Page 1 of 2

Əşrəf bu sənəti sevib getmişdi. O, uşaqlıqdan, qovub tutmaq istədiyi kəpənəklər, yuvasını tapmaq istədiyi sığırçınlar kimi olmaq arzusunda idi. O, istədiyinə çatdı. Üç il oxuduqdan sonra zəmanəsinin qəribə bir sığırçını oldu.

Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. İndi Əşrəf də ulduznişan bir təyyarədə uçur, ölkəsinin bu başından-o başına, o başından-bu başına şad xəbərlər aparırdı. Hər uçduğu yerdən yüzlərlə adamın ürək sözlərini aparır, hər bir uçuşu uşaqları, anaları, oğulları, sevgililəri, dostları, yoldaşları sevindirirdi.

Ölkədə hava poçtu təzə bir iş idi. Son onillər ərzində bu iş inkişaf edib yayılmış, elin xidmətinə verilmişdi. Adamlar bu gün yazdıqları məktubun minlərlə kilometr uzaq yerə elə bu gün çatıb oxunacağını biləndə, əvvəl heyrət edir, sonra sevinir, daha sonra hava poçtuna tərəf yüyürürdülər. Poçt işçiləri əlvan zərfləri, yüngül və səliqəli bağlamaları gətirib təyyarəyə yığanda, Əşrəfin - o sağlam və iti baxışlı gəncin üzünə baxır, gülümsəyirdilər. Sanki, onlar soruşurdular: "Tezmi çatdıraçaqsınız?" Əşrəf poçt şeylərini təyyarədə yerbəyer etdikdən sonra, öz işinə tamam əmin olan adamlar kimi, arxayın danışardı: "Bu da belə!"

Anası, əlbət ki, Əşrəfin - yeganə oğlunun, sənətindən narazı idi: "Göylərdə nə var, - deyirdi, - bu yekəlikdə yerdə sənə peşə qəhət olmuşdu? Bəyəm, sən quşsan, küləksən, nəsən ki, uçasan? Təyyarəyə necə inanırsan? Maşındı, motordu, Allah eləməmiş, göyün bir qatında durdu dedi: - İşləmirəm. Əlin hara çatacaq, ayağın hara çatacaq? Atamın evini yıxma, qəşəng bir peşə tap. Bunu sənin başına kim salıb?"

Əşrəf anasının xatirini çox istərdi. Sözündən çıxmazdı. Anasının ondan inciməsinə heç vaxt razı olmazdı. Təyyarəçilik məktəbinə gələndə bilirdi ki, anası razı olmayacaq. Bir istədi ki, belə bir məktəbdə oxuduğunu gizlətsin. Fikirləşdi ki, bu mümkün olmayacaq. Bir istədi ki, əl çəksin, başqa sənət seçsin. Hətta, rəssamlıq məktəbinə gedən yoldaşları ilə bu barədə söhbət də elədi. Onlar da Əşrəfi öz yanlarına çəkmək istədilər. Məktəbin həyətində onun dilindən ərizə yazıb katibə verdilər. Başqa vəsiqələr olmadığından, katib qəbul etmədi. Əşrəf də vəsiqə gətirmədi. "Yox, - dedi, - rəssamlığa girsəm də, başa verməyəcəyəm. Gəlin siz məni zorən təbib eləməyin!"

Əşrəf çox ölçdü, biçdi, təyyarəçi olmaq arzusundan əl çəkə bilməyəcəyini qət edəndən sonra anasını "bişirmək" xəyalına düşdü. Çkalovun həyatından ona söhbət elədi. Təyyarəçilərin nail olduğu hörmət və şərəfi onun nəzərinə yetirdi, günün birində onu təyyarəyə əyləşdirib, şəhərin üfüqlərində bir dəfə gəzdirmək tədbiri də gördü.

Anası yola gəlmədi:

– Yox, bala, - dedi, - nə eləyirsən, elə, ayağını yerdən üzmə! Xatalı peşələr bizə qalmayıb ha? Gəzməyə həvəsin var, get, odur, dəmir yolunda işlə, matros ol, şoferliyə yazıl!

Əşrəf anası ilə mübahisə etməyə məcbur oldu:

– Necə insaf edib bu sənəti şoferliyə, konduktora tay tutursan, ana? Mənəm deyən maşinist saatda 50-60 kilometr sürür. 50-60 kilometr təyyarənin qabağında bir addım məqamındadır. Araba ilə avtomobil birdirsə, avtomobil ilə də təyyarə birdir.

– Gəmidə işlə!

Əşrəf dedi:

– Ana, göyə çıxmağa qoymursan ki, xatalıdır. Dəmiryol xatalı deyilmi? Dəniz xatalı deyilmi?

Ana bir az duruxdu. Sonra etirazında davam etdi:

– Yox, yerin nə xatası!

– Qorxağın gəmiçidən sorğusunu eşitmisənmi?

– Nə sorğu?

– Bir qorxaq gəmiçidən soruşub ki: "Atan harada ölüb?" Gəmiçi deyib: "Dənizdə!", "Baban harada ölüb?" "O da dənizdə boğulub, ölüb". Qorxaq deyib: "Bəs qorxmursan, yenə gəmiçilikdən əl çəkmirsən?"

Bu misal ananın xoşuna gəldi. Xüsusilə gəmiçiyə verilən suallar lap onun ürəyindən idi:

– Qorxaq niyə olsun daha? Kişi haqqını soruşub, yerində soruşub!..

Əşrəf anasının sözünü kəsdi:

– Gör gəmiçi nə cavab verir.

– Versin, görək nə cavab verir.

– Gəmiçi də hərif imiş, qorxaqdan soruşur. "Atan harada öldü?" "Lap evində, yorğan-döşəkdə!" "Baban harada öldü?" "O da yorğandöşəkdə!", "Bəs qorxmursan ki, hər gecə o yorğan-döşəyə girirsən?"

Əşrəf sözünü qurtarıb anasının üzünə baxdı. Anası məsələnin mənasını yaxşı başa düşmüşdü. Əşrəfin niyyətini də anlayırdı. Ancaq inadından dönmək istəmirdi:

– Sənə, - dedi, - dil yetirmək çətindir.

Əşrəf təyyarəçilik məktəbində oxuyan yoldaşlarından ikisini yanına salıb evlərinə gətirdi. Onların biri Bəhlul kişinin oğlu Fərman, bir də qarabağlı Nüsrət idi. Fərman Əşrəf ilə bir küçəli idi. Yaşlarında da bir il təfavüt vardı. Fərman kiçik idi. Əşrəfin anası Balaxanımın oğlu Fərmanı tanımadı. Dünənə qədər bir tikə uşaq saydığı, küçələrdə aşıq atan gördüyü Fərmanı belə yaraşıqlı paltarda görəndə, özü də həvəsə gəldi:

– Maşallah olsun, - dedi, - bala, nə böyümüsən! Tanımaq olmur. Mən dedim, bəs hansı kişidir. Yaşınmaq istədim.

Fərman da zarafatcıl oğlan idi.

– Əlbət ki, - dedi, - xala, sizlər bizi kişi saymazsınız. Kişinin başında buxara papaq gərək!

– Papaqda nə iş var? O, köhnə sözdür. Baş, baş olsun! Allah saxlasın, bu fərasət keçmişlərdə haradan idi?

Fərman yavaş-yavaş mətləb üstə keçdi:

– Ana, - dedi, - səni təbrik etməyə gəlmişəm.

Ananın gözü işıqlandı:

– Nə barədə məni təbrik edirsən?

– O barədə ki, Əşrəfi də bizim məktəbə götürdülər.

– Sizin məktəb hansıdır?

– Təyyarəçilik.

Fərman bunu dedi, əvvəl ananın üzünə, sonra da Əşrəfə baxdı. Əşrəf də ananın üzünə baxdı. Ana başını aşağı salmışdı. Gənclərin sözləşdiyini hiss etmişdi, nə isə, o da başını qaldırıb Fərmanın üzünə baxdı:

– Əşrəf özbaşına iş tutursa, daha mən nə deyim...

– Əşrəf özbaşına iş tutan oğul deyil.

– Mən ona deməmişəmmi, ayrı sənətə getsin?

– Bu sən, bu Əşrəf! Sən desən ki, təyyarəçilik məktəbinə getmə, o getməyəcək. Ancaq heç kəs inanmır ki, belə bir oğulun anası elə söz demiş olsun.

Ana nə isə demək istəyirdi. Fərman əli ilə işarə edib üzr istədi:

– Bağışla, - dedi, - Mehri xala! Bizim məktəbə gələn yüz ərizədən bəlkə, beşi qəbul ola, ya olmaya. Bu saat lap o dağ kəndlərindən tutmuş şəhər uşaqlarına qədər hamı təyyarəçilik məktəbinə gəlməyə can atır. Amma götürən kimdir? Buraya yüz yoxlamadan keçəni götürürlər. Buranın şəraiti başqadır, adı-sanı başqadır. Bura birbaş Moskvaya baxır. Adamlar var ki, yarım arşın dil çıxarıb yalvarırlar. Mən sizin bu barədə fikrinizi eşidəndə, təəccüb elədim. Yəni, təəccübə yer yoxdur. Mənim anam da əvvəl xoflanırdı. Sonra başa düşdü ki, sənət sənətdir, göyə, yerə dəxli yoxdur. İntəhası göy sənəti bir az da adamın başını uca eləyir.

Ana dedi:

– Bir parça uşaqdır, o nə bilir təyyarə sürməyi? Özünə baxma, sən diribaşsan.

– Əşrəf beş mənim kimisini bulağa susuz aparar, susuz gətirər. Bir də yetirən kimi təyyarəyə mindirmirlər ha, hələ iki il müfəssəl öyrədəcəklər. Tamam-kamal usta olmamış kimdir ona təyyarə verən, kimdir onu sürücü qoyan! Bəyəm hasand məsələdir? Təyyarəçilərin haqq-he sabını birbaş Moskvaya aparırlar. Voroşilov yoldaş özü soruşur. Bir də sən, şükür Allaha, müsəlman adamsan. Ölüm-əcəl ki var, adamı dəyirmanda da girlər, tapar! Əcəl yetişməyəndən sonra lap göyün yeddi qatından düşən oğlanlar var, heç burunları da qanamayıb.

Ana heyrətindən başını qaldırıb düz Fərmanın gözünün içinə baxdı:

– Elə şey olmaz!

– Sənə söz deyirəm, lap belə, buluddan düşən adamlar var. Özü də bir dəfə yox, iki dəfə yox!

Qadın heyrətini boğa bilmədi:

– Ədə, nə danışırsan, bəyəm bu can deyil, daşdı, dəmirdi, nədi, göydən düşə parçalanmaya?!

Cavanlar gülüşdülər. Ana ciddiyyətini pozmadı:

– Siz, yəni, adamı o qədər avam yerində qoyursunuz?

Fərman cavab verdi:

– Avam yox, sənətə bələd deyilsən. Elə bilirsən göydən düşən oğlan bizim kimi, bu paltar ilə düşür?

– Bəs necə?

– Onun quş qanadı kimi paltarı var. Paraşütlə düşür.

– Paraşüt nədir?

– Çətir kimi şey var ha, görmüş olarsan, bulvarda da adamlar ondan tutub hoppanırlar.

– Təyyarə qırılanda o çətiri haradan tapacaqsan?

– Hər bir təyyarəçinin əynində paraşütə nə gəlib, onsuz qoyarlarmı göyə uçsun?

– Hər dəfə paraşüt geyir?

– Hər dəfə təyyarəçinin yanında paraşüt olur. İşdi, gördü ki, təyyarə yaman günə düşür, o saat paraşütlə hoppanır, sağ-salamat gəlib yerdə toxtayır. Bəs necə? Mehri xala, sən elə bilirsən ki, göyə çıxanların hayına, qeydinə qalan yoxdur? Sənə söz verirəm ki, yer sənətlərində göydəkindən çox adam ölür...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets