Şəhərə doğru
Məlumdur ki, kənd əhalisinin əhvalını yaxşılaşdırmaq məqsədi ilə “Kəndə doğru!” şüarın dalısı “Şəhərə doğru!” olacaqdır. O səbəbə ki, kənd əhalisinin əhvalı kənd dairəsində nə qədər gözəlləşsə, yenə kənd əhalisi şəhərsiz ötüşə bilməyəcək və bu hal o qədər açıq və vazehdir ki, bunu bəyan etməyə daha bir lüzum qalmır.
Onun üçün də kəndlilərin qədim dostu “Molla Nəsrəddin” əmi “piş əzvəqt” öz çarıqlı köhnə dostlarının qeydinə qalmaq babətindən bu söhbəti vaxt ikən ortalığa atır ki, sonra iş işdən keçməmiş olsun və fürsət itməmiş olsun.
Sözü çox uzatmaq istəmirəm və sözüm də heç çox deyil; ancaq mənim qabağımda duran iki məsələdir.
Birinci məsələ budur ki, aya indidən nə tədbir tökmək ki, mənim köhnə dostlarım şəhərə doğru gələndə və Bakı kimi bir böyük şəhərin küçələrində gəzəndə idarələrin və ticarətxanaların lövhələrinin yazılarından hürkməsinlər. Bax, qoy mən sənə sözün açığını deyim. Tutaq, heç avam kəndli deyil, bax, məsələn, sən özün, Allaha şükür, çox elmli və savadlı şəhərlisən. Gəl mən yapışım sənin əlindən, gedək Bakının küçələrini gəzə-gəzə lövhələri oxuyaq.
Əgər sən bu lövhələrin üçünü dalbadal oxuya bildin ki, özün də qandın və məni də qandırdın, onda mən sənə afərin deyərəm.
Daha niyə uzaq gedək. Lövhənin biri türkcə ərəb hərfləri ilə yazılıb; amma oxuyursan bilmirsən nədir. Axırda hıqqana-hıqqana höccələyib görürsən ki, yazılıb:
Mediksantrud.
Demək, ixtisar olunmuş on iki rus kəlmələrinin baş hərflərini götürüb başıdaşlı Qüreyş tayfasının nəstəliq xətti ilə, islamca bisavad erməni, yəhudi, türk nəqqaşının qələmi ilə bir belə ilan-qurbağa şəkli çəkilibdir.
Bir qeyri lövhəni götürək. Burada yenə bir neçə rus sözlərinin baş hərfləri bir yerə cəm olub, mübarək yeni türk hürufatının baş hərfləri ilə bir söz yazılıb ki, bunu da Vəli Xulufludan başqa heç bir kəndli, ya şəhərli oxuya bilməz.
Qeyri bir lövhəyə rast gəlib görürsən, elə bil, it ayaqlamış soğan kərdisidir ki, heç qana bilmirsən ki, kimdən ötrü bu qədər pul xərc edib bunu yazdırıblar. Bir yerdə yazılıb: Maranderinkumbas, qeyri bir lövhədə yazılıb: Kasnibaristonmel. Sonra Onbik, Kato, Samtorqaşveynakurs.
Xülasə, dünyanın hər bir yerini gəzəsən və hər nə qədər dağlarının və çaylarının adı var, guya ki, hamısı Bakı şəhərinin lövhələrində yazılıb; bircə yaddan çıxıb Amerika çayları Missisipi və Missuri yazılmayıb.
Dəxi nə başını ağrıdım, hər bir Azərbaycan kəndlisi ki, yolu Bakıya düşdü və şəhərin mərkəzinin küçələrinin lövhələrini gördü, elə biləcək ki, onu yəcuc-məcuc vilayətinə gətiriblər.
Bu birinci məsələ.
Qaldı ikinci məsələ. O da yol məsələsidir, yəni indidən biz gərək o tədarükdə olaq ki, aya, hansı yol ilə Azərbaycan kəndliləri Bakıya və ya Tiflisə gedə bilər? Gərək öz mal arabasına minsin, bir ayın müddətində babaları kimi kəl sürsün, ya dəmiryolu ilə gəlsin.
Bilirəm, sən deyəcəksən dəmiryolu ilə gəlsin. Onda mən də sənə deyəcəyəm ki, xub, çox yaxşı sözdür. Amma indi özün də bilirsən ki, yaylaqlardan nepmanlar vaqonlar dolusu dəmir yol ilə şəhərə qayıtmaqdadırlar və hər gün və hər saat Tiflisdən dəmir yol Bakıya yollananda cəmi stansiyalara teleqraflar çəkilir ki, heç kəsə bilet satılmasın, yer yoxdur. Və mən özüm, kəndlilərin köhnə dostu, bax, öz qoca gözümlə hər il sentyabr ayında görürəm Yevlax və qeyri vağzallarda həftələrlə kəndlilər çirkli vağzalın çirkli otaqlarında yan-yana yıxılıb maşın gözləyirlər. Və bir ucdan Tiflisdən teleqraf da işləməkdədir ki, bilet satılmasın.
Və neçə-neçə dolu qatarlar vağzaldan gəlib keçib və neçə günlərlə kəndlilər dolu vaqonların akoşkasından başlarını çıxardan totuq xanımlara tamaşa eləyə-eləyə həsrətlə baxıb dərin ah çəkə-çəkə yenə o biri marşrutu gözləyirlər...
Bəs, buna nə deyirsən?..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 sentyabr 1925, №37
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-sehere-dogru
Use ← → keys to move, R for a random poem
More by this author
Məlumdur ki, bir az vaxt bundan qabaq Bakıda bir neçə nəfər İran “taciri” yerli hökumət tərəfindən həbsə alınıbdır. Səbəbi də bu imiş ki, həmin “tacir”lər məxfi surətdə qızıl pul alış-verişinə məşğul imişlər, bir surətdə ki, qızıl pul ticarəti hökumət tərəfindən qədəğəndir; o səbəbə qədəğəndir ki, bir belə alış-verişin əhali üçün zərərindən başqa bir mənfəəti ola bilməz, hökumətin maliyyə siyasətinə də böyük zərbədir; çünki qızıl pulu qeyri-təbii surətdə qalxızır və çervon pulu da yenə qeyri-təbii surətdə aşağa yendirir.Və lakin Molla Nəsrəddinin dünyasına həmin işlərin dəxli yoxdur; ancaq bizi danışdıran bir məsələdir ki, o məsələni qoyub keçə bilmədik.
Göyçayda maarif əfəndiləriİki vəqəə bir-birinə təsadüf etdi. Biri Moskvada Şərq qadınları arasında çalışmağa qüvvət vermək qərarı, ikinci Göyçayda, İsmayıllı dairəsində, Məcan kəndində qadınlar güşəsinin candan düşməyi, buna da səbəb güşə müdirəsinin maarif əfəndilərinə ərzi-ixlas etməyi bacarmamağıdır ki, nəticədə müdirə öz vəzifəsini buraxıb, cıxıb getdi. Qız məktəbi qapandı. Qadınlar güşəsinin də indi adı var, özü yoxdur.Bu özü təbii bir haldır. Göyçay maarifi iyirmi səkkiz müəllimin əlindədir. Bunların iyirmi nəfəri həmən sabiq əfəndilərdəndir ki, indi çoxları familiyalarını dəyişibdir. Bu əfəndilər hamısı zəncir halqaları kimi bir-birinə bağlıdır.
Kəndə!..Bilməm nə görübdür bizim oğlan oxumaqdan.Sabir*
Xaç bayramıHər kəs həmin bu sözlərdən bir mətləb anlamaq istəyirsə gərək 7-ci səhifədəki Hindarx məktəb müdirinin idarəyə cavabını oxusun.Əhvalat bu qərar ilədir: