Birinci hissə, yeddinci fəsil
Page 2 of 3 · 33%
– Partkoma dair nə qulluğunuz?
Səttarzadənin nəzəri stol dalında, divarda qırmızı və müstəqil bir şüşə üstündə zər ilə yazılmış "katib" sözünə sataşdı. Kürsünü yaxına çəkib başladı:
– Yoldaş partkom, zəhmət də olsa, yanınıza xüsusi bir məsələ üçün gəlmişəm. Mənim qızım institutda oxuyur, ikinci sinifdə.
– Səttarzadə Rübabəmi?
– Bəli, Rübabə.
Bu cavabı eşidəndə, ceyran ovlamış ovçu kimi, Gəldiyevin gözləri parıldadı. Özünü güc ilə təbəssümdən yığıb ciddiliyini saxladı. "Görüm, - dedi - aşnam nə deyəcək".
– Yoldaş partkom, mən özüm sənət cəbhəsinin adamıyam. Varım-yoxum bir qızdır. Arvadların sözü olmasın, nəzir-niyaz ilə böyüdüb bu yerə gətirmişəm.
Gəldiyev ürəyində təəssüf elədi, özünü söydü; "A zalım oğlu, niyə stenoqrafistden, katibdən saxlamırsan, kişinin ağzından qızıl kimi söz düşdü. Nəzir-niyaz! Bax elə bu sözə də şahidim olsa Səttarzadənin abrını ətəyinə bükərəm. Amma de gəl, sabah danacaq da..."
Səttarzadə Gəldiyevin ah-ufunu, vurnuxduğunu gördü; bir şey axtardığını güman edib dayandı:
– Deyəsən keyfsizsiniz?
Gəldiyev xahiş elədi:
– Xeyr, siz buyurun, buyurun!
– Bu institutdan qulağıma ayrı sədalar gəlir.
– Kimin sədaları? Nə sədalar?
– Əlbəttə, sizin bəzi tələbələrin sədaları, sizin işçilərin sədaları...
Adına yaraşmayanların sədaları. - Səttarzadə təzə xəbər ifadə edən bir səslə soruşdu:
– Gəldiyev kimdir sizdə?
Geldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı:
– Var bir eləsi.
Katibin "bir eləsi" deyə, Gəldiyev familiyasını etinasız qarşılaması Səttarzadəyə cəsarət verdi:
– Yoldaş partkom, mən təəccüb eləyirəm, siz eləsini niyə beləsində saxlayırsınız? - əllərini geniş açaraq bütün institutu göstərdi. Böyük bir mədəniyyət ocağında at oynatmağa qoyursunuz! Rübabənin anası ölən gün qıza yaxınlaşıb ki, gərək iclasa gələsən. Biz də bilirik, iclas lazımdır, iclassız iş keçmir. Axı bir vaxtı var. Qız yazıq fəryad içində, yar-yoldaş, qohum-əqrəba təsəlli verir, bu yandan da, bağışlayın məni, bu zırrama əl çəkmir. Axırda telefonda acıqlanmışam, qayıdıb mənə nə desə yaxşıdır?
Gəldiyev gülümsədi:
– Nə dedi? "Məsələsini qoyarıq", hə?
– Sizin canınız üçün, elə lap belə dedi! Görünür qulağınıza çatıb. Bir həyasızlığa bax ha! Gəlmişəm görəm partiya komitəsi bunları bilirıni? Buna nə deyir? Sonrası da... Səttarzadə duruxdu, başım aşağı salıb dedi: - Partkom otağıdır, burada demək olar. Həmin o Gəldiyevdir, Getdiyevdir, nədir, qızda təmənnası var, əl çəkmir. Bax budur burda... – Səttarzadə şəhadət barmağını stola döydü: - Burda, partkomun qabağında deyirəm: nə qədər gəldiyevler öz yerində oturmayıb, nə qədər ki, təşkilat belələrinin qabağını almayıb, mən qızımı buraxmayacağam! - Səttarzadə bir az da ürəkdən dedi: - Canım, bu da köhnə Bakı qoçuları-zad olmadı ki, mənə!
Gəldiyev dedi:
– Siz niyə qızınızı gün işığına buraxmaq istəmirsiniz?
– Çünki rahatlıq vermirlər.
– Gəldiyev adam yeyən-zad deyil ha... Bir oğlandır, bəlkə Rübabəni istəyir. Bunu sən kimə qadağan edəcəksən? Qız ağacı, qoz ağacı...
– Xeyr, bağışlayasınız. İstəyir, cavabını da alar. Ancaq məktəbin təşkilatından istifadə edib, qızı qorxutmaq olmaz! Hədə gəlmək yaraşmaz!
– Nə bilirsiniz, bəlkə cavabını alıb, ona görə yaxınlaşır.
Səttarzadə rədd elədi:
– Xeyr, mənim qızım eləsinə cavab-zad verməz.
– Səhviniz də buradadır. Bağışlayın məni, yenə köhnələr kimi düşünürsünüz, bir gənc komsomol qızın azadlığını əlindən almaq istəyirsiniz.
Səttarzadə onun sözlərindən daha da hiddətləndi. Xüsusən, "köhnələr" deyəndə, Gəldiyev nəzərini kişinin ağarmış saçlarına salmışdı. Səttarzadə bunü seçmişdi. Düşündü ki: "Bu ya Gəldiyevin tayıdır, ya Gəldiyev bu hərifi doyurub, mən deyənə inanmayacaq".
– Hər hökmünüzdə belə cəsarətli olsanız vay bizim gənclərin halına! Mən qızımı uğursuz təsadüfdən qorumaq istəyirəm, siz mənim üstümə çaxır səpirsiniz. Aşkar çaxır səpirsiniz. Nə oldu azadlığın qədrini biz bilmədik?! Siz əgər gözünüzü açıb dünyanı süd gölündə görmüşsünüzsə, biz gözümüz ilə od üfürmüşük. Məhkumluğun acısı hələ də damağımızdan getməyib. Hansı axmaq uşağının sərbəstliyini, səadətini istəməz! Bu nə sözdür?!
– Yox da, yoldaş Səttarzadə, vkus müxtəlifdir. Bəlkə sizin sluçayrıi saydığınız adam qızınızın xoşuna gəlmişdir, bəlkə ürəyi tutmuşdur...
– Qızım xoşuna gələn adamdan şikayət etməz. Bir də evlənmək onun heç xəyalından keçmir. Fikri-zikri məktəb, dərsdir, gecə-gündüz kitab...
– Səttarzadə belə rəsmi bir yerdə qızından danışmağa məcbur olmasına sıxıldı, hirsindən susdu. Birdən tapança kimi açıldı: - Təəccüb eləyirəm!.. Elm ocaqlarımızda bəziləri nə ilə məşğuldurlar! Havaxtacan müsəlman balalarının əlindən dad çəkəcəyik? Canım, mən qızımı da, oğlumu da institutda görmək istəyirəm, buna mane olanlar gərək rüsvay edilsin!
– Bilirsiniz, yoldaş Səttarzadə, bunlar hamısı düzdür. Elm öz yerində. Necə deyərlər, cavanlıq da öz yerində. Ziyalısınız, yaxşı bilirsiniz ki, bizim elm köhnə elm kimi gənclik hisslərini öldürmür, daha da dirçəldir.
– Siz məni qəsdən yana çəkməyin. Biz anadan qoca doğulmamışıq. Gəncliyi görmüşük. Biz də görmüşük. Başqa xalqların necə elm-ədəb öyrəndiyini də görmüşük! Onlara da baxmaq xeyirsiz olmaz. Ali təhsil görməyən piyadadır.
– Təhsilə baxmaz. Mənim bir bibioğlum var, on altı ildir oxuyur, adını yurist qoyub, hələ də məlum deyil ki, nə yuvanın quşudur.
Amma bir bacıoğlum var, texnikumu qurtarmamış böyük qulluğa çatıb, orden alıb.
Səttarzadə Gəldiyevin döşündəki MOPR nişanına baxıb dedi:
– Yaxşı igid dayısına çəkər.
– Məsələ ondadır ki, necə oğlandır.
– Elə deməyin, mühit adamı korlaya bilər. Pis yoldaşdan gələn bəla şeytandan da gəlməz. Doğrusu mən Rübabəni bu institutda qoymağa qorxuram. Eşitdiyimə görə, Gəldiyev xuliqanvarı bir şeydir, nə lazım...
– Siz belə deyirsiniz. Həmin Gəldiyevin Rübabədən şikayətini eşitsəniz nə deyərsiniz? Qızınızın gecə saat 9-da, 10-da Gəldiyevin qapısına getdiyini, onun ailə həyatına qarışınaq istədiyini desələr, inanarsınız? İnanarsınız, ya yox? Bizdə material var, material!
Gəldiyev bunları qəti səslə söyləyib, Səttarzadənin gözünün içinə baxdı. Səttarzadə heç bir şey eşitməmiş kimi sakit dayandı:
– Bu böhtanı da Gəldiyevmi düzəldib?
– Düzəltməyiblər, belə şey olub, fakt!
Səttarzadə başını tovladı:
– Siz məni doğma qızım ilə ləc salmaq istəyənlərin iftirasına uymayın, yoldaş! Bunlar hamısı Gəldiyevin fırıldağı olacaq! Xahiş edirəm Rübabəni o yolun adamı bilməyəsiniz. Mənim qızım iki kəlmə danışanda xəcalətindən qızarır. Siz gərək belə dedi-qoduların sahibini yaxalayasınız, qabağını almaq borcunuzdur. Bütün məktəb bilir, o abırsız oğlu qızı necə hədələyir. Mən təvəqqe eləyirəm, təşkilat bu məsələyə son qoysun. Yoxsa mən Rübabəni Moskva institutlarından birinə dəyişməli olacağam.
Gəldiyev dəftərinə iki sətir yazdı:
– Yoxlayaram, ancaq siz də qızlara o qədər arxayın olmaym. İndi ki, söz gətirdi deyim: Gəldiyevdən çox-çox qabaq onun şuşalı bir oğlan ilə yaxınlaşması haqqında institutda danışıq gedirdi. Hərçəndi elə bir şey yox idi, məsləhət görmədik ki, sizi narahat eləyək. Hər halda qab düşməsə, cingilti çıxmaz.
Gəldiyevin bu sözü tutdusa da Səttarzadə pozulmadı:
– Tanıyıram şuşalı oğlanı! Onun bizə get-gəli var. Kim buna pis məna verirsə, özünə gülür.
– Mən özüm üçün qeyd götürdüm, baxaram. İndinin gəncləri, elə mən özüm də içində, görürsən bir eşqə düşürlər, sonra soyuyurlar. Bir gün biri ilə, sabah başqası ilə evlənirlər. Bilirsən, həyat şən, insan azad, nə kefı istəyir, eləyir. Köhnə vaxt deyil ki, deyəsən: göbəyin bu oğlan ilə kəsilib. İndi deyir, istəmirəm, vəssalam. Elə şeylər bizim başımıza çox gəlir. Çalışdığımız budur ki, arada bədbəxtlik olmasın.
Kim-kimi istəyirsə ona getsin, istəmir getməsin, maneçilik nəyə lazım.
Səttarzadə təəccüb elədi:
– Axı institut ZAQS bürosu deyil ki, yoldaş katib?
– İnstitut eyləndirmir, gənclər özləri evlənirlər. Biz də, necə bir sovet adamı, onların yeni həyat qurması üçün şərait yaradırıq.
– Yeni həyat kişi ilə qadının tapışmasından ibarət deyil! Biz övladımızı ali məktəbə oxumağa, təhsilə qoyuruq, evlənməyə, ər, arvad seçməyə yox!
– Bunları bir-birindən ayırmaq olmaz, oxumaq da, evlənmək də öz yerində, vəhdət var.
Səttarzadə gedəndən iki dəqiqə sonra partkomun qapısı bir də döyüldü. Gəldiyev çıxanda Səttarzadənin qayıtdığını gördü:
– Bura bax! - dedi, - yoldaş, o Gəldiyev evlidir?
– Evlidir, necə məgər? - İndi evlilik ilə subaylıq arasında üç manatlıq bir məsafə var.
Gəldiyev bununla Rübabənin Gəldiyev ilə evlənməsi ehtimalını qüvvətdə saxlamaq istəyirdi. Səttarzadə yenə soruşdu:
– Onun uşağı da var gərək ki!..
Gəldiyevin dodağı qaçdı:
– Hə, qoca, görünür kürəkəninin həyatı ilə əməlli-başlı maraqlanmısan, öyrənmisən.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-aciq-kitab-birinci-hisse-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Yurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Mirzəİki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!