Doxsan ikinci ildə vəba naxoşluğundan camaat qorxuşanda həkimlər keflənməyi məsləhət bilirdilər; elə, doğrudan da, mən görürdüm ki, çaxır ya araq içib keflənənlər kefləri kök, damaqları çağ gəzirdilər və küçələrdə düşüb qalan ölüləri görüb nə qorxurdular, nə qüssə eləyirdilər. Hər kəs ki, istəyir fikir eləməsin, keflənsin.

Keflənmək – canqurtarandır. Onunçün İrəvanın cavan xanları səhərdən-axşama kimi və axşamdan da səhərə kimi çaxır içib keflənirlər. Bunların keflənməyinin mənası var; bunlar keflənirlər ki, seyid Məhəmmədağanın yerinə şeyx Fəzlullahi-saninin təyin olunmağını özlərinə dərd eləməsinlər; odur ki, iki xan bir yerdə olanda gərək butulkalar düzülələr ortalığa və bu səbəbdən ruslar meyxanaya “Duxan” deyirlər, yəni farsca “iki xan”

Nəzm

Hər şəxsi görəndə onu insanmı sanırsan?
Kölgə kimi qansızları sən canmı sanırsan?
Meyxanədi xanın vətəni, yəni duxandır,
Huşu ola başında, onu xanmı sanırsan?


Sən deyirsən cənub tərəfdən İrana soxulan ingilis qoşunu bir də geri qayıtsa, gərək elədə dəvə də buynuz çıxarda, qroznılı Molla Haşım da ruznamə oxumağı rəva görə, bir dövlətli müsəlman öləndə maarif yolunda bir qədər pul ehsan edə; yoxsa:

Millət belə gəldi, maarif belə getdi,
Bu sözləri biz millət şayanmı sanırsan?
Pul sərf eləyir məktəbə Hacı Əsədulla,
Böylə əməli yoxsa ki, ehsanmı sanırsan?


Həqiqət, keflənmək olmasa, padşahlıq duması bir para lüt-müt demokrat vəkillərin nitqlərini adam oxuyanda istər ki, özünü vurub öldürsün. Allah Timoşkin dadaşa ömr versin ki, ağzını açan kimi yenə bir az gülürsən, ürəyin açılır; məsələn, keçən günləri Finlandiya məsələsi dumada danışılanda Timoşkin yerindən qalxıb deyir ki, Finlandiya milləti rus çörəyi yeməkdən şişib qızıxıblar, necə ki, Rusiya tatarları Qafqazdan toplanan ianəni yeməkdən (yainki torpaq yeməkdən) şişiblər; necə ki, şair deyib:

Aclıq Tatarıstandadı, milyon cibimizdə,
Aclara qəpik verməyi asanmı sanırsan?
Gəl bir qulaq as, gör nə deyir dayi Timoşkin,
Doğru sözü, qardaş, yenə böhtanmı sanırsan?


Yoxsa, mən bəzi vaxt təəccüb elərdim ki, nə üçün bizim müsəlmanlar xaçpərəstlərdən də artıq içib keflənirlər. Keflənmək olmasa, bu qədər dərdi çəkmək mümkün deyil. Zarafat qalsın kənarda, elə deyəsən, doğruya oxşayır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 noyabr 1911, №39

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pək eyi

Mənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.

2 min
Çiçək

Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.

4 min
Tök!

– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.

3 min
İmtahan

Axır vaxtlarda yenə bu cür söhbətlər tez-tez aralığa qoyulur ki, Qafqazda bir mədrəseyi-ruhaniyyə açmaq lazımdır ki, orada oxuyub qurtaran mollalar Avropa elmlərindən bir növ xəbərdar olsunlar. Və bu cür mədrəsəni müsəlman camaatı üçün mənfəətli qələmə verirlər və bu cür sözləri də danışanlar özlərini müsəlmanların xeyirxahlarına oxşatmaq istəyirlər.Əgər biz bu əmrə etiqad eləsək, əgər biz bunu təsdiq eləsək ki, Qafqaz mollalarımız bir əlahiddə mədrəsəyə möhtacdırlar, onda gərək biz bunu da boynumuza alaq ki, guya xudanəkərdə, belə məktəb qurtarmayan ruhanilərimiz – naqisdirlər.

3 min

Poems by other poets · Satire