Bu axşamkı vuruşma Aqilin gördüyü ilk və son dəhşət idi. Buna döyüş demək düz deyil, çünki insan öz sıra yoldaşını, yaxın silahdaşını da görə bilmirdi. Dünya kəsif bir tüstüyə çevrilmişdi. Tüstü içərisində isə hələ yanmamış, əriməmiş minlərlə maddələr partlayırdı.

Düşmən çayın o tayında bərkiyib qüvvə toplayır, fürsət gözləyirdi. Komandanlığımız isə atlılara körpünü keçmək, düşmən hissələri arasında vəlvələ salmaq əmri vermişdi.

Hələ gün təzə əyiləndə düşmən tüstü ilə örtünməyə, üfüqləri axşam kimi qaranlıqlatmağa başlamışdı. Bu qaranlıq arxasında, aydındır ki, tədbir görülür, hiylə qurulurdu. Macal verməməli idik. Qızıl süvarilər yürüş əmri alanda bulud içindən şığıyan ildırım kimi, çapıb getdilər. Enli taxta körpü, deyəsən, zavod atlarının dırnaq səsi və qaçışından vahiməyə düşmüşdü. Bütün bəndləri titrəyirdi. İki dəqiqə keçmədi ki, gurultu ilə göyə qalxdı, ortasından parçalanıb suya töküldü, sakit və yavaş axan suyu quyruq kimi kəsib parçaladı, çayı aşağı-yuxarı təlatümə gətirdi. Hava barıt, tüstü, yanıq, rütubət iyi ilə doldu.

Aqil düşmən minasının törətdiyi bu mənzərəni görmədisə də, eşitdi, hiss etdi. Lakin geri baxmaq, düşünmək vaxtı deyildi. Aqil düşmənin piyada hissələri ilə qabaqlaşan ilk atlılardan idi. Onun qılıncı qarışıqlıq içində vurnuxan düşmən soldatlarını biçir, vəfalı kəhəri isə külək kimi ötüb-keçirdi. Düşmənin topu da, pulemyotu da, avtomatı da dillənmişdi. Tanklar, təyyarə motorları səs-səsə vermişdi. Ancaq qaranlıqda bunların heç biri süvariləri hədəfə ala bilmirdi.

Aqil düşmən hissələrinin lap dərinliklərini pozmaq üçün çapdıqca çapır, qılınc oynadırdı. Bəzən atın yalına yatır, bəzən qarnının altına enərək atəşdən qorunur, yəhər üstünə qalxanda isə ayrı bir qüvvətlə şığıyırdı.

Aqil kəhərin yerişindəki ləngəri görəndə atın yaralandığını anladı. Əlini heyvanın sağrısına, başına, yalına sürtdü, döşünə sürtəndə əli isti və al qana boyandı.

Aqil endi, əziz kəhərini cilovlayıb meşəyə yayınmaq istədi. Atın bir qıçı şikəst olmuşdu, axsayırdı, hər addımda ah çəkən kimi, ağır nəfəs alırdı. Aqil onu güclə ağaclar arasında, dalda bir yerə gətirdi.

Artıq gec idi. Ay seyrək buludlar arxasından gah görünür, gah gizlənirdi. Atışma isə daha da şiddətlənirdi. Yaxında almanların komanda, söyüş, qışqırıq səsləri eşidilirdi. Süvarilərdən xəbər yox idi.

Aqil indi bildi ki, atlılarımız düşmən səngərlərini ötüb N. şəhərini tutmuşlar, düşmənin buralardakı tör-töküntüsünü təmizləməyi sonraya qoymuşlar. Düşmən soldatlarının özünü itirməsi, əsəbi söyüşləri də bunu təsdiq edirdi. Onlar çəkilib aradan çıxmağa çalışırdılar.

Ancaq Aqil zənnində yanılırdı. Düşmən arxada və şəhərdə olan qüvvəsini də buraya, meşəliyə tərəf çəkir, qızıl süvarilər şəhərə girdikləri zaman münasib vaxt tapıb qəfildən hücuma keçmək istəyirdilər. Aqil tüfəngini əlinə alıb açıqlığa, cığıra sarı yönəldi, bir arxın dalında gizlənib yolun üstünü kəsdi. Bir də gördü ki, bir-birinin dalınca 7-8 nəfər soldat gəlir. Soldatların əllərində patron yeşiklərimi, ya nə isə yükləri var. Aqil səbirli ovçu kimi, şikarını lap yaxına buraxdı, sonra dirsəyini yerdə bərkidərək, silahını dilə gətirdi. Düşmən soldatları yıxılanda aşağı dığırlanırdılar. Cəld tərpəşib yerə yatanlar isə meşəni gülləyə basmışdılar.


Aqil təkliyini və əhatə edilə biləcəyini düşünərək, gülləyə qənaət etmək və düşmənə yerini bildirməmək üçün daha güllə atmadı və bir xeyli fikirləşdikdən sonra "yolçu yolunda gərək" deyib ayağa qalxdı. O indi təpəciyin dalından, meşənin qurtaracağından ötüb öz səngərimizə sarı yol almaq istəyirdi. O, sübhün açılacağından, yol getməyin mümkün olmayacağından qorxur və tələsirdi...

Birdən meşənin ətəyində, seyrək ağaclıqda bir hənirti duydu. Diqqətlə qulaq asdı, adam səsi eşitdi. Burada, bu yaxınlarda alman soldatlarının məskən saldığını yəqin etdi. İstədi geri qayıtsın. Bir də düşündü ki: "Belə fürsət ələ düşməz, sən nə qayırırsan! Yeri gör, kim var? Nələri var? Bir xəbərlə qayıt! Əliboş hara gedirsən?"

Sanki, Aqilin yerişini duymuşdular. Birdən-birə danışıq kəsildi, heç nə eşidilmədi. Aqil durduğu yerdə donub qaldı. İstiqamət almaqda çətinlik çəkirdi. Beş dəqiqə gözləməmişdi ki, soldatlardan birisinin öskürməsi ilə düşmənin olduğu tərəf aydınlaşdı. Yenə səs gəldi. Aqil astarı ağ və qara dəridən olan gödəkçəsini çıxarıb tərs geyindi. Özünü ay işığında ala-bula görünən meşə kölgələrinə oxşatdı. Ehmallıca, səs salmadan, hərdənbir az sürünməyə, düşmən soldatlarına yaxınlaşmağa başladı. O qədər yaxınlaşdı ki, oturanlardan birinin başını aşkar gördü. Ağac dibində yeşiyə oxşar qara bir şey var idi. Birinin kənara tulladığı şev yerə düşüb səslənəndə Aqil bildi ki, konserv qutusudur, həriflər yeməyə oturublar.

Aqil dizini yerə qoyub silahına "qoyma!" dedi. Soldatların içinə bir qışqırma düşdü ki, deyərdin, cücəli toyuq qaraquş görüb!

Qaçıb yol arasında səngərlənən soldatlar partizan dəstəsinə rast gəldiklərini güman edib atəş açdılar. Aqil artıq güllə sərf etməyib, buradan da geri qayıtdı.

İndi faşistlər hər iki tərəfdən meşəni atəşə tutmuşdular. Hər iki tə rəf qarşısındakı atəşin uzaqlığını görüb irəliləyir, "partizanları" tutmaq istəyirdi. Aqil dalda bir daşın altında oturub müşahidə edir, atışmanı dinləyirdi. Səhərə lap az qalmış, dan yeri ağaranda atışan hissələr meşənin ən sıx yerində üz-üzə gəlmişdilər. Onlar bir-birini amansız döyür, məhv edirdilər. Gün çıxanda cəsarətli bir faşist "fürerini" köməyə çağırıb, qabaqdakı səngərə atıldı. Atıldığı ilə vurulduğu bir oldu. Ancaq onu vuran soldat gördüyünə inanmaq istəmədi. Faşist zabiti əmr verib atışmanı dayandıranda, hər iki tərəfin adamları qabaq-qabağa durub heyrətlə bir-birinə baxanda Aqil sıx yarpaqlı qarağacın başında əli tüfəngin tətiyində oturub gülümsəyirdi. Bu vəziyyət hitlerçiləri həddindən artıq qəzəbləndirdi. Onlar ölüləri bir-bir yoxlamağa, düşmən axtarmağa başladılar. Ölülərin hamısı xalis faşistlər idi. Qara, hündür, papaqlı, qolunda faşist nişanı olan bir zabit soldata qışqırıb, nə isə bir əmr verdi. Onlar ətrafa dağıldılar. Yəqin ki, axtarış gedirdi.

Aqil isə qarağacın başında özünü güclə saxlayırdı. O, gah düşmən soldatlarını atəşə tutmaq istəyirdi, gah ötən gecə yarada bildiyi vəziyyəti təkrar etmək tədbirini düşünürdü, gah da düşmən soldatlarının komalaşmasını gözləyirdi ki, onları bomba ilə qırsın. Hərdən də ürəyi dözmür, ağac başından zabitin belinə tullanıb başını əzmək istəyirdi.

Soldatlar Aqilin atını tapdılar, yəhər-əsbabını soyub gətirdilər. Zabit daha da bərk qışqırdı:

– Bu atın sahibi var imiş, ya yox? Bolşevik atı öz-özünə gəlib bura çıxmaz! Yaxşı axtarın, meşədə partizan var!

Zabit bunu deyib aşağıya, yola tərəf yönəlmək istəyirdi. Aqil yəqin etdi ki, bir də onu belə aşkar, hazır bir yerdə yaxalamaq mümkün olmayacaqdır. Burada fürsəti əldən vermək cinayətdir. Bir istədi, güllə ilə zabitin kürəyini qızışdırsın. Sonra düşündü ki, hərəsi bir yana yayılacaq, komalaşmaları bir də keçmiş ola! Gülləni hər zaman, hər yerdə atmaq olar.

Aqil tüfəngini yavaşca budaqdan asdı, bir əli ilə ağacdan bərk yapışdı, o biri əlindəki qumbaranı faşist topasına tulladı.

Deyəsən, baş zabit hənirtidənmi, ya Aqil budaqda yerini möhkəmlədərkən tərpətdiyi yarpaqların səsindənmi bir şey sezmişdi, istədi, ətrafa göz gəzdirsin, tapançasına əl atsın. Aqilin qumbarası heç kəsə aman vermədi. Ağac gövdəsinə dəyib elə partladı ki, deyəsən yer yerindən oynadı. Baş zabit ilə 7-8 soldat yerə sərildi. Bomba parçalarından biri də Aqilin baldırını sıyırdı. Daha bundan sonra ağac başında oturmaq olmazdı. Aqil özünü yerdə vurnuxaraq, tüfəngdən atəş açmaq istəyən bir soldatın üstünə atıb, onun da nəfəsini kəsdi. Sağ qalan faşistlər dərhal qarağac olan yeri mühasirəyə aldılar. Aqil öldürdüyü soldatın patronlarını soyub atışmağa başladı. Düşmən gülləsi Aqili çiynindən, sonra da əlindən yaraladı. O, yaralarını görmür, taqətdən düşdüyünü hiss etmirmiş kimi, atışır, dörd tərəfdən yağan güllələrə cavab verirdi. Hər iki tüfəngin patronu qurtarmışdı. Aqil süngüsünü hazırladı. Ancaq bilirdi ki, düşmən üstünə atılmağa qüvvəti qalmamışdır. İllah da susuzluq onu boğurdu. Bütün vücudu od tutub yanırdı. Ona elə gəlirdi ki, dilinə bir içim su dəysə, qolu elə qüvvətə gələr ki, bir bölük faşist də onun qabağında dayana bilməz. O, sönməz kin və qəzəblə alovlanan gözlərini irəliyə dikib, bu saat üzərinə atılacaq olan faşisti parçalamaq üçün hazır durmuşdu. Nədənsə faşistlər gəlmirdilər. Atışma da seyrəlmişdi. Deyəsən, sağ tərəfdən bir nəfər də atmırdı.

Aqil güman etdi ki, onu xam salmaq istəyirlər. "İstəyirlər mən başımı qaldırım, vursunlar." Bu xəyal ilə Aqil öz mövqeyində dayanmışdı. Bir də çaparaq gələn at ayaqlarının səsini eşitdi. Qızıl süvarilər qarağac olan yerə çatanda Aqil son dəqiqələrini yaşayırdı. Qan onu aparmışdı. Canında yalnız sönməyən bir məhəbbət, döyüş ehtirası, döyüş alovu qalmışdı. Gözlərində alışan, dodaqlarında təbəssümə dönən də bu alov idi. Yoldaşlar qəhrəmanın önündə kədərlə baş əyəndə Aqilin dodaqları tərpəndi: "Vətən!"

Aqilin cismani həyatı böyük mənəvi bir həyatla əvəz olundu. O, vətəndaşlarının qəlbində fərəhlə, iftixarla yaşamağa başladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets