Qəza şəhərlərində oturan şura xidmətçiləri, əlbəttə xəbərdar oldular ki, hökumətin axırkı qərardadına görə, bundan sonra qəza işçiləri borclu olacaqlar, tez-tez kəndlərə gedib və əlaqələrini kəndlilər ilə sıxı saxlayıb onların harayına hər gün çata bilsinlər və onların ehtiyaclarına hər gün kifayət verə bilsinlər.

Amma burada bir balaca söhbət var ki, bu barədə bir neçə söz danışmaq istəyirəm.

Şübhə yoxdur ki, kəndistan işçiləri və məsul xidmətçiləri nə qədər kənd camaatını tez-tez yoxlasalar, yəni nə qədər onlar ilə tez-tez görüşüb əhvallarından xəbərdar olsalar o qədər də kəndlilər razı qalacaqlar. Onun üçün də belə münasibətdə olmağı da Şura hökuməti kənd qulluqçularından təkidən tələb edir.

Və digər tərəfdən də nə dərəcədə xidmətçilər kəndliləri tez-tez yada salmaq istəsələr, o dərəcədə kəndlilərin məhəbbəti və etimadı onlara artıq olacaq.

Və haman bir məsələ ki, mən onun barəsində danışmaq istəyirəm,

– o da budur ki, aya bizim kənd xadimlərinin hamısı bunu bilirmi ki, kəndlərə tez-tez gedəndə onlar hara düşəcəklər və kimə qonaq olacaqlar? Bu məsələ zahirdə asan və kiçik bir məsələdirsə də, həqiqət bunun həlli hər dəfə necə ki, lazımdır mümkün olmur və görükmür.

Bunu cavan işçilərimiz unutmasınlar gərək, atalar demiş kimi: “qonaq bir gün olar”. Və bunu unutmasınlar ki, onlar kəndlilərin qonağı deyillər, bəlkə kəndlilərin yoldaşları və “həmqəryəli”ləridirlər. Hər bir məsul işçi ki, onun kəndə tərəf yolu düşdü, onun gərək kənddə məxsusi evi ola ki, evin adı ümumi xidmətçi evidir. O evdə onun öz pulu ilə alınmış çörəyi və atının öz pulu ilə alınmış arpa və samanı ola gərək.

Hər bir kənd qulluqçusu ki, bu üsulu bərk-bərk saxlamağı bacardı,

– onu bilməli olsun ki, o, əhalinin rəğbətini əlbəttə və həmişəlik qazanıbdır və o kəslər ki, bu mühüm nöqtəni səhl sayıb gündə bir, iki gündə bir keçmiş çürük əsrlərdə Danabaş kəndinə cövlan edən çinovniklər kimi, başında on iki atlı ilə bu gün bu kəndə, o biri gün o kəndə çöküb özü yağlı-ballı bir xan evində əziz qonaq olub və on iki atlısı da kəndlilərin evlərinə, hər evə bir nəfər atlını at ilə qonaq verib, il uzunu, beləliklə, başını saxlamağı qənimət bildi, – həmin kəmtəcrübə işçilərimiz bu başdan unutmasınlar gərək ki, axırda onlar çəkdikləri zəhmətə baxmayaraq, gah hökumət yanında və gah kənd əhalisi yanında məyus və məsul olacaqdır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 30 may 1925, №22

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire