Sirkə
Bir neçə gün bundan qabaq bizim ədib yoldaşlarımızın biri gəlmişdi Bakıya və düşmüşdü orta mehmanxanaların birində.
Mən və Bakı ədiblərindən birisi bir gün günorta zamanı, getdik haman ədib rəfiqimizin görüşünə. İçəri girdik. Xoş-beş… Görüşəndən sonra oturduq və bir yarım saata qədər oradan-buradan söhbət elədik, sonra istədik duraq çıxaq gedək. Rəfiqimiz də o meyldə oldu ki, bizlə bahəm təmiz havada bir qədər dolansın və üçümüz də çıxdıq küçəyə.
Parapet bağına yavıqlaşanda Bakı ədiblərindən birinə də rast gəldik. Bu da qoşuldu bizə. Olduq dörd və Mixaylovski küçə ilə biz yarım saat oyza-buyza var-gəl edəndən sonra Bakıya təzə varid olan rəfiqimiz dedi:
– Doğrusu, mən acımışam.
Biz dördümüz də dayandıq və başladıq bir-birimizin üzünə baxmağa. İkinci bakılı ədib yoldaşımız dedi:
– Gedək bizə.
Birinci ədib yoldaşımız soruşdu:
– Nəyiniz var evdə yeməli?
İkinci bakılı ədib yoldaşımız belə cavab verdi:
– Siz öləsiz, bir saat bundan qabaq getmişdim bazara. Təzəcə bir araba kütüm balığı bazarın ortasında saxlayıb satırdılar, camaat da çox şirin alırdı. İki dənə balıq da mən aldım; ikisi on iki girvənkə gəldi. Balıqları bir uşağın əlinə verdim apardı evə. İndi bu saat [anam] o balıqların ikisini də bişiribdir. Əgər biz bu saat dördümüz də getsək bizə, haman balıqları qoyarıq qabağımıza və şirin söhbət edə-edə nahara məşğul olarıq və ola bilər ki, xaçpərəstlər istemal edən və biz mömün bəndələrə haram buyurulan “zəhrimardan”-zaddan da evdə tapıla; çünki balığın yanında içməli bir şeyin qonşuluğu heç yaman olmaz.
Biz hamımız ac idik, onunçün də bu təklifi qəbul edib getdik.
Süfrəni döşədilər… Qab-qaşıq və duz-çörək gətirdilər və burada mən gördüm ki, ev sahibi ədib rəfiqimiz bir növ təşvişdədir və o otağa soxulur, bu otağa soxulur, guya bir şey axtarır. Axırda gəldi durdu qabağımızda və əllərini dizlərinə vurub dedi:
– Heyif, balıq ləzzət verməyəcək.
Biz səbəbini soruşduqda dedi ki, evdə sirkə yoxdu. Kütüm balığını da sirkəsiz yedin, ya heç yemədin – ikisi də birdir.
Və bu sözləri deyəndən sonra ev sahibi qaçdı çölə və haman saat sevincək qayıdıb gəldi. Əlini bir-bir qoydu biz üç ədibin çiyninə və şad, sevincək dedi:
– Siz öləsiz, bax, bu dəqiqə sirkə gələcək.
Biz hərçənd doğrudan da ac idik, ancaq sirkənin gəlməyinə çox böyük həvəslə dayandıq. O səbəbə ki, doğrudan hər bişmişin öz qanunu və öz xasiyyəti var və təzə balığı sirkəsiz yemək, əti duzsuz yemək kimi bir şeydir.
On dəqiqə keçməmişdi ki, bir balaca uşaq bir böyük şüşə dolusu qırmızı sirkəni gətirib qoydu stolun üstə, qaçdı getdi və ev sahibi ədib yoldaşımız balıqları buğlana-buğlana iki böyük qabda “pəh-pəh” deyə-deyə gətirdi qoydu stolun üstə. Qapının arasından da bir qoca arvad başını çıxardıb mehriban və səsi titrəyə-titrəyə dedi:
– Yeyin, qadanız mənə gəlsin.
Bu arvad ev sahibi ədib yoldaşımın anası imiş.
Bakıya təzə varid olan ədib rəfiqimiz çəngəli balığın bir tikəsinə ilişdirib qalxızdı yuxarı və burnunun qabağına tutub iylədi və dedi:
– Pəh-pəh!.. Deyəsən yeməli balığa oxşayır.
Ev sahibi ədib yoldaşımız da balığın bir tikəsini çəngəlnən götürüb qoydu mənim boşqabıma və bir tikəsini də öz boşqabına qoyub pəh-pəh eləyə-eləyə dedi:
– Siz öləsiniz, balığın bir ətrinə tamaşa eləyin ey!.. Pəh-pəh, balıq, nə balıq. Balığı da təzə-təzə yeyəsən; təzə ki, olmadı – daha onun nə ləzzəti?
Birinci bakılı ədib yoldaşımız çəngəli ilə balığın tikələrini seçə-seçə ev sahibi ədib yoldaşımıza belə diqqət tutdu:
– Mən ölüm, ay Əhməd Fitrət (ev sahibi ədib yoldaşımızın adıdır), o yediyin balığın adını ata-anamız “balıx” qoyub, sən də elə “balıx” de, “balıq” demə.
Əhməd Fitrət bu heyndə sirkə şüşəsini əlinə götürüb, balığın üstə tökmək istəyirdi və birinci bakılı ədib yoldaşımızın tənqidinə bilmədi o saat nə cavab versin. Ancaq şüşənin ağzını açmamış qoydu stolun üstə və bir qədər də dinməyib, sonra dedi:
– Mərhum atamız, doğrudur, “balıx” deyiblər, amma biz gərək “balıq” deyək, nəinki “balıx”.
Bakıya təzə varid olan ədib rəfiqimiz Əhməd Fitrətdən soruşdu:
– Axı bir səbəbi var ya yox?
Əhməd Fitrət də bundan soruşdu:
– Nəyin səbəbi?
Mən burada üzümü Əhməd Fitrətə tutub dedim:
– Necə yəni nəyin səbəbi? Axı səndən soruşurlar ki, biz ki, dörd Azərbaycan balaları ki, oturub burada balıx yeyirik, nə səbəbə biz bu balığa “balıq” deyək, “balıx” deməyək?
Əhməd Fitrət bir qədər ucadan dedi:
– Balıx nədi?
– “Balıx”, bax bu yediyimiz heyvanın adıdır.
Əhməd Fitrət çəngəli stolun üstünə qoyub, dik qalxdı ayağa və ağzında yavan çörəyi çeynəyə-çeynəyə dedi:
– Ay mənim əziz qardaşlarım, axı bir mənə deyin görüm, axı hər dilin bir qanunu var. Axı bizim türk dilinin də bir qanunu var ya yox?
Birinci bakılı ədib yoldaşımız çəngəli qoydu stolun üstə, bir az ucadan, bir az da hirsli, buna belə cavab verdi:
– Allah atana rəhmət eləsin, ay Əhməd Fitrət. Bir bizi başa sal görək, o necə qanundu? Bəlkə doğrudan da biz qanmırıx.
Bakıya təzə varid olan ədib rəfiqimiz də bu söhbətə qarışıb o da çəngəli qoydu yerə və üzünü Əhməd Fitrətə tutdu:
– Əhməd Fitrət, qardaş, sən deyəsən hirslənirsən… Əvvələn, burada hirslənmək heç lazım deyil və ikincisi budur ki, axı…
Əhməd Fitrət bunun sözünü belə kəsdi:
– Xeyr, bağışlayınız, mən heç hirslənmirəm; ancaq hər bir dilin bir qanunu var və o qanuna biz də gərək tabe olaq. Məlumdur ki, türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə. Nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq; elə başımızı aşağı salıb Kabla Məmmədcəfər və Fatma xalalar kimi deyirik. Elə ata-babalarımız və cici-bacılarımız deyən kimi biz də gərək balığa “balıx” deyək?
Bakılı birinci ədib yoldaşımız da balıqdan bir tikə ağzına qoyub, bir az coşmağa başladı və dedi:
– Əlbəttə, gərək “balıx” deyək. Bəs necə sən ana dilin tərəfdarısan?
Əhməd Fitrət balığın bir tikəsini götürüb qoydu ağzına və bir az da ucadan və əllərini ölçə-ölçə ağzı göyşəyə-göyşəyə bu cür dedi:
– Qardaş, burada ana dilinin nə dəxli var? Məgər “balıx” deyəndə ana dili olur, “balıq” deyəndə ana dili olmur? Bir də mən qanmıram, biz dörd nəfər adam burada təzə dil yaratmayacağıq ki? Yəqin ki, dünyada hər bir elmin mütəxəssisi olan kimi dilin də qanunlarını vəz edən, həyata tətbiq edən var. Asim bəyin dil barəsində tətəbböatını… Əgər bunları…
Dörd nəfər türk ədibləri, yəni mən də onların içində, belə mübahisə etdiyimiz əsnada, on iki girvənkə gələn balığı iki nəfər yeyib az qalmışdılar ki, sümükləri də yesinlər ki, bu arada qapının arasından ev sahibinin qoca anasının başı titrəyən səsi ilə bizə tərəf belə xəbər verdi:
– Qadanız mənə gəlsin, bu qədər “balıx-balıx” deyə-deyə pəs niyə o gözəl sirkəni qoydunuz orada qaldı və ağzını heç açmadız da?
Nənənin bu sözü bizi deyəsən yuxudan oyatdı; bir də baxaq ki, doğrudan da “balıq”nan “balıx” sözlərinin mübahisəsinə biz dörd nəfər ədib elə bərk qızışmışıq ki, on iki girvənkə balığı yeyib qurtarana kimi o gözəl sirkə ağzı tıxaclı dəc qalıb stolun üstündə; bir surətdə ki, haman sirkəni dördümüz də tamam yarım saat gözlədik ki, bazardan gəlsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-sirke
Use ← → keys to move, R for a random poem
More by this author
Müzlüm gecədə nişanlı bir qızBir hüznü ələm içində yalqız,
DüşmənlərBizim oxumuşların bəzisi aşura günü düşür baş yaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qismdir:Bir qismi mömün çinovniklər və yarımçıq qoca “intelligent”lərdir ki, ölümün yaxınlaşmağını görüb, istəyirlər bəlkə asan vəch ilə bir qədər savab qazanalar. Bu qism “intelligent”lərimiz filcümlə yaxşı adamdırlar. Amma heyif ki, bir az axmaqdırlar.
DinMən çox qorxuram bir vaxt ola ki, din əldən gedə. Və buna neçə dəlillərim var.Bu il məhərrəmlikdə Xasayurt ağsaqqalları iki yüz əlli min manat verib, rövzəxan Molla Əbdülhüseyn cənablarını gətiriblər ki, mərsiyə oxusun. On günün ərzində mərsiyəxan cənabları iki yüz əlli söz danışdı: yəni sözün birini bir manata satdı və bu gözəl sözlərin biri də bu idi ki, “Həzrət Abbas təpiyi ilə yüz həştad min qoşun öldürdü…”.
Sədiyə oxşarYek şəb təəmmüli-əyyam güzəştə mikərdəm və məhərrəmlikdə xərclənən min-min və yüz və yenə on yüz və yüz min manat pulların tələf olacağına təəssüf mixordəm və in əbyati münasibi-hali-xud migüftəm.Məsnəvi
Poems by other poets
Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.
Amandı dur məzardanBeş-altı yüz nəfər dələ alır kilünki çün ələ, salır cəhanə vəlvələ və şurişü qiyaməti, səbahü əsrü vəzzüha, yıxalla qəsri-şürbəha, tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, ölürux daha! Başuva yığ əcamiri, xüsus Əmir Bəhadiri, belinə bağla qəddərə və rakib eylə əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa, əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni geyiblə kəfşi-rovqəni, genişləyirlə kuçəni; deyəndə: ey sitəmşüar, nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cəmaəti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyu-zülmənən, şütur bərayi mərdü zən və əsbü filü gərgədən, məgər o üştərizəmin, o piri-zuri-pərvərin və əsbi-mah peykərin, maşından azdı sürəti? Baxın bu qövli-əbtərə, nə rəhm edəllə dülgərə, nə dəlləyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənvərə, bu qövmün ehtiramı yox şəriəti peyəmbərə; nə həq tanır və nə Əli, nə Cəfəri, nə dini var, nə bığı var, nə səqqəli. Gəlibdi fəleyi-Güney, misali muri-biədən, çıxalla damə nagəhan, deyəllə: ya Əli mədəd! Verəllə səs-səsə hamı, yıxalla şəst ilə damı, gedəllə cümə axşamı içəllə zəhrimari mey, vuralla dəf, çalılla ney, deyəllə: Ay daley-daley! Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyrətüz, qalıbdı kətdə külfətüz, nə aşı var, nə də əti! Deyin o əhli Təbrizə, maşın gərək deyil bizə, gəlin, gəlin, çökün dizə, qulaq verin bir həmdüzə, fərasət örgədək sizə. Qələtdi həmdü surəmiz, gərək onu ravanlayax, üsuli-dini anlayax, firui-dini həmçinin. Niyə boş əyləşək ki, biz xərab edək vilayəti? Vuranda gürzünü yerə, Nəkirü-Münkər, ey Əmu, qoyunlar ürkər, ey əmu! Sual edə nəmazdən, xudayi-baniyazdən, şəhənşəhi-hicazdan, nə farsicə bilər: "Birov", nə türkücə "Xnov-minov", nə kürdücə "Həsov-məsov", nə rusicə "Netov-metov", fəqət bilər ərəbcə o, cavab alar ərəbcə o. Bə izzəti, bə şövkəti behişti xəlq edib xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli, ki, yəni çox kəbir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqələ və rəngi misli qır ola və ayinə ala ələ, baxa bığın qabağına, məbadiya ki, meyil edə beş-altı tük dodağına, o tükləri təmizləyə, ola adam balası, ta gedə ala qucağına, o huriyani-cənnəti.Mələk dolanmaz o evə, ki orda əskinas ola, zikur ola, ünas ola! Və huşu ya təhur ola, vəlov ki, əksi-nur ola, şəkil çəkən məlahidə, gərək o əksə can verə, xuda sizə cəza günü xudalığın nişan verə. Bir iş görün əlahidə, o işdə yoxdu faidə, bu iş həramidür bəli, qəsəm bu saçü səqqələ, miadə etiqad edin. Kişi gərək əzan verə ki, ta xuda əvəz ona behişti-cavidan verə. Nəinki eylə iş görə--ilan vura, çayan vura, mələk ona əzab edə və ətlərin kəbab edə, cəhənnəmin hərarətli, belə müqərrər eyləyib xuda, həmişətar ola gecə, çü zülfi yar ola gecə, günüz yana çiraqi mehr, işıq sala vilayətə, ziraətə, sən istisən günüz kimi ola ləyal qasiqə, əmoğlu sən nəkarəsən, məgər rəqabət eylisən, belə ibadət eylisən xudayi-girdigarə sən, şərikisən bu xaliqə, xudayi-nuru zülmətə, çiraqi-bərqi xoş gəlib, nə qədri var imarətə, cəmaətə, onun pulun verin ata, minin, gedin ziyarətə. Uşaq, fənarı yandırın, çiraqi-bərqi söndürün, misali-səng sındırın, bə öhdəyi-mən əstü mən, vəlov beş-altı yüz tümən olur onun xəsarəti, bu işlərin təmaməti çıxar o ruzinamədən, fizundu ol cavanların, o ruzinaməxanların şərarəti Qutamədən, olar bətərdi kəbrdən, əşəddidür həcirdən, əya güruhi-gülbədən, həzir edən cəridədən, salar sizi zəlalətə. Üzütəra qiyamətə gələr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayın onu, yalandı cümlə mətləbi, həram edib onu nəbi, vəli ona baxanların nə dini var, nə məzhəbi, nə izzəti, nə isməti, nə üffəti, geyir qulaqlı köynəyi, vurur fokullara boyaq, o bəngxor, o tiryaki, olar cəridə bir taya, oxur səbahü şam onu. O xeyrəsər, o bihəya, əya sülaleyi-zina, xuda edib həram onu, oxuma vəssəlam onu. Təlavət eylə, məshəfi, təbarəkə-mübarəki, xüsusən o bəraəti ki, çoxdu xovfü həşəti, fəsahəti, bəlaqəti. Deyəndə bu sözü ona, deyir: Bəli, səhihdir, deyəllə çox fəsihdir, onu bilən fəqihdir. Qızı olanda bir zaman, deyir qulağına əzan, adın qoyur Tükəzziban, böyür çün o kiçik bala, olur Tükəzziban xala; onun da olsa bir qızı adın qoyar Hüvəlləzi. Çaxır səpəllə üstümə, saman təpəllə nustuma, xuda nəkərdə, gər deyəm: Nəçün bu düxtəri-əcəm, xudayi-beytü vəlhərəm, həlal edib həcaməti, həram edib kitabəti? Deyin cənabi Möcüzə: əya qəribi-elmü fən, qolun-qıçın uzatmısan o həfreyi-məzaridə; mənim sözümə ver qulaq, qiyamət oldu, dur görax! Çıx ol xərabəzardən, o təngəna hesardən, düşüb cəhanə vəlvələ, edir zəmin zəlzələ, ayıl, təbəddilatə bax, eşikdəki həyatə bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sən hələ. Baxır sənə, gülür cahan, fələk, mələk, zəmin, zaman və xəlq hər kənardən, aman, aman, aman, aman, əmoğlu dur məzardən, bir az tumarla saqqalun və sil sərü uzaridən xəlü bu cəhlü qəfləti….
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,