Cəmi oxucularımızdan təvəqqe edirik ki, Bakıda təzə çıxan “Yoldaş” adlı qəzetin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahibinə. Və görsünlər qəzetin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır.

Yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar, öz mənfəətlərini və zərərlərini dəxi qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri – mümkündür.

Hələ bu sözləri qoyaq, buradan bir müqəddimə başlayaq. Bir ay bundan irəli mən qəzetlərdə oxudum ki, Bakıda türk dilində “Yoldaş” adında bir qəzet çıxacaq.

Doğrusu mən çox sevindim, çünki elə bildim ki, qəzetin müdiri cənab Əsədulla Axundov qəzetinə “Yoldaş” adı qoymaqda istəyir özünə yoldaş tapsın və köməkləşib getsin bir yəhudi ya bir ermənini tutub əngini əzsin.

Maşallah, maşallah! bu da bizim millətpərəstlərimiz, bu da bizim əhli – qələmlərimiz.

İndi məlum olur ki, Cənab Əsədulla Axundovun fikri lap özgə imiş. İndi cənab Axundovun yoldaşı Rəsulzadə dad-fəryad edir ki, nə səbəbə Gəncədə bigünah erməni camaatının biçarə övrət-uşağını nahaq yerə qırırlar!

Demək ki, Rəsulzadə cənabları ermənilərin halına yanır, onlara yazığı gəlir.

Ar olsun belə əhli-qələmlərimizə, ar olsun Gəncənin müsəlmanlarına ki, ermənilərlə mehribançılıq göstəriblər. Ümidimiz bunadır ki, çox çəkməz Ordubadın qırmızı saqqallıları Gəncə müsəlmanlarını Əsədulla Axundovları və Rəsulzadələri lazımınca təkfir edib “Yoldaş” qəzetini boykot edərlər, inşallah.

Bəli, Rəsulzadə cənabları yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar öz mənfəətlərini və zərərlərini qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri-mümkündür.

Nədir bu sözlərin mənası? Necə yəni erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar? Məgər qabaqca tanımırdılar? Kimdir müsəlmanın düşməni?

Bunu uşaq da bilir ki, erməninin düşməni müsəlmandır və müsəlmanın düşməni ermənidir. Bunu ermənilər də bilir, bunu müsəlmanlar da bilir, bunu erməni və müsəlman qabaqca da bilirdi, bunu erməni və müsəlman indi də bilir.

Pəs bir surətdə ki bunu hamı bilir, dəxi bu cür birməna sözləri yazmaqdan nə çıxsın?

Cənab Rəsulzadə yazır ki, indi erməni və müsəlmanlar dəxi öz mənfəətlərini və zərərlərini qanıblar.

Məgər irəlicə qanmırdılar? Əgər qanmırdılar, pəs nə səbəbə dava salırdılar?

Sözün doğrusu budur ki, erməni də öz xeyrini qanır, müsəlman da öz xeyrini qanır.

Allah erməni və müsəlman davasına bərəkət versin. Əgər erməni-müsəlman davası olmasaydı, nə ermənilər Qarabağda Xankəndini dağıdıb müsəlmanın var-yoxuna sahib ola bilərdi, nə də Naxçıvanda müsəlmanlar ermənilərin dükanlarını dağıdıb top-top çitləri evlərinə daşıya bilərdilər.

Lazımdır mülahizə etmək ki, məsələn, Xankəndində nə qədər erməni yox yerdən bir saatın içində dövlətə çatdı və nə qədər müsəlman Naxçıvanda bir saatın müddətində dövlət sahibi oldu?

Bunu məgər ermənilər və müsəlmanlar qabaqca bilmirdilər? İndi ermənilər və müsəlmanlar bilmirlər? Bunlar məgər təzə sözdür? Bunu cicim də bilir.

Belə məlum olur ki, tək bircə cənab Rəsulzadənin bundan xəbəri yoxdur.

Sonra cənab Rəsulzadə yazır ki, dəxi bundan sonra ermənini və müsəlmanı aldadıb alət etmək qeyri-mümkündür. İnanan daşa dönsün!

Bircə sözüm qaldı.

Dünyada cürbəcür heyvan var. Bunlar nə qədər ki, bir-birini görmüyüb və tanımayıb, əvvəl dəfə bir-birinə rast gələndə başlayırlar vuruşmağa: məsələn, xoruz, it, at, qoç, gamış və qeyriləri.

Amma nə qədər dünyada yırtıcı və qeyri yırtıcı heyvan var, bir-birilə iki gün bir tövlədə və bir həyətdə qalıb üns tutandan sonra bir-birinə mehriban olub dəxi heç vaxt dava eləmirlər.

Cənab Rəsulzadə yazır ki, dəxi bundan sonra erməni və müsəlmanı aldadıb alət etmək qeyri-mümkündür.

Amma mən də deyirəm ki, dünyanın iki gün bir həyətdə yaşayan heyvanlarını aldadıb vuruşdurub alət etmək qeyri-mümkündür.

İndi buyurun görək, cənab Rəsulzadə artıq cürət ilə sözü deyə bilər, yainki biz artıq cürət ilə bu sözü deyə bilərik?

“Molla Nəsrəddin”, 17 sentyabr 1907, № 35

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nüma

“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?

1 min
Təməllüq

Kəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.

2 min
Qara buludlar

Həmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar.Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin.

2 min
Bəs nə vaxt?

Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.

2 min

Poems by other poets