Hər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.

Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər.

Bir istədim dinməyim, bəlkə hürüb-hürüb yorulalar və oxucularımız da görürlər ki, çoxdandır guşədə əyləşib bir söz danışmıram. Nə qədər istədim dinməyim, – olmadı!

Axır bu haramzadalar bizdən nə istəyirlər? Yəni deyirlər elmimiz artsın? Çox əcəb, elmimiz artdı, bizim təbiblər də başladılar Erlix həkimin altı yüz altıncı davasını naxoşların canına tökməyə. Amma bilirsinizmi bunun mənası nədir? Bunun mənası odur ki, Allahın bəlasına gəlmiş kafir Erlix həkimin donquz yağından, nə bilim bəlkə it yağından qayrılmış və çaxır ilə qarışmış davasını həkimlərimiz başlasınlar müsəlmanların pak və müsəlman bədənlərinə töküb naxoşları kif azarından xilas eləsinlər, guya ki, nəuzübillah, nə Allah var, nə onun bəndələrindən xəbəri var, guya ki, nəuzübillah. Məhəmmədli şah göyə qalxıb, Allahlıq iddiası eləyir və biçarə Allahın başını elə qatıb ki, yazığın yadından bəndələr də çıxıb, onların naxoşluqları da çıxıb.

Guya, xudanəkərdə kif azarlılarının ölməyi, dirilməyi napak erlixlərin əlindədir.

Elm, elm, bu sənə elm! Dəxi sözün nədir?

Yoxsa deyirsən ticarətimiz artsın?

Bəli, nə eybi var, artsın! Yəni sənin sözün budur ki, tacirlərimiz islam millətlərinə kifayət eləməyib ticarətlərini Avropa şəhərlərinə yetirsinlər və oralardan mal gətirib, mal aparsınlar?

Çox gözəl! Yəni sənin sözündən bu çıxırmı ki, müsəlman qardaşlarımız bir qədər dünya mənfəəti adına məcbur olsunlar aylarla nacins insanların içində qalıb onların murdar pişmişlərini və erməni çörəklərini yesinlər?

Ticarət, ticarət, bu da ticarət.

Yoxsa mədəniyyətdən danışırsan! Yəni Yaponiyadan ki, artıq olmayacaqsan? Amma Yaponiyanın nə vecinə; Yaponiya vəziri-muxtarı rus, ya fransız vəzirinin evində əcnəbi təamı yeməkdən qorxmur; çünki yaponiyalı nə anlayır din nədir, şəriət nədir! Amma ay müsəlman qardaş, sən necə razı olarsan ki, sənin müsəlman qardaşın adını diplomat, nə bilim nə zəhirmar qoyub, getsin kafirlər içində axirətini dünyanın beş günlük quru şöhrətinə satsın? Hamı mərhum Müzəffərəddin şah ola bilməz ki, Avropa səfərinə gedəndə hətta özü ilə mərsiyəxan aparmışdı və Vena şəhərinə çatan kimi sədri-əzəm Mirzə Əli Əskərxan hökumətə yazı ilə xəbər vermişdi ki, rəməzan ayı qurtarmayınca, şah min rükət nafilə namazını əda etməyincə, heç bir kəslə görüşməyəcək.

Avropa qəzetləri bu xüsusda şirin məqalələr yazmışlar.

Bu da sənə mədəniyyət!


Yoxsa qızlarımızın oxumağından dəm vurursan?

Bax, bir qulaq as, gör sənə nə deyirəm. Sən indi hazırsan sübuta yetirəsən ki, qızların oxumağı vacib bir əmrdir. İndi gör mən sənə nə deyirəm. Belə tutaq ki, qızın oxudu oldu basavad; yəni əli qələm tutan, oxuyan ya yazan. Belə tutaq ki, bir gün sənin qızın bir kitabçı dükanına gəlib gördü ki, kitabların içində üç dənə gözəl cildlənmiş kitab var. Birini aldı əlinə ki, görsün nədir, baxıb gördü ki, başdan yekə hürufat ilə yazılıb: “Kəşfül-həqayiq”, təfsiri-qurani-şərif, Azərbaycan dilində, ikinci cild, müəllifi və naşiri: əqəllül-üləma Mir Məhəmməd Kərim, sədri-qubernski məclis və qaziyi-şəhri-Bakı.

Sənin qızın haman kitabın 587-ci səhifəsini açsa görəcək ki, qaziyi-şəhri-Bakı Mir Məhəmməd Kərim ağa bir şirin rəvayət başlayıb; bu rəvayət bir kişi ilə bir arvadın zina eləməyi barəsindədir.

Yazılıb ki, xəlifeyi-sani Ömər ibn Xəttab zamanında, Müğeyrət ibn Şəbə Bəsrədə vali olan zamanda Ümmcəmil Hüccac ibn-Ətikin arvadı ilə zina elədi; yazır ki, bunu dörd qardaş gördü və bunların hər birisi gördüklərini nə cür və nə təfsil ilə şəhadət etdilər.

Qazı cənabları bu əhvalatı çox şirin nağıl eləyir; o qədər ləzzətli rəvayət edir ki, hər bir on yaşında müsəlman uşağı oxusa, atasının yanına gəlib deyəcək: “ata, məni evləndir, dəxi mən elmli və təcrübəliyəm, dəxi uşaq deyiləm, çünki Mir Kərim ağanın quranının təfsirində kişi ilə övrətin yatmağının və müqaribət eləməyinin hər bir əməlini və hər bir təfsilini öyrəndim, dəxi zifaf gecəsi mənə təlim vermək üçün yengə-zad lazım deyil”.

Mir Kərim ağa bu işlərin cəmisini adbaad yazıb: yəni əvvəl nə eləmək lazımdır, sonra nə eləmək lazımdır.

Xülasə, hamısını da utanıram deməyə, amma qazı cənabları nədənsə utanmayıb.

Sözümüz yoxdur ki, Hacı Zeynalabdın cənabları xərc çəkib, Qazı Mir Kərim ağanın təfsirini çapdan çıxardıb ki, satılan kitabların pulu qazıya çatsın; amma biz bunu deyirik ki, əgər bu təfsiri millətimiz üçün hacı cənabları mənfəətli bilirsə, qoy elədə razı olsun həmin kitabı bir nəfər Allah bəndəsi vursun qoltuğuna, gəlsin cənablarının əhli-xanəsinin içində yuxarıda ad verdiyimiz 587, 588-ci səhifələri oxusun. Əgər hacı cənabları razı olsa, o özgə bir işdir. Amma razı olmasa (və yəqin ki, razı olmaz, çünki heç bir həyalı üçün razı ola bilməz), bəli, əgər razı olmasa, o vədə biz məsləhət görürük ki, hacı cənabları qazını çağırıb desin:

– Ağayi-mən, zina iki qismdir: biri zinayi-qeyri-mühəssən, birisi də zinayi-mühəssən.

Yazıçılıqda da zina iki cürdür: biri zinayi-qeyri-mühəssən, biri zinayi-mühəssən. Mənası budur: müqəddəs bir kitabın səhifələrində fahişəxanalarda danışılan sözləri yazıb çapa vermək – qələm zinasıdır.

Balaca oxucularımızdan üzr istəyirəm!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 10 iyul 1911, №25

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pulların danışığı

Əgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.

1 min
Ərzaq vergisinin nöqsanları

Bu sözü biz demirik, bunu “Bakı fəhləsi” qəzeti 33-cü nömrəsində yazır. Yazır ki, keçən ilin naloq işləri bir neçə nöqsanlar ilə keçdi. Lazımdır tədbir tökmək ki, bari bu üzümüzə gələn il haman nöqsanlar dəxi təkrar olunmasın.Bu sözü haman yuxarıda söylədiyimiz qəzet deyir, biz demirik. Vəbalı deyənin boynuna.

2 min
Əslinə mütabiqdir

Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.

1 min
Təbiət

Üfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir.Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır.

1 min

Poems by other poets · Satire