Tədarük
Müsəlmanlar bərk tədarükdədirlər. İndidən hər kəs ki, tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir:
– Qasıməli kirvə, əlbəttə bizə gərək iki put xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən… əlbəttə-əlbəttə!
Yağdan sonra düyü tədarükünün dalına düşürlər; çünki plov düyüsüz olmaz.
Bal, pendir, doşab, yumurta, qartoplu unu, zəncəfil, zəfəran, qənd, paxla, xurma…
Söz yox ki, xam adamlar bilmirlər ki, bu nə tədarükdür? Yad adam elə xəyal eləyə bilər ki, bəlkə qabaqda toy-bayram gəlir. Elə toybayram tədarükünə də çox oxşayır. Amma biz bilirik ki, toy-bayram yoxdur; bunlar hamısı rəməzan tədarüküdür.
Əgər durub yaxşı hesab eləsək və çotkaya salıb tərəziyə vursaq, görərik ki, müsəlmanlar on bir ayın müddətində yeyib içməyə xərclədiklərindən çox artıq bircə rəməzan ayında yeyib-içməyə xərcləyirlər. O qədər ləziz xörəklər ki, bircə rəməzan ayında ortalığa gəlir, qeyri on bir ayın ərzində gəlmir. Yəqin demək olar ki, rəməzan ayı müsəlmanlardan ötrü yemək ayıdır, qonaqlıq ayıdır, toy-bayram ayıdır.
Rəməzanın əvvəlinci günündən müsəlmanların fikir və xəyalı cücəplov yanındadır, bal halvası yanındadır firni yanındadır. Küçədə getdiyi yerdə müsəlmanın yeməkdən savayı özgə bir fikri olmur. Bazara gəlir, üzüm də görür, – alır, kişmiş də görür, – alır, yağlı çörək də görür, – alır, uşaq kimi kanfet də görür, – alır; evdə də plov da pişir, halva da pişir, bozbaş da pişir. Hətta namaz vaxtı da mömün müsəlmanın fikri və zikri dolu olur dolma ilə, qarpız ilə, iskəncəbi ilə, lumulu çay ilə, yaxşıca yağlıca bozbaş ilə.
İftara bir az qalanda mömün müsəlmanlar təsbeh çevirə-çevirə dodaqları duanı vird eləyəndə ürəkləri də plov çağırır, qayğanaq çağırır, boranı çağırır, xingəl çağırır, qürabiyə çağırır, halva çağırır.
Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın, dolmamı yesin, qovun-qarpızmı götürsün, qəndab içsin, yainki plovu gözləsin. Plovun da ətri evi bürüyüb; qazanın qazmağını zaranq-zaranq ilə qopardırlar.
Xülasə kefdi ki, gəlib görəsən!
Bunların hamısına müsəlmanlar içində deyirlər “ibadət”.
Bir ay rəməzanı mömün müsəlmanlar səhərdən-axşamadək kefli kimi dolanırlar. Hələ papiros və qəlyana adət eləyənləri heç dindirmək olmaz. O qədər söyüş və föhş ki, rəməzan ayında müsəlmanın ağzından çıxır, – qeyri on bir ayın ərzində çıxmır.
– Adə, haramzada, məni orucağız çox dindirmə, vallah, tərəzinin daşını vuraram başın dağılar!
Bunların hamısına müsəlmanlar içində deyirlər “ibadət”.
Hələ bir iş də var.
Söz yox ki, orucluğun ümdə mənası budur ki, müsəlmanlar ac qalmağa adət eləsinlər və acları hərdən-bir yadlarına salsınlar və aclara ianə eləsinlər.
Çox gözəl.
Amma biz gördüklərimiz və eşitdiklərimizdən bunu təcrübə eləmək olar ki, mömün müsəlmanın yadına aclar həmişə düşə bilər, bircə rəməzan ayından savayı; çünki rəməzan ayında günorta azanı deyiləndən axşam azanınadək mömün müsəlmanın yadına düşən şeylər məhz fisincan, badımcan və xanımcandır.
Dəxi özgə şey yada düşməz.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 avqust 1908, №33
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-tedaruk
Use ← → keys to move, R for a random poem
More by this author
Al gəldi, Mozalan qardaş, sən ac fəhlə sözü danışırsan, amma qulaq ver gör mən nə deyirəm: “Baki[nski] raboçi” qəzeti yazır ki, bir gün ağaların biri mədənlərə gedəcək imiş ki, fəhlələrə nəsihət eləsin. Xülasə, camaat cəm olur, gözləyir, gözləyir, gözləyir, gözləyir, ağa gəlmir. Axırda fəhlələr başlayırlar əsnəməyə və istəyirlər dağılalar. Birdən telefon zəng çalır:– Hı, kimsən?
İnqilab lazım“Dostumuz Məmmədəlini əbəs yerə özümüzdən kəmiltifat edib İrandan qovduq. Nə oldu nəticəsi: bir dılğır parlaman.Bunan bir şey olmayacaq, yenə inqilab lazım”.
Yer yoxdurMən ölüm diqqətnən oxuTiflis–Bakı dəmir yolu əlahiddə və müstəqil bir hökumətdir. Bu hökumət heç kəsə tabe deyil: nə Gürcüstana, nə Azərbaycana, nə İrəvana və nə də Moskvaya.
Ar olsun!Ar olsun belə ümmətə!Bakı qazısı axund Əbdürrəhim Hadizadə həzrətləri noyabrın 21- də ruznamələrin birində üzünü Bakı camaatına tutub nəhayət təsirli bir moizə elədi və çün ağanın sözləri çox yanıqlı və mətləbi çox əhəmiyyətli idi, mümkün olan şey deyildi ki, belə bir moizə təsirsiz, nəticəsiz qala. Amma çox təəssüf ola ki, camaatımız axır illərdən bəri o qədər lazım olmayan söhbətlərə və nəsihətlərə fikir verib ki, dəxi qazı, alim və fazillərin sözləri bilmərrə qulaqlarına girmir.