Ər və arvad
Page 1 of 2
Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün komandir məni çağırdı:
– Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan!
Apardıqlarımın əsir olduğunu biləndə sevindim. Nədənsə mən, bunları, Hitler ağlına uyub gələn bu sarı qulları görmək istəyirdim. Alman dilini bilməsəm də, onlarla maraqlanırdım. Güman edirdim ki, onları anlamaq üçün dindirmək o qədər də lazım deyil. Sifətlərindən çox şey oxumaq olar.
Birinci səfərdən sonra daha bir də mən öz batalyonumuza qayıtmadım. Sənətim cəbhədən arxaya, düşərgəyə əsir daşımaq oldu. Almanların sifətində axtardığımı da oxudum. Onlar göygöz, uzun və iri çənəli, müstəqim və yekə burunlu, qaşqabaqlı, yerəbaxan adamlardır. Gözlərindən əlamət yağır, deyirsən bu, əlində bıçaq, kəsməyə getdiyi ətliyi əlindən qaçırmış və bir də tutacağından ümidini kəsmiş bir qəssabdır.
Vaxtı ilə maraqlandığım əsirlər, indi mənə eyni ölçü və qəlibdən çıxmış, fris adlanan kibrit qutuları kimi bir-birinə oxşar, adi, quru görünürlər. Mən onların yalnız sayını yadımda saxlayıram.
Ancaq birini və onunla əlaqədar bir mənzərəni unutmamışam, unutmayacağam.
Mən bütün müharibə boyu heç vaxt bu qədər işləməmişdim. Biz hər vasitədən, hər dəqiqədən istifadə edib əsirləri lazımi yerlərə gətirdik. Əsir de ki, qurtarmırdı. Göydən yağan qarın sayı vardı, ön cəbhədən bizə tərəf ötürülən əsirlərin sayı yox idi. İndi mən düşmən ölüsünü əsirdən faydalı sayırdım. "Heç olmasa, - deyirdim, - bu lənətə gəlmiş oğlu bizə başağrısı vermir".
Şiddətli yanvar şaxtası kəsib tökürdü. Elə bürünmüşdük ki, ancaq gözlərimiz işıldayırdı. Tonyarımlıq maşında 11 nəfər əsir gətirirdik. Yol qarovulu, deyəsən təkər səsindən bizi tanımışdı. Maşını dayandırdı. Yeni və topal bir alman soldatını maşına çıxartdı, getməyimizə icazə verdi. Topal özünü maşının küncünə yıxdı. Mən dil bilməsəm də, dərhal soruşardım ki: "Ay həpənd, bir qıçla Berlindən bura gəlmisən, bəlkə sənin iki qıçın olaydı, onda neylərdin?" Adətən əsir düşənlər yemək istəyir, soyuqdan şikayətlənir, yalvarırlar. Topalda bunu görmədim. O, yalın olsa da, aylardan bəri qırxılmamış üzündə və sıx saqqalında buz bağlansa da, əzab çəkdiyini hiss etdirmirdi. Güman edirdim ki, bu, möhkəmlikdən, ya məğrurluqdandır. Sonra bildim ki, bunların heç biri deyil, topalın işlərində ayrı sirr var.
Topal kürəklərini maşının divarına söykəmiş, bir qıçı ilə çömbəltmə oturmuş, ayıq və iri gözlərini mənim üzümə dikmişdi. Belə baxışları biz tez seçirik və gözdən qoymuruq. Ürəyimə gəldi ki: "Bəlkə bu hərif məni xamlamaq, qaranlıqda cumub, əlimdən silahı qapmaq istəyir. Bəlkə o özünü maşından yerə atmaq niyyətindədir".
Bunlar inanmalı zənlər deyil. Tək tutulmuş topal bir soldat nəyə ümid edib silaha tamah sala bilər? Özünü maşından atması isə ölümü satın almaqdır. Əksinə, bəlkə də onun belə ayıq-sayıq dayanması sevincdəndir. Komandirinin əlindən qurtarıb, qurbağa ilan əlindən qurtaran kimi, görəsən haçan qollarını qaldırıb, özünü bizim səngərə atıb.
Olmadı, uzun və şaxtalı yolda topal məni rahat buraxmadı. Hətta ona müraciət edib acdığını, papirosdan korluq çəkib-çəkmədiyini soruşdum. Başı ilə rədd etdi.
Maşınımız artıq gurultu və atışına səslərindən uzaqda, demək olar ki, dərin arxada idi. Gecənin və qışın lap oğlan vaxtı idi. Qarı xışıldadaraq, ötən maşını və arabir öskürək səslərini nəzərə almasaq, kainat donmuş buz parçasına bənzəyirdi. Qəhrəmanlarımıza arxalanaraq, səssiz yatan sovet kəndləri sanki yenicə azad olduqları faşizm zülmünün acılarını unutmaq üçün dincəlirdilər. Bu ağaclıq həyətlər içində, kirəmitli evlərdə yaşayanları xəyalıma gətirib, ürəyimdə deyirdim: "Dincəlin, dincəlin, analar, atalar, balalar! Üstümüzə gələn yağıları tutmuşuq, budur, mənim qarşımda yazıq-yazıq dayanıblar. Sovet qanunu icazə versəydi, bu gecə, elə lap bu saat mən hamımızın acığını, keçirdiyiniz təhlükəli günlərin, yuxusuz gecələrin, yanan xanimanların, qarətlərin heyifini, öldürülən ata və oğulların hamısının qanını alardım..." Onlar - cəbhəyə xidmət üçün bütün günü zəhmət çəkib tər tökən sovet kəndliləri mənim bu xitabımı eşitməsələr də, arxayındırlar. Onlar öz talelərini Kommunist partiyasına, Stalinə, Qızıl Orduya tapşırandan bəri fədakar çalışmağa, arxayın və qayğısız dincəlməyə adət etmişdilər. Ehtimal ki, onlar bu saat mənim əsir aparan maşınımın səsini eşidir, ürəklərinə ancaq bu gəlir: "Əsgərlərimizdir, nə lazımsa edirlər".
Topal rahatlanmırdı. Ayağını qabağına qoyub, qurdalanırdı. Ondan sorğu-sual edir, ona yalvarır, ya canını aradan çıxardığı üçün təşəkkürmü edirdi? Bəlkə don vurmağından qorxurdu, şaxta kəsik yerə daha bərk təsir edir. Bu adam kəsik qıçının yerini tutmalı, sızıldamalı idi. Soyuqdan qorunanlar şinellə ayaqlarını örtür, saman içinə soxulurdular. Topal isə ayağını qabağına qoyub nə isə qurdalanırdı. Mən əyilib işarə ilə ondan soruşdum: "Nə olub ayağına? Bəlkə döyənəyin-zadın var? Tısbağa başını qınına çəkən kimi topal dərhal qıçını altına çəkib gizlətdi. Elə mahir oturdu ki, kənardan baxan deyər: "Yazığın iki qıçı da kəsilib". Bəlkə qorxudan elədi? Mən onunla artıq məşğul olduğumu qəbahət bilib, özümü danladım: "Şikəst adamdır, - dedim, - nə işin var!" -Üzümü o biri yana çevirdim, topalı öz öhdəsinə buraxan kimi dayandım. Yarım saat çəkmədi ki, yenə topalın qurcuxduğunu sezdim. Silaha söykənib altdan fikir verirdim. Bu dəfə topalın qıçı qabağa çıxmamışdı. Sağ əli dala getmişdi, nə isə qurdalanır, saman xışıltısı içində hərdən ayaqqabısının altından üzülən mıxların səsi təkrar olunduqca, hərif ara verib, mənə və ətrafındakılarına baxmırdı. Artıq topalın nə ilə məşğul olduğu mənə məlum idi. İşarə ilə qarovul yoldaşımı çağırdım. Hərə bir yandan tutub, topalın qollarını sarıdıq, sonra çəkməni çıxardıb yoxladıq. Padoş altından bir büküm kağız çıxarıb, fənər işığında baxdıq. Alman hərfləri ilə yazılmışdı. Yoldaşım almanca bilsə də, heç bir şey demədi. Yəni axıra qədər oxumağa macal da olmadı. Kağız içindən bir cüt mirvari qaşlı qızıl sırğa çıxdı. Yoldaşım kağızı büküb, hamısını mənə tapşırdı: "Bunu, - dedi, - uzağa aparmaq lazım deyil, səhra xəstəxanasına təhvil verərsən..."
Deyəsən, topal müalicə olunası idi. Ürəyimdə dedim: "Bu əsir bizə ucuz başa gəlməyəcək, qorx ki, həkimlərdən qıç iddia eləyə!" Səhər açılhaaçılda G. şəhərindən on iki kilometr aralı, səhra xəstəxanasına getmək üçün biz topalla düşməli olduq. Topalı qabağıma qatıb, aparıram. Əlbəttə ki, padoşun arasından yalnız kağızlar çıxsaydı, bu adamın böyük xəfiyyə, ya kəşfiyyat işləri ilə məşğul olduğunu zənn edərdim. Sırğaları görən kimi hərifin "fəziləti" məlum oldu. Gündə tutduğumuz qarətkərin biri də budur. Sırğaları da ya qızına, ya arvadına, kim bilsin, bəlkə də, bir qıçı ilə təşrif aparacağı Berlin fahişəxanalarında ilk rast gəldiyi mütrübə verəcək idi. Bu gümandan, ya hansı bir duyğudansa darıxırdım. Sənətim mənə qəribə gəldi. Tez qayıtmaq arzusu ilə yeyinlədim, topalı da tərpətdim. O, qoltuq ağacı ilə iri addımlar atır, nə buzdan, nə qardan qorxurdu. Sanki mənim süngümdən qurtulmaq üçün bacardıqca yeyin, bacardıqca aralı gedirdi:
– Urus!
Mən bu səsi eşidəndə döyükdüm. Çağıran kimdir, haradan, kimi çağırır! Cığır kimi dar yolda heç kəs yox idi.
– Urus, səndən xahiş edirəm!
Daha da təəccübləndim. Topal rusca bilirmiş!
Mən ona geri dönməyə və dayanmağa icazə vermədim. Topal yerişinin sürətini və ahəngini dayandırmadan xahişini mənə söyləyirdi. Üç addım aralı arxada getsəm də, topalın sözlərini yaxşı eşidirdim. Bu anda kənardan baxan deyərdi: "Topal arxadakına yox, yanınca gedən görünməz bir adama xitab edir".
– Rus, səndən xahiş edirəm ki, məni özün öldür!
– Faşist, buna mən boyun oluram, ştabda işinə baxarlar. O dünyalıq olsan, xahişinə əməl olunar!
– Sırğalar sənin halalın, gəl sən məni öldür.
Əvvəl gülməyim gəldi, sonra da hirsim tutdu:
– Belə danışsan, - dedim, - avtomatla cavab alacaqsan! Meyitini cığırda qoyacağam!
Mən çaxmağı tərpədəndə topal diksindi, geri baxıb yalvardı:
– Əl saxla, qələt elədim!
Mən topalı daha da yeyin getməyə, susmağa məcbur etdim.
Xəstəxanaya çatanacan o, nə bir kəlmə danışdı, nə öskürdü, nə də asqırdı.
Əsiri həyətdə, darvaza ağzında saxlamışdım. Təhvil gözləyirdim. Başı sarıqlı bir qadının "Vaqner" deyə qışqırıb, həyətə atıldığını gördüm. Topal bu səsdən diksindi. Almanca nə isə tələsik bəzi sözlər dedi və qadını özündən kənar etməyə çalışdı. Nəzarətçi qadını tutub, içəri apardı. Mən də topalı kənara çağırıb saxladım. Beş dəqiqə çəkmədi ki, xəstəxana rəisi çıxdı. Mən əsiri də, onun ayaqqabısının altından çıxan şeyləri də təhvil verdim. Bildiklərimi danışdım, qayıtmağa icazə istədim. Rəis mane oldu:
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-er-ve-arvad
Use ← → keys to move, R for a random poem
More by this author
Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?
Mərcan nənəMərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı:
AnaMənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.Lakin onu unuda bilmirəm.
Arxa əsgəri41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.