Zəncir
“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.
Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.
Doğrudur, Qafqazda çox qəribə hal var; amma tək bir Tiflis deyil, Qafqazın Bakı şəhərində də qəribə bir xasiyyət var ki, hər bir əhli-qələm Bakı şəhərinə daxil olur, bir kəlmə söz ilə də, bir işarə ilə də istəmir “cərgədən” bir qədəm kənara çıxsın və yazdıqlarını əvvəl bir qoyur qabağına və öz-özü ilə məsləhət eləyir ki, “görüm bu yazdıqlarım qoçu-başılarına, mərsiyəxanlara və qəssablara xoş gələcəkmi?”. Elə ki, görür “xoş gələcək” – götürüb verir mətbəəyə ki, düzüb çap eləsinlər.
Bu sözlər dəlilsiz deyillər.
Məlum şeydir ki, alimlərimiz və şöhrətli yazıçılarımızın çoxu Bakıdadırlar. Tiflisdə və qeyri şəhərlərdə ancaq Mirzə Fətəli və Şahtaxtinski kimi xırda-mırda yazıçılarımız olub. Nə vaxt Bakıda təzə söz, təzə bir fikir, təzə bir məsələ ortaya qoyulub? Tutaq ki, bu məsələləri qalxızanlar “hər bir yerindən qalxan olub”, bəs məsələlər özləri necə?
Biz inana bilmərik ki, məsələn, hicab məsələsini Hüseynzadə cənabları o cür başa düşür, necə ki, içində yaşadığı Bakı camaatı? Amma Bakı camaatı bunu bilmir; o səbəbə bu barədə Hüseynzadə cənablarını da öz “cərgəsində” görür.
Qızlarımızı 9 yaşında ərə verib, məktəb əvəzinə bir pəhləvanın otağına köçürtmək məsələsi düşüb. Nə danışıblar bu barədə Bakı alimlərimiz? Yoxsa bunlar hamısı xırda işlərdir? Tiflis “yerindən qalxanları” əlifba məsələsi başlayıblar. Başlayanlar hələ heç, bəs məsələnin özü necə?
Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməyinə fitva vermir; ondan ötrü ki, Bakıda otura-otura belə sözü birdən-birə danışmaq olmaz. Bakıda ancaq müəllimlərin kitablarının bir neçə qüsurunu bəhanə eləyib Abdulla Cövdətdən izn almamış yazdıqları kitabın üstünə çəkmək olar.
Biz buna təəccüb eləmirik. O şey ki, biz ona təəccüb edirik – budur:
- Əgər yer üzündə cəmi millətlərin əlifbasını qabağımıza qoysaq, baxıb görərik ki, qədim farsların “mixi” yazılarının, hindlərin “divanaqari” əlifbasının, yaponların “katakana” əlifbasının, ermənilərin, yəhudilərin, rusların “kiril” əlifbasının və bütün Avropa əlifbalarının içində tək bircə biz işlətdiyimiz “nəsx” (ərəb) əlifbasıdır ki, başda yazılan hərflər bir cür yazılır, ortada bir özgə cür, axırda bir özgə cür və əlahiddə yazılanda da bir cür yazılır. Mən elə qanıram ki, bu cür əlifbanın sahibi bəlkə “heroqlifə” də gərək şükür eləsin.
Təəccüb ki, Hüseynzadə cənabları bu barədə bir söz danışmır!..
Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib”; amma bizim imlaya heç olmasa “bir az əcib” də demək istəmir. Bunun eybi yoxdur. Bizə mümkündür bu şəkdən çıxmaq; amma bu cür təzə xəbəri verən gərək unutmaya ki, indi “Tərəqqi”də bu mücdəni eşidən uzun ətəklər çıtmıq çalıb oynayırlar.
Hüseynzadə cənabları deyirlər ki, əlifbanın çətinliyi tərəqqiyə mane ola bilməz və buna da yaponiyalıların mədəniyyətinin “övci-balayə” çıxmaqlarını dəlil gətirir. Əvvələn, məqalə sahibi oxuculardan bunu gizlədib ki, yaponiyalılar bu saat bu fikirdədirlər ki, qədim əlifbaları ilə yazılmış kitablarını cırıb yandırsınlar və “latın hürufatını işlətməyə başlasınlar (Qranatın qamusül-əlamı, cild 8, səhifə 5346). Bundan belə anlaşılır ki, hələ yaponiyalılar “Övci-balayə” çıxmayıblar; çünki indi övci-baladə olmuş olsalar, elədə təzə əlifbanı qəbul eləyəndən sonra gərək uçub qalxalar havaya. Saniyən, tutaq ki, mən gördüm mənim yoldaşım ayağında zəncir “bir fənd” ilə çıxıb bir divarı aşdı o tərəfə, məgər dəxi mən ayağımdakı zəncirdən xilas olmağa gərək çalışmayam?
Əlifbanı akademiyalar dəyişməz və əsərlərini Əbdülhəmidxan Saniyə “təqdimi-naçizi-übudiyyətkaranə” edən Şəmsəddin Sami kimi “ərbab bulunan zəvat” dəyişməz. Ərbablar və akademiyalar əlli və yüz ildən sonra görəcəklər ki, Mirzə Fətəlilər, “qospodin” Şahtaxtinskilər yuxudan gözlərini açan qırmızı saqqallıların himmətilə əlifbanı dəyişiblər. Tutaq o vədə akademiyalar və “ərbablar” bir az güləcəklər; amma belə işlər tarixdə görsənən bir haldır; XVII əsrdə ən şöhrətli təbib professor Riolan inana bilmirdi ki, Qarvey kimi bir naməlum şəxs bədəndə qanın hərəkətinin qanununu və hikmətini kəşf edə bilər (Pisarevin “Əsərləri”nin 4-cü cildində, 474-cü səhifədə belə təmsillər çoxdur).
Bu sözləri yazandan sonra biz özümüzü borclu bilirik bunu deyək ki, “İkinci il” kitabının Hüseynzadə kimi bir ədibin tərəfindən tənqid olmasına biz kitab sahibləri ilə bir yerdə hər halda təşəkkür etməliyik və haman tənqiddə göstərilən qüsurların bir neçəsini təsdiq eləyirik.
Bu bəsdir.
Dəxi bu barədə bundan artıq danışmağa məcmuəmizdə yer yoxdur.
Lakin ümidvarıq ki, yoldaşımız Nemanzadənin bu xüsusda dəxi təfsilli cavabını oxucularımız “Tərəqqi”də oxuyalar.
“Molla Nəsrəddin”, 15 fevral 1909, № 7
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-zencir-2
Use ← → keys to move, R for a random poem
More by this author
Mən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.
PyatiqorskHələ yenə nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər.Ax, namərdlər! Ax, nainsaflar! Məgər görmürsünüzmü ki, otuzqırx il bundan qabaq millətimiz nə halda idi, indi nə haldadır? Məgər kordur gözləriniz?
Dili tutulubGöyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:
ŞükürBir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.