Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmlədən, səbr və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə!…

Amma elə də olur ki, birisinin başına bir müsibət gələndə, yenə bir yandan bir qəlb təskinliyi olur: əgər sənin elə bir övladın var idi ki, səni də, qonşularını da təngə gətirmişdi, əgər sənin elə bir qardaşın əlindən gedib ki, həmişə ona baxanda utanardın; əgər sənin elə bir qohum və yavıq adamın vəfat edib ki, sənin üçün həmişə xəcalətlik mayəsi idi, – sən belə bir fövtü dərd edəndə, sənə deyəcəklər ki, “a balam, çox da qüssə eləmə, o başı küllünün dünyada yaşamağı sənin üçün onsuz da bir dərd və bəla idi. Dəxi təsəlli tap, dəxi çox ağlama!”.


Qəzvin şəhərini biz mülahizə edək necə ki, bir toyuq-cücə həyəti, şəhərin övrətlərini mülahizə edək necə ki, həyətimizdə qara toyuqlar. Bu toyuqların içində tək bircə xoruz var ki, adı müctəhid Şeyx İsadır. Uzaqdan baxanda 80 yaşında, uzun saqqal və saqqalının ucu da miz bir insandır; amma həqiqətdə bu bir dənə ları xoruzdur ki, düşüb Qəzvin toyuqlarının içinə və bu övrəti görəndə, – buna zornan siğə oxuyur, o övrəti görəndə, – ona zornan siğə oxuyur.

Bir biçarə övrətin ki, Şeyx İsaya bir işi düşür, gəlir ağanın xidmətinə, ağa deyir: “məni vəkil elə”, əgər övrət vecə gələndir, axşam şeyx övrətin qapısını döyür.

– Şeyx, nə qulluq?

– Mənim burada halal övrətim var?

– Necə övrət, nə övrət?

– Bəli, övrətim var; bu gün özü məni vəkil eləyib, mən də siğəsini oxumuşam özümə.

Qəzvində müctəhid Şeyx İsadan savayı dəxi elə bir məmur, elə bir hökumət idarəsi yoxdur ki, övrət gedə ora şikayətə və şeyxin əlindən xilas ola.

Allah yuxarıda, padşah uzaq!..

Hərçənd ki, bu qaydanı elə İran padşahları qoyublar, mən çox təvəqqə edirəm müsəlman qardaşlardan mənə bir xristian, ya bütpərəst şəhəri nişan versinlər ki, orada da o qədər fahişə övrət tapıla bilsin, nə qədər ki, məsələn, Qəzvində tapıla bilir və Avropa şəhərlərində elə bir lotu nişan versinlər ki, qoçuluqda və xoruzluqda müctəhid Şeyx İsaya çata bilsin. Bu ağa həmişə fəxr eləyə-eləyə deyir ki, “mən bu yaşa çatmışam, bircə dəfə də dəstəmaz ilə namaz qılmamışam”; yəni məsələn, flan…

Oxuculardan rica olunur ki, xristian və bütpərəst tayfalarının içində elə bir haramzada nişan versinlər ki, biclikdə və avamünnası soymaqda qəzvinli Seyid Məhəmməd vələdi-Badiyə oxşasın. Di gəlin ağa imamzadaya təşrif aparanda görün ki, biçarə müsəlman qardaşlar ağa mindiyi eşşəyin quyruğunu necə öpürlər!

Elə dərd var ki, dəxi onun qabağında səbr, hövsələ mümkün deyil; amma elə də olur ki, adam az qalır desin: cəhənnəmə getsin belə vətən ki, onun adı Qəzvindir!

Məsələn, hər kəs mənə desə “qəzvinli”, daşı yerdən götürüb başını əzərəm.


Bu bir neçə sözü burada ondan ötrü yazıram ki, hər nə qədər özgələrdən küssək, gərək bir az artıq da özümüzdən küsək. O səbəbə ki, indiyədək bizə hər kəs deyib “ay qəzvinli”, biz fəxr eləmişik; amma gərək utanaydıq, utananda da bunu gərək qabaqca bilə idik ki, vətən qorxuya düşəndə, bizim üçün böyük təsəlli olacaq ki, hər nə olmuş olsa, yenə xudaya şükr olsun ki, müctəhid Şeyx İsalardan xilas olacağıq.

Bəlkə beləliklə Şeyx İsa kimi dağlar rəxnə tapalar.

İndi bilirəm ki, bu sözün qabağında mənə yazacaqlar ki, bəs ay Molla odur ki, qabağında Şeytanbazarı qoyursan, gedib çıxırsan Qəzvinə. Bəs bunu niyə gizlədirsən ki, Tiflisdə erməni-müsəlman davasında camaat Xalatov karvansarayına dolanda “Ağa” əyləşmişdi akoşkanın qabağında və qorxuya düşən yazıq müsəlman övrətlərinə tamaşa edə-edə deyirdi: “Pəh, pəh, pəh! Nə iftar malıdı!”

Bu qalsın gələn dəfəyə. Xalqı məzəmmət edə-edə, biz də özümüzü qoyduq naqqallığa.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 noyabr 1911, №40

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire