“Molla Nəsrəddin”in lüğətindən

Nüma, yəni nə ola?

Məsələn, “qiblənüma”, “rəhnüma”.

“Qiblənüma” saat şəklində bir girdə şeydir ki, həmişə ona baxanda bilərik ki, qiblə hansı tərəfdədir.

“Rəhnüma” yəni yol göstərən. Demək olar ki, burada “nüma” – ”göstərən” mənasında işlənir. Necə ki, məsələn, “qiblənüma” – qibləni göstərən, “rəhnüma” – yol göstərən.


İndi gəlirik mətləb üstə.

Bu axır vaxtlarda müsəlman qəzetələrinin hər bir səhifəsində gözümüzə bu cür sözlər sataşır ki, məsələn, “mollanüma”.

Yəni “mollanüma”nın mənası nədir?

Bir var “molla”. Bir də yazırlar “mollanüma”. İndi görək “molla”nın mənası nədir.

“Qiblənüma” – qibləni göstərən, “rəhnüma” – yolu göstərən, “mollanüma” da gərək ola mollanı göstərən.

Hər kəs ki istəyir qibləni tanısın – qiblənümaya baxır, hər kəs istəyir yolu tanısın rəhnümaya baxır, hər kəs istəyir mollanı tanısın – gərək mollaxanaya baxa.


Həmişə Bakı qəzetələri Məşqətə kəndinin mollalarından danışanda onları yazırlar “molla”, amma Danabaş kəndinin mollalarına deyirlər “mollanüma”. Guya burada qəzetələr Məşqətə kəndinin mollalarını əsl molla hesab eliyirlər, amma Danabaş kəndinin mollalarına təvafüt qoyurlar.

Və lakin bizim lüğətdə bu istilahların təfavütü yoxdur.

Hər kəs istəyir ki, Məşqətə kəndinin mollalarını tanısın, getsin Danabaş kəndinin mollanümalarını görsün, çünki molanümanın mənası “molla göstərən”dir.


İstəyirsən qibləni tanıyasan
bax qiblənümaya.

İstəyirsən yolu tanıyasan –
bax rəhnümaya.

İstəyirsən mollanı tanıyasan-
bax mollanümaya.

Aşkardır ki, indiyədək qəzetələrimiz mollaları biləyə doluyublar. Guya pis mollaya “mollanüma” demək ilə yaxşı mollalara hörmət qoyurlar. Amma mollalar bunu bilməlidirlər ki, hər kəs qiblə axtaranda qiblənümaya baxır, yol axtaranda rəhnümaya baxır və hər kəs molla axtaranda gərək mollanümaya baxa.

Cəmi qəzetələrdən xahiş edirik ki, bundan sonra mollalara sataşmasınlar.

Lağlağı

“Molla Nəsrəddin”, 18 avqust 1908, №33

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üç yüz milyon maşallah

Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.

3 min
Qənaət

Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.

1 min
Qurddan çoban

“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.

2 min
Qəzetlərdən

“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?

1 min

Poems by other poets · Satire