı vəd edənlərə öz təşəkkürümü izhar qılıb, bundan da sonra bu arzuda olacağam ki, nə gözəl olardı ki, on iki imam və yüz iyirmi dörd min peyğəmbərin müqəddəs bayramlarını biz günahkar bəndələrə yadavərlik edə idilər və dəxi də gözəl olardı ki, yomiyyə namazının da beş vaxtını qərardad vasitəsilə idarələrə xəbər verə idilər ki, günorta vaxtları heç olmasa yarım saat müddətində müsəlman qulluqçuları azad ola idilər və zöhr namazını əda etməyə məşğul ola idilər, bu şərtlə ki, yarım saatın miqdarı onların maaşından çıxılmaya.

Aman günüdür, bəlkə bu vasitə ilə qara üzümüzü müsəlmançılığa çöndərək və nicat tapaq!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 2 may 1925, №18

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire