Əlimdə bir vacib yazım var idi.

Hamı öz yazısını vacib hesab eləyir. Qapı döyüldü. Dedim:

– Məni soruşan olsa, cavab verin ki, vacib işi var; bəlkə qoyalar yazımı yazım.

Dedilər filankəsdir.

Adını demirəm; çünki xəyalım bu yazımı çapa verməkdir. İstəmirəm dostum məndən incisin.

Yazığım gəldi, geri qaytarmadım, dedim:

– Buyursun.

Və buyurdu əyləşdi.

– Hə, səlamün-əleyküm!

– Əleykəssəlam!

Dedim bəlkə bir işi var və gözlədim ki, görüm nə deyəcək.

– Hə nə var, nə yox?

– Sağlığın.

Dostum qutusunu çıxartdı və mənə papiros təklif etdi; mən dedim adətim deyil və özü papirosunu yandırıb başladı çəkməyə. Mən danışmağa bir söz axtardım ki, ara boş keçməsin və qonağım darıxmasın və bunun papiros qutusunu əlimə aldım və başladım papirosun insana zərərindən danışmağa. Qonağım bir-iki dəfə “bəli, bəli” dedi və papirosunu çəkib qurtardı və yenə durdu dinməz-söyləməz və ədəb ilə mənim üzümə baxmağa. Bir az da mən ona baxdım və yenə dedim:

– Hə, daha nə var, nə yox?

– Sağlığın, qabili-ərz bir şey yoxdur.

Yenə bir-birimizin üzünə baxdıq və mən bir şeyi bəhanə eləyib durdum, gəldim yazı otağıma və yazdığım kağızlara bir nəzər yetirdim və bilmədim ki, nə eləyim. Qonağı orada qoyub burada sakit otura bilməzdim, çünki belə iş qonağı evdən qovmaqdır.

Xahi-nə xahi yenə qayıtdım və əyləşdim.

Deyə bilmirəm ki, “axır nədən ötrü zəhmət çəkmisiniz?”; o səbəbə ki, yanıma gələnlərin çoxu guya bu bəhanə ilə gəlir ki, məhz məni “ziyarət” etsin.

Bəli, yenə dedim ki:

– Daha nə var, nə yox?

– Sağlığın, qabili-ərz bir şey yoxdu.

– Bəs, İranın işlərindən nə söyləyirlər?

– Hələ ki, təzə bir söhbət yoxdur.

Bir az da sakitlikdən sonra dedim:

– Amma yaman bahalıqdır.

Qonağım bunu da təsdiq elədi ki:

– Bədi, bahalıqdır.

– Hə, daha nə var, nə yox?

– Sağlığın, qabili-ərz bir şey yoxdur.

Yenə bir bəhanə ilə getdim o biri otağa və beş-on dəqiqə orada nəfəsimi alandan sonra yenə qayıtdım əyləşdim və yenə soruşdum:

– Daha nə var, nə yox?

Qonağım yenə cavab verdi ki, “sağlığın, qabili ərz bir şey yoxdur”. Amma bu dəfə durdu ayağa və baş əyə-əyə çıxdı getdi.

Həmin qonağımın bizdə əyləşməyi tamam üç saat çəkdi.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 10 may 1924, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mədfən

“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.

1 min
Qarabağda aşura

Bu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.

1 min
Dindarlığın axır nəfəsi

Çox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın.Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər?

1 min
Kooperativ bayramı

Bu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu.Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq.

1 min

Poems by other poets · Satire