Ağsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.

Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.

Düzənliyə enib Ağsu kəndinin tozlu küçələrinə çatanda susuzluq duyursunuzsa, maşını dayandırıb sıx ağaclı, hasarlı bir həyətin qapısını döyürsünüz.

– Ay ev yiyəsi, bir stəkan sərin su olarmı?

Ürkək və utancaq kənd qızları nabələd qonağı görən kimi "bu saat" deyib budaqları bir-birinə sarmaşan nar, heyva, gilənar, gilas, armud ağaclarının altında yox olur, bir dəqiqə sonra abı kasada sizə su gətirirlər.

Öz əksinizi göstərən duru, sərin suyu başınıza çəkib məktəbli qızına təşəkkür deyəndə, qızdan ədəblə "afiyət olsun" eşidəndə cürətə gəlib bir xahiş də edirsiniz.

– Qızım, bu kasanı bir də doldurmaq olarmı?

– Niyə olmur, əmi, suyumuza nə gəlib?

Qız içəri qayıdan kimi ucaboy bir qadın kəlağayısını yellədərək qapıya yaxınlaşır:

– İçəri buyurun, qardaş, bizlərdə qonağı qapıda saxlamazlar, keçin içəri!

– Sağ olun, yol keçirik, gedəcəyik.

– Nə olar, gedəndə də gedərsiniz, içəri buyurun, dincəlin.

Kəlağayılı qadın qəti əmr ilə sizi içəri çağırır, kiçik gözləri ilə maşını süzəndən sonra soruşur:

– Gəlişiniz deyəsən Bakıdandı, qardaş?

– Bəli, Bakıdandır!

– Çünki buralara Moskvadan, Tiflisdən də gələnlər olur.

– Yox, biz Bakıdan gəlirik.

– Xoş gəlibsiniz, səfa gətiribsiniz. Bakıda mənim nəvəm oxuyur.

Bəlkə eşitmiş olasınız. Ehtiram!

– Ehtiram?

– Bəli, Ehtiram!

– Harada oxuyur Ehtiram?!

– İnstitutda oxuyur.

– Oğul nəvənizdir, ya qız?

– Qızdan bircəsi var, sizə su verən. Oğuldandı, kiçiyidir, böyük qardaşı aqronomdur, həmişə əkin, tikinti üstündə olur. Qız da, allah sizinkiləri saxlasın, daş-torpağı oxuyur. Yanlarınca fəhlə aparırlar, yeri qazır, intiresni şeylər tapırlar, hər yay dağlara çıxır.

– Bacı, famili nədir Ehtiramın?

Qadın üzünü həyətin lap içərilərinə tərəf tutub, su verən qızdan soruşdu:

– Nədi ağız, Ehtiram nə yazdırır, Həsən qızıdı, yoxsa Qarayev?

Qızdan səs gəlmir. Səs gəlmir, ancaq siz bu sualın üzündən Ehtiramın kim olduğunu öyrənirsiniz?!

Öyrənirsiniz demək də düz olmaz, tanıyırsınız, tanıyırsınız, çünki Ehtiram sizin çalışdığınız institutun tələbəsidir. Yaxşı bilirsiniz ki, üçüncü kursdadır. Özü də hər il yay ekspedisiyalarında iştirak edir. İştirak edir, ona görə ki, siz, lap siz özünüz dekanata göstərib zəmanət vermisiniz ki, "bu zirək qızdır. Kəndləri də pis tanımır, alimlərə köməyi dəyər, briqadaya salın!".

Dekan da sizin zəmanətinizi nəzərə alıb, Ehtiramı kəşfiyyat işinə cəlb eləyib, qızın sevincinin hüdudu yoxdur. Ancaq kəlağayılı qadın bu işlərdən xəbərsizdir. O nə sizin kim olduğunuzu, nə Ehtirama zəmanət verildiyini, nə də işlərinin məhz siz tərəfdən yoxlanıldığını bilir.

Bunların heç birini bilməyə-bilməyə kəlağayılı qadın sizi yarıxoş, yarıcəbr çəkib evə, qonaq otağına aparır ki:

– Maşından nigaran olmayın, baxanımız var, bizim yerlərdə əyrilik olmaz. Əyləşin bir stəkan çay için! Hələ günortadır, dincəlib sonra gedərsiniz.

Əslinə baxsan sizin ,heç yolda dayanıb dincəlmək niyyətiniz yox idi. Bəlkə bu kəlağayılı qadın Ehtiramdan söhbət salmasaydı, siz heç dayanmayacaqdınız. Nəvəsinin sizdə oxuduğunu biləndən sonra siz də istər-istəməz dayanmalı oldunuz, qadının dedikləri ilə maraqlandınız.

Həqiqətən maraqlıdır. İki adamın arasında üçüncü bir adam haqqında söhbət gedir. Özü də danışanların biri kəlağayılı qadın, güman edir ki, siz onun nəvəsini tanımırsınız. Tanımadığınız bir adam haqqında bəs nə üçün söz açırsınız?

O da məlumdur: kəlağayılı qadın Ehtiramı sizə tanıtmaq, həm nəvəsi ilə fəxr etmək, həm də sizin Bakıya qayıdandan sonra Ehtiramı tapıb əhvalatı danışmağınızı xəyalında arzulayır. Siz isə öz təmkinini pozmur, tələbəniz Ehtiram haqqında danışmazdan əvvəl onun ailədə, kənddə, valideyn yanındakı ehtiramını bir növ yoxlamaq istəyirsiniz. Bunun özü pis deyil.

– Bacı, nə dediniz, necə oxuyur, dərslərindən neçə qiymət alır, razısınızmı?..

– Qardaş, qızın oxumağına söz ola bilməz. Bir od parçasıdı.

Deynən! Gecə-gündüz, yay-qış, tətil demə, bayram demə, kitab əlindən düşərmi. Deyirəm, ay ərkansızın qızı saralmısan anqutun çıxıb, yatağa düşəcəksən, bu nədi. Dəftər-kitaba da adam belə aludə olar, sən mənim üçün professor-zad olmayacaqsan ki...

Siz qadının mühakimələrinə gülürsünüz:

– Ay xanım, məni bağışlayın, adınızı da bilmirəm.

– Səltənət!

– Səltənət xanım, nədir bəyəm, qızlardan professor çıxmağına siz inanmırsınız?

– Niyə inanmıram?! Şura hökuməti bunlardan lap yaranal da çıxardar, amma ki...

– Amma niyə?

– Amması var, çünki qız xeylağının bir ayrı yeri var, oğlanın da bir ayrı.

– Qızın oğlandan nəyi əskikdir?!

– Qız, qadan alım, qardaş, tez azır.

– Azmaq nəyə deyirsən, teatr-kinoyamı?!

– Yox, kinoya yox, televizoru özüm də hər axşam evdə qurub baxıram. Ona azmaq deməzlər. Azmaq odu ki, dindən-imandan kənar şeylər.

– Bizim qızlar indi çox ağıllı-kamallı böyüyürlər, Səltənət xanım.

– Kamalına sözüm yox, qudurmasın, azmasın.

– Azmazlar, yox!

– Bax elə Ehtiram, May bayramında gəlmişdi. Yenə dastan başladı.

– Nə dastan?!

– İndi də yeri qurtarıb, göydən başladı. Deyir ki, göydən adam

gəlib.

– Necə yəni?

– Deyir göyə fışənglə adam gedir, bir saatda külli dünyanı dolanıb, xəbər gətirir!

– Səltənət xanım, siz buna inanmırsınız?

– Qardaş, fışəngə barıt qoyarlar, indi də göyə fışəng atırsınız.

– Lap böyük fışənglər atılır, içində maşın, cihaz, adam da gedir.

Bizim alimlər indi elə maşın çıxardırlar ki, doğrudan möcüzə.

– Qız deyir, təyyarəçi oğlan fışəngə oturub göyə gedib. Deyirəm, bəsdi-bəsdi! Ağlın olsun, asi-asi danışma. Qız durub məni başa saldı ki, indi göy aləminə belə deyirlər. Mars belə getdi. Nə bilim, ay qardaş, bu qız göylərdən, ulduzlardan şeylər danışır, quruyub qalırsan.

Deyirəm, qızım, sən yerdə, skamyada otura-otura, göydən nə xəbər bildin?! Deyir yox, alimlər göydə nə var öyrənirlər. Fişəng atıb şəkil çəkirlər. Göyün altını da görüb götürüblər, üstünü də. Vallahı, Ehtiram bayram günlərində burada şeylər danışdı ki, daha nə deyim?!

– Səltənət xanım, Ehtiram oxumuş qızdır, mövhumat, xəyalat danışmır, elm danışır. Bu saat bütün dünya göyə gedib-gələn təyyarəçi igiddən danışır. Eşitməmiş olmazsan: Qaqarin.

– Bəli, radiolardan eşitmişəm. Şəklini də görmüşəm. Ailəsi ilə bir yerdə. Ehtiram gətirmişdi, bütün qonum-qonşu baxıb. Bir boylu-buxunlu, igid oğlandı, sağ olsun!

– Qaqarin saat yarım ərzində yeri də fırlanıb, göyün də iqlimini, havasını öyrənib gəlib. Bütün dünya onun möcüz kimi sifətinə heyrandır!

– Hə, Ehtiram deyir guya göydə dəmir də, daş da yarpaq kimi yüngül olub uçur. Lap mat-məəttəl qalmışam.

– Göydə təəccüblü şeylər çoxdur. Qaqarinin səfərindən sonra təzə kitablar bağlanır, mühazirələr oxunur, şəkillər çəkilir. Səltənət xanım, siz gəlin nəvənizin sözünü qürbətə salmayın, o, boş söz danışmır. Kitab-zad necə, oxuyursunuz, ya yox?

– Gecə kursunu çoxdan qurtarmışam. Başım kolxoz işinə, nəvə-nəticəyə qarışandan sonra daha kitab oxuya bilmirəm. Allah sizinkiləri də saxlasın, uşaqlar oxuyub, danışırlar. Şükür, radiomuz-zadımız var.

– Ehtiram kimi nəvəsi olanın gərək heç nə yadından çıxmasın: nə kitab, nə qəzet!

– Ehtiram çox şeylər danışır, mənim ağlım bir şey kəsmir, qocalmışam.

– Kəsər, kəsər, Ehtiram ağıllı-kamallı qızdır. Sənə bir şey deyəcəyəm, bilmirəm inanarsan, ya yox.

Səltənət təəccüblə üzünüzə baxır və güman edir ki, siz də nəvəsi kimi onunla deyişməyə hazırlaşırsınız. Özünü ciddiləşdirib soruşur:

– Nə deyəcəksiniz?

– Onu deyəcəyəm ki, Ehtiram bizim öz institutumuzda oxuyur.

– Yox canım! Yalan olar, qardaş!

– Yalanı-zadı yoxdur, Ehtiram mənim öz tələbəmdir.

– Düzünü deyin, qardaş. Ona siz dərs verirsiniz?

– Ehtiramı dağlara, briqadalarda elmi təcrübəyə göndərən mən özüm olmuşam. Əgər günah bilirsənsə, onu danlama, məni danla, Səltənət xala!..

Səltənət xala əvvəl dediklərinizə inanmaq istəməsə də, Ehtiramın işini, dərsini, təcrübəsini, vaxtın yeri ilə, yurdu ilə deyəndən sonra inanmağa məcbur olur və yarıfərəh, yarısual deyir:

– Qardaş, deyəsən sizi bura göndərən var axı?

– Var, bəli!

– Deyirəm axı!

Səltənət lap özünü yığışdırır, ev-eşiyə göz gəzdirir, balaca qızı səsləyir, elçi qarşılayan analar kimi təşvişə düşür, ciddiləşir:

– Qız, xörək-zad hazırlayın, qonaqlar acdır. Bəs, a qadan alım, kim göndərib sizi?!

– Bizi də Ehtiramı təcrübəyə göndərən institut göndərib. Göndərib ki, tələbələrin işləri ilə tanış olaq, onlara kömək edək. Səfərimiz Şuşayadır!

– Ehtiramın yanına gedirsiniz.

– Bəli, onun briqadasına baş çəkəcəyik. Sözündən-sovundan?

Səltənət mətbəxə qaçdı.

– Qıza bir balaca ev xörəyindən-zaddan, yazbaşı ağartıdan, həyətdən dərilən göyərtidən, tərəvəzdən...

– Şuşada nə çoxdur belə şeylər...

– Yox, evin əvəzini verməz, qardaş, zəhmətini çəkin! Bir balaca əmanət aparın!

– Gözümüz üstə!

– Yəqin Ehtiramı görəcəksiniz?

– Axşam onun yanındayıq.

– Çox-çox salam-dua. Sizin yanınızda da bilmədim; artıq-əskik danışdım. Qardaş, qıza deməyin, utanar.

– Əksinə, qıza təşəkkür edəcəyəm ki, nə yaxşı dilavər, qonaqpərəst, iş bilən nənən var!

– Yox canım, cavan vaxtımda qonaqpərəstliyim bişirib-düşürməyim var idi. İndi daha canım zəifdir, qardaş, yetirə bilmirəm.

– İgid-igid nəvələr böyüdənin ürəyi dağ kimi olar, necə ki, görürəm.

Bir zəiflik yoxdur.

Səltənət xanım həm iftixar, həm də xəcalət hissi ilə başını tərpədib sanki təsdiq edirdi.

Dağda, kəşfıyyat işində çalışan qıza, Ağsu təsadüfünü danışanda inanmaq istəmədi.

– Nənəm elə şeyləri qonağa danışmaz.

– Necə danışmaz, nənən Nəbinin Həcəri kimi qadındı, qonaqlara macal vermirdi.

– Görünür, sizi tanımayıb.

– Tanımadığı üçün də sərbəst danışdı.

– Eyib olub!

– Eyib-zad deyil, açıq danışmağı bizə ləzzət verdi. Ancaq sən gərək onunla məşğul olasan, köhnə, mövhumi təsəvvürlərini dağıdasan, elmdən, məktəbdən, yeni həyatdan elə danışasan ki, həm maraqlana, həm də inana!..

– Günün tutulmasına hisli şüşə ilə baxdıranda gözləri bərəlir, hey suallar verir.

– Elə olacaq. Bir dəfə maraq oyandımı, əl çəkməyəcək... Şifahi təbliğat bəs nədi, buna deyirlər də!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Çupçik

Ucaboy, ağbəniz, orta yaşlı bir alman səyyahı, əziz müsahibi olan Çupçiki ilə qatarda gedirmiş. Çupçik tüklü, ala, üzüyola, cəld, ayıq bir ov iti idi. Səyyah onu iki il əvvəl Yaponiyadan almış, gəzdirə-gəzdirə Avropaya gətirmişdi. Çupçikin müfəssəl pasportu var idi. 1937-ci ildə Koreyada bir tazıdan doğulmuşdu. Atası məlum deyildi. Küçük ikən anasını itirmiş, bir koreyalı balıqçının qapısında böyümüşdü. Müntəzəm təhsil, ya təlim görməmişdi. Ta kiçiklikdən sümsünməyə başlamışdı. İstedadı sayəsində bəzi faydalı vərdişlər qazanmışdı. Sahibi tor götürüb dənizə gedəndə o da sümsünə-sümsünə yortardı. Bir də görərdin, yaşıllıqdan zingilti səsi gəldi. Çupçik özünü sıx və tikanlı kollara vurardı. İki dəqiqə çəkməzdi ki, ağzında qazalax, sığırçın, ya da ki, gərginçək balası budur gəlir. Dünya müharibəsi başlanandan sonra Çupçikin başını həmişə qalmaqalda görürük. Çətin şəraitdə, şiddətli mübarizə vaxtında belə Çupçik özünü itirmir, möhkəmliyini saxlayır, həyat rejimini pozmurdu. Balıqçının imkanı olsaydı, heç gənc tazını satmazdı. Çupçiki yedirdib-içirdən, təmizləyən, rahatlayan lazım idi. Balıqçı kasıb idi. Tək olduğuna, qocalığına, kəmhövsələliyinə görə buna dözməzdi. Günün birində Çupçiki yanına salıb, bazara gətirdi, həmin bu səyyaha satdı.Doğrudur, səyyahın Nürnberqdə topdağıtmaz ev-eşiyi, ailəsi, gül kimi iki uşağı var idi. Ancaq sənəti elə idi ki, il on iki ay səfərdə olurdu. Ömrü yollarda, paraxod göyərtələrində, yumşaq vaqon kupesində, maşınlarda, "inturist" nömrələrində keçirdi. Odur ki, Çupçik səyyaha ailədən də, övladdan da yaxın idi. Bir saat ondan ayrı durmaz, onsuz gözünə yuxu getməz, ağzına bir tikə çörək qoymazdı. Çupçiki öz yatağında yatırardı. Uzun intizar və üzüntüdən sonra bir ətək qızıl töküb toy etdiyi, yenicə gərdək dalına çəkdiyi gəlin kimi bağrına basıb, şirin-şirin yatar, fani dünyanın fikir-xəyallarından silkinərdi. Səyyahın nəşələnməyə haqqı var idi, çünki Çupçik də bir Çupçik idi...

194210 min
Çəkmə

ISimferopol alınan günün səhəri Himmler Berlində birinci olaraq İsrafil bəyi qəbul etdi:

194216 min
Göylər adamı

Əşrəf bu sənəti sevib getmişdi. O, uşaqlıqdan, qovub tutmaq istədiyi kəpənəklər, yuvasını tapmaq istədiyi sığırçınlar kimi olmaq arzusunda idi. O, istədiyinə çatdı. Üç il oxuduqdan sonra zəmanəsinin qəribə bir sığırçını oldu.Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. İndi Əşrəf də ulduznişan bir təyyarədə uçur, ölkəsinin bu başından-o başına, o başından-bu başına şad xəbərlər aparırdı. Hər uçduğu yerdən yüzlərlə adamın ürək sözlərini aparır, hər bir uçuşu uşaqları, anaları, oğulları, sevgililəri, dostları, yoldaşları sevindirirdi.

194214 min
Odlu mahnılar

Həmin bu şamağacının kölgəsində, dərə sularına baxan yaşıl yamacda əlini çənəsinə qoyub əyləşən Mustafin yaz muştuluğuna gələn sığırçına bənzərdi. Ancaq o, qara geyinməzdi. Müsibətləri nə qədər ağır olsa da, geyinməzdi. Papağına yaşıl budaq sancar, çiçəklər, yarpaqlarla örtünərdi. Dağlarda vuruşan əmilər hərdən atlarını sulamaq, ya sərinləmək üçün aşağı enərdilər. Mustafin cəld yüyürər, sirlər danışan kimi, pıçıldardı:– Dayı, kənddə faşist var. Qaynulinin evində!

19423 min

Poems by other poets