Bir gün bizə bir əbalı qonaq gəldi və salam verib istədi otura. Mən də istəyirdim oturam, birdən gördüm qonaq birdən dik durdu ayağa. Mən çox xəcalət çəkdim; çünki xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə.

Mən çıxdım dalana və nökəri çağırdım və başladım məzəmmət eləməyə ki, ey namərd, sən niyə məni xəcalət eləyirsən ki, evi süpürəndə süpürgənin tikanını fərşin üstünə salırsan?!

Nökər and-aman elədi ki, süpürgənin elə bir tikanı yoxdu ki, yerə düşə və xalqın canına bata.

Xülasə, girdim içəri və istədim oturam. Oturan kimi yenə qonağımız birdən dik qalxdı. Mən bu dəfə, doğrusu, lap xarab oldum və qeyzə gəlib, yenə çıxdım nökəri çağırdım və yenə başladım məzəmmətə və yenə girdim içəri və yenə istədim oturam, yenə qonağımız dik atıldı durdu ayağa.

Mən bu dəfə dəxi qızara-qızara başladım qonaqdan üzr istəməyə ki, bu Təbrizin ev qulluqçuları çox bitərbiyə və biqabiliyyətdirlər ki, adamı belə bir əziz vücudların yanında utandırırlar. Qonağımız bir söz demədi və başladı məndən əhvalpürsanlıq eləməyə.

Bu heyndə dostlarımdan bir nəfər otağa daxil oldu və istədi otura və yerə çökən kimi, qabaqkı qonağımız yenə dik atıldı. Mən dəxi həqiqətən pərişan oldum və yavaşca dostuma işarə edib, durdum ayağa və çıxdım çölə, dostum da mənim dalımca gəldi. Mən dalanda dostumu çağırdım və mətləbi məhrəmanə bəyan elədim, dedim ki:

– Bu otaqda əyləşən möhtərəm vücudun yanında mən şərmsar olmuşam və bilmirəm nə vəsilə ilə ondan üzrxahlıq edim. – Dostum dedi:

– Nə var və nə vaqe ittifaq düşüb?

Mən tikan məsələsini dostuma ərz elədim. Amma həmin sözü eşitcək dostum qah-qah çəkib güldü və gülüb qurtarandan sonra belə fərmayiş elədi:

– Əzizim, Molla əmi, sən bu vilayətin çün vəzinə bələd deyilsən, onun üçün sənə belə iştibahlar üz verir. Mətləbin vazehi budur ki, həmin möhtərəm əbalı qonağın altında tikan-zad yoxdur və nökəri nahaq yerə incidirsən; səbəb budur ki, bizim yerdə ata-babadan belə bir qayda var ki, məclisdə əyləşmək istəyəndə, o biri şəxsin vəzifəsidir ki, yerindən dursun ayağa. Sən yəqin ki, hər dəfə əyləşmək istəmisən, həmin qonaq sənə ehtiram göstərmək babətindən qalxıb ayağa; yoxsa arxayın ol ki, onun yumşaq yerinə tikan-zad batmayıb.

Mən barmağımı dişlədim və mətləbi başa düşdüm; amma dostuma dedim ki:

– Xub, mən axı bir dəfə yox, üç dəfə gördüm ki, qonaq dik atıldı.

Dostum cavab verdi ki:

– Bəli, üç-dörd dəfə səhldir. Sən səhərdən axşama kimi iki yüz dəfə oturmaq istəsən, sənin əbalı qonağın yerindən həmin sayaq dik atılıb duracaq və sən həmin qərarnan iki yüz dəfə də elə xəyal eləyəcəksən ki, qonağın yumşaq yerinə tikan batıb. Yoxsa nökərdə günah yoxdur. Təbriz süpürgəsinin tikanı olmaz.

Mən o günü çox fikrə getdim.. .

Mozalan

“Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İran təqvimindən

Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.

1 min
Bir para hikmətli danışıqlar

– Məşədi Pirqulu, nə qayırırsan?– Heç zad.

1 min
İdarəmizin əhvalatından bir neçə söz

Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək; məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəslə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və i.a.Məcmuəmizin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.

2 min
Məktub

Həştərxan müftisinin idarəmizə göndərdiyi məktubu:Müdiri-möhtərəm!

3 min

Poems by other poets · Satire